Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1366/2024 21.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədov Arif İsmayıl oğluna qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1374,67 ABŞ dolları əsas borc, 658,97 ABŞ dolları faiz borcu, 1522,94 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 191,52 ABŞ dolları faiz borcu və ödənilmiş 83,72 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixli 410006148/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 6259,3 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 27 iyul 2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.912,68 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5522,26 ABŞ dolları əsas borc, 626,84 ABŞ dolları faiz borcu və 763,58 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********420 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədov Arif İsmayıl oğluna 15 iyul 2024-cü il tarixli e-2-2(115)-1366/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehlər tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, ona dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə illik faiz dərəcəsi 28% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 18 fevral 2015-ci il tarixli 410006148/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Məmmədov Arif İsmayıl oğlu borclunun öhdəliklərini yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli 02 saylı kredit müqaviləsi üzrə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6259,30 ABŞ dolları təşkil etmiş və sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci ilədək uzadılmışdır. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli zaminlik müqaviləsi üzrə 02 saylı əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6259,30 ABŞ dolları təşkil etmiş və sazişə əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2018-ci ilədək uzadılmışdır. İş materiallarında olan 27 iyul 2017-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin (bundan sonra restrukturizasiya edilmiş kredit) qalıq məbləği 6912,68 ABŞ dolları təşkil etmiş və sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci ilədək uzadılmışdır. İş materiallarında olan 27 iyul 2017-ci il tarixli 02 saylı zaminlik müqaviləsi üzrə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin (bundan sonra restrukturizasiya edilmiş kredit) qalıq məbləği 6912,68 ABŞ dolları təşkil etmiş və sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci ilədək uzadılmışdır. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 2336,95 manat məbləğində əsas kredit borcunun olması qeyd olunmuşdur. İş materiallarında olan bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 1374,67 ABŞ dolları əsas bоrcu, 658,97 ABŞ dolları faiz bоrcu, 1522,94 ABŞ dolları cərimə borcu və 191,52 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 3748,10 ABŞ dolları məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18 fevral 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə illik faiz dərəcəsi 28% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həmçinin problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışda da Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 2336,95 manat məbləğində kredit borcunun olması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya 2336,95 manat kredit borcu vardır. İddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarını araşdıran zaman müəyyən edildi ki, Cavabdeh1 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun 2336,95 manat olması göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin 2336,95 manat əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Məmmədov Arif İsmayıl oğlunun mülki məsuliyyətlərini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti 24 ay, yəni xx.xx.2017-ci il tarixə kimi müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişlə restrukturizasiya edilmiş kreditinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh2 və Məmmədov Arif İsmayıl oğlundan kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, kredit müqaviləsi üzrə yaranmış 2336,95 manat kredit borcu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 83,72 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 43,37 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 2336 (iki min üç yüz otuz altı) manat 95 (doxsan beş) qəpik borc və 43 (qırx üç) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1366/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1366/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver