Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1385/2025 30.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X8 Mərkəzinin Cavabdeh qarşı tikilinin sökülməsi və müqavilənin ləğv edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X8 Mərkəzi Cavabdeh qarşı tikilinin sökülməsi və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan X2 Hacıkənd meşəbəyliyinin 13 a kvartalında özbaşına tikdiyi 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində 6 ədəd söhbətgahın, 2.0x2.5m ölçüdə daşına bilən 3 ədəd səyyar söhbətgahın, 14.0x3.0 ölçüdə arxası tam, yanları isə 1 metrəyə qədər mişar daşından hörülmüş mətbəxin və manqalxananın sökülməsi, ərazinin boşaldılması və xx.xx.2016-cı il tarixli 59 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 saylı X8 Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində Dövlət Meşə fondu torpaqlarından istifadə vəziyyəti araşdırlarkən, ünvan 2 ünvanda yaşayan X5 ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 13a kvartalında istirahət-rekreasiya məqsədi ilə xx.xx.2016-cı il tarixli 59 qeydiyyat nömrəli 0.15 ha sahədə 1 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində 6 ədəd söhbətgah, 2.0x2.5m ölçüdə daşına bilən 3 ədəd səyyar söhbətgah, 14.0x3.0 ölçüdə arxası tam, yanları isə 1 metrəyə qədər mişar daşından hörülmüş mətbəx və manqalxana, 4.0x4.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd yemək otağı, 2.3x2.8m ölçüdə mişar daşından inşa edilmiş sanitariya qovşağı, 10.0x3.0 ölçüdə mişar daşından hörülmüş və taxta ilə üzlənmiş yemək otağı mövcuddur. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə 15..01.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi barədə vətəndaşın ünvanına xx.xx.2025-ci il tarixli 3-14-27-11/2-078/2025 nömrəli məktubun göndərilmiş, lakin bu günədək məktubda göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yaşayan X2 Hacıkənd meşəbəyliyinin 13a kvartalında özbaşına tikdiyi, 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində 6 ədəd söhbətgahın, 2.0x2.5m ölçüdə daşına bilən 3 ədəd səyyar söhbətgahın, 14.0x3.0 ölçüdə arxası tam, yanları isə 1 metrəyə qədər mişar daşından hörülmüş mətbəxin və manqalxananı cavadehin hesabına sökülməsi, cavabdehin hesabına ərazinin boşaldılması və xx.xx.2016-cı il tarixli 59 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının digər nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, müqavilə X12 və Bərpası Müəssisəsinin direktor əvəzi Vəliyev Aslan bağlayıb, ancaq sonra idarənin adı dəyişdirildiyindən iddia 10 saylı X8 Mərkəzi tərəfindən verilmişdir. Müqavilə 28 iyun 2016cı il tarixdə bağlanmışdır və müqavilə müddəti 2017-ci ildə bitmişdir. Manqalxana və mətbəx əsaslı tikililərdir, digər tikililər isə yüngül konstruksiyalıdır. Torpaq üçün ildə 120 manat xərc nəzərdə tutulmuşdur. İddia tələbindəki bütün tikililər 13 a kvartalında yerləşir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bidirdi ki, cavabdeh X2 əridir. Arvadı səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. 28 iyun 2016-cı il tarixdə arvadı Cavabdeh ilə iddiaçı arasında istifadə müqaviləsi bağlanmışdır. Onlara Hacıkənd meşəbəyliyinin 13 a kvartalının 17-ci bölməsindən 0,25 hektar torpaq sahəsi ayrılmışdır. Cəfərova Zülfiyyənin özü torpaq sahəsindən istifadə edir. İddia ərizəsində qeyd olunan bütün tikililəri onlar tikmişdir. Əgər tikili qanunsuz idisə, niyə tikilən vaxt heç kim ona maneə olmamışdır. Tikililərə çox xərc çəkiblər. Hətta dəfələrlə müraciət etmişdir ki, yeni müqavilə bağlansın. İldə bir dəfə Meşə idarəsində iclas olurdu və iclasda iştirak edən sahibkarların hamsı müqavilə bağlanmasını tələb edirdilər, lakin müqavilə bağlanmırdı. Müqavilənin müddəti bitəndən sonra da onlar ildə 120 manat ödəyiblər, borcları yoxdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X12 və Bərpası Müəssisəsi (hazırda 10 saylı X8 Mərkəzi) ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 59 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi X3 X12 və X4 meşəbəyliyinin 13 a kvartalının 17 bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 1 il müddətinə 0.15 ha sahə ayrılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 0.15 ha sahə üçün 120 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur. İş materallarında olan 10 saylı X8 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 32 nömrəli aktdan görünür ki, 10 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin Hacıkənd meşəbəylilyinin 13a kvartalında X3 icarəyə verilmiş 0.15 ha meşə fondu torpağında aparılan araşdırma zamanı, ərazidə 3.0x4 0m ölçüdə dəmir dirəklər üzərində 6 ədəd söhbətgah, 2.0x2.5m ölçüdə daşına bilən 3 ədəd səyyar söhbətgah 14.0x3.0 ölçüdə arxası tam, yanları isə 1 metrəyə qədər mişar daşından hörülmüş mətbəx və manqalxana 4.0x4.0 m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd yemək otağı 2.3x2.8m ölçüdə mişar daşından inşa edilmiş sanitariya qovşağı, 10.0x3.0 ölçüdə mişar daşından hörülmüş və taxta ilə üzlənmiş yemək otağı olduğu müəyyən edilmişdir. İstifadə olunan ərazi hal-hazırda 0.25 ha-dır. Baxış zamanı rekreasiya obyekti mövsümlə əlaqədar fəaliyyət göstərmirdi. Yanğın əleyhinə şiti yoxdur. Ərazi təmiz saxlanır, məişət tullantıları gündəlik xüsusi qutulara yığılaraq ərazidən daşınır. Çirkab sularının axıdılması üçün ərazidə şambo quyusu qazılmışdır. Sözügedən ərazidə heç bir ekoloji pozuntuya, qırıntı, ağac kəsmə və digər meşə pozuntusu hallarında rast gəlinməmişdir. Meşə təsərrüfatının təşkili və inkişafı layihəsinə əsasən həmin ərazidə heç bir təsərrüfat işlərinin aparılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (bundan sonra Meşə Məcəlləsinin) 14cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Meşə Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə Məcəlləsinin 20-ci maddəsinin 1-ci bəndinə əsasən meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsinin) 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından görünür ki, X12 və Bərpası Müəssisəsi ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə 1 il müddətinə bağlanmış, 2017-ci ildə müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, o cümlədən torpaq sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır. Qanunvericliyin tələbindən də göründüyü kimi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmçinin qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X2 Hacıkənd meşəbəyliyinin 13 a kvartalında tikdiyi 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində 6 ədəd söhbətgah, 2.0x2.5m ölçüdə daşına bilən 3 ədəd səyyar söhbətgah, 14.0x3.0 ölçüdə arxası tam yanları isə 1 metrəyə qədər mişar daşından hörülmüş mətbəx və manqalxana cavabdeh X2 hesabına sökülərək, ərazi boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli müqavilə 1 il müddətinə bağlandığından və hazırda müqavilə qüvvədə olmadığından, qüvvədən düşmüş müqavilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 Hacıkənd meşəbəyliyinin 13 a kvartalında tikdiyi 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində 6 ədəd söhbətgah, 2.0x2.5m ölçüdə daşına bilən 3 ədəd səyyar söhbətgah, 14.0x3.0 ölçüdə arxası tam yanları isə 1 metrəyə qədər mişar daşından hörülmüş mətbəx və manqalxana cavabdeh X2 hesabına sökülərək, ərazi boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1385/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1385/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver