Məhkəmə qərarları › İş №e-2-2(115)-1361/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1361/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1361/2024 17.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2799,78 ABŞ dolları - bundan 534,07 ABŞ dolları əsas, 212,18 ABŞ dolları faiz, 1982,97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 70,56 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 67,60 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 aralarında bağlanmış 317/34-RB saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə yeni tövlənin tikintisi məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-317/34-RB saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 317/34-RBS saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5493,17 (beş min dörd yüz doxsan üç ABŞ dolları 17 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 27 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5842,12 (beş min səkkiz yüz qırx iki ABŞ dolları 12 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3900,71 (üç min doqquz yüz ABŞ dolları 71 sent) ABŞ dolları əsas borc, 1.477,1 (bir min dörd yüz yetmiş yeddi ABŞ dolları 1 sent) ABŞ dolları faiz borcu və 464,31 (dörd yüz altmış dörd ABŞ dolları 31 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********345 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, kredaqrodan onun hesabına təxminən 900 manat məbləğində pul vəsaiti geri qayıtmışdır. Daha sonra ona zəng edərək bildirmişlər ki, həmin pul avtomatik olaraq İddiaçı ASC-nin hesabına köçüb və o artıq o pulu götürə bilməz. Qalan 907 manat məbləğində borcu isə bir dəfəyə ödəyə bilməyəcək, ancaq hissə-hissə ödəniş edə bilər. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, kredit müqaviləsi üzrə Əlavə Sazişlər, zaminlik müqaviləsi, zaminlik müqaviləsi üzrə Əlavə Sazişlər, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 317/34-RB saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas vəsaitinin artırılması məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 24 (iyirmi dörd) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 317/34-RBS saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5493,17 (beş min dörd yüz doxsan üç ABŞ dolları 17 sent) ABŞ dolları təşkil etmiş və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 27 iyul 2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5842,12 (beş min səkkiz yüz qırx iki ABŞ dolları 12 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh1 izahatında 27 iyul 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişin onun tərəfindən imzalanmadığını bildirmişdir. Bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-xəttşünaslıq ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 4/1461 saylı rəyində göstərilmişdir ki, 27 iyul 2017-ci il tarixində bağlanılmış xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 02 nömrəli Əlavə Sazişdə “borcalan” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş 13 may 2024-cü il tarixli maliyyə arayışında 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixinə cəmi borcu 2799,78 ABŞ dolları - bundan 534,07 ABŞ dolları əsas, 212,18 ABŞ dolları faiz, 1982,97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 70,56 ABŞ dolları faiz borcunun olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla Cavabdeh1 və Cavabdeh2 oğlunun 534,07 ABŞ dolları əsas, 212,18 ABŞ dolları faiz borcunun olduğu təsdiq edilir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 70,56 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 70,56 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin 1982,97 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 10 ABŞ dolları həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh öz ərizəsində müqavilənin müddətinin 2017-ci ildə başa çatdığını və iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməklə məhkəməyə müraciət olunduğunu bildirmişdir. Eyni zamanda xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 27 iyul 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişin onun tərəfindən imzalanmadığını bildirmişdir. Bununla bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli 4/1461 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 27 iyul 2017-ci il tarixində bağlanılmış xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 02 nömrəli Əlavə Sazişdə “borcalan” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 27 iyul 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdə borcalan qrafasında olan imza Cavabdeh1 tərəfindən icra edildiyindən, həmin Sazişə görə kreditin başa çatma müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunduğundan iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış Əlavə Sazişin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuş və 3 illik müddət xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən həmin müddəti ötürməmişdir. Məhkəmə iddia tələbi üzrə borcun digər cavabdehdən, yəni zamindən də tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. 10 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 27 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək təyin edilmişdir. Göründüyü kimi, tərəflər arasında əsas borc üzrə öhdəliyin bitmə tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti bitdiyindən və bu müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, xx.xx.2014-cu il tarixli müqavilədə zaminliyə münasibətdə müddət göstərilməsə belə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqavilələrində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsindən ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddia tələbi irəli sürmüşdür ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də iddia tələbi borcun Cavabdeh2 müştərək qaydada tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 34,06 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, 33,54 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-xəttşünaslıq ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 4/1461 saylı rəyində göstərilmişdir ki, 27 iyul 2017-ci il tarixində bağlanılmış xx.xx.2014-cü il tarixli 317/34-RB saylı Kredit müqaviləsinə 02 nömrəli Əlavə Sazişdə “borcalan” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 110 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, 110 manat ekspertiza xərci Cavabdeh1 tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenumun Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 250,94 ABŞ dolları əsas, 72,77 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,80 ABŞ dolları faiz borcu olmaqla, cəmi 365,51 dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, ödənilmiş 36,44 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 534,07 ABŞ dolları əsas, 212,18 ABŞ dolları faiz,10 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 70,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 826,81 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində pul və 34,06 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 33,54 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 110 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar