Məhkəmə qərarları › İş №e-2-2(115)-1386/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1386/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1386/2025 01.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə borcun alınması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli KM-İM-32/24 saylı icarə müqaviləsinə əsasən 939,35 manat borc, gecikdirilmiş icarə haqqı üçün 100 manat cərimə olmaqla, cəmi 1039,35 manat məbləğində icarə haqqı borcunun, habelə 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanan KM-İM-32/24 saylı icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən soyuducu anbarın 20 kvadrat metr sahəsini (vergi kodu 31001, anbar nömrəsi 15/2) icarəçınin müqavilə ilə müəyyən edilmiş miqdarda mallarının yerləşdirilməsi məqsədi ilə icarəçıyə icarəyə verməyi, icarəçı isə həmin sahəni icarəyə qəbul edərək bu müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqı məbləğini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.1.1 maddəsinə əsasən, icarəçi 20 kvadrat metr sahədə 20 tona qədər mal saxlaya bilər və müqavilə qiyməti 560 manat (ƏDV daxil) təşkil edəcək. Müqavilənin 5.3-ci maddəsinə əsasən, icarə haqqı hər ayın sonunda təhvil-təslim aktına əsasən hesablanacaq və e-qaimə faktura icarəçıyə göndərildikdən sonra 3 iş günü ərzində icarəçı tərəfindən bank köçürməsi yolu ilə ödənilməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən icarəyə verən tərəfindən təqdim olunan hesab-fakturalar/qaimələr üzrə bu müqavilənin 5.3-cü bəndində qeyd olunduğu tarixdə ödənilmədiyi təqdirdə icarəçiyə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.5%-i məbləğində dəbbə pulu tətbiq edilir. İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə 23 iyun 2025-ci il tarixli e-2-2(115)-1386/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qimsən tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 avqust 2024-cü il tarixli KM-İM-32/24 saylı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair anbarın icarəsi barədə müqavilədən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən soyuducu anbarın 10 kvadratmert sahəsini (vergi kodu 31001, anbar nömrəsi 15/2) icarəçinin müqavilə ilə müəyyən eidlmiş miqdarda mallarının yerləşdirməsi məqsədilə icarəçiyə verməyi, icarəçi isə həmin sahəni icarəyə qəbul edərək müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqı məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1.1-5.1.3-cü bəndlərindən görünür ki, icarəçi 20 kvadrat metr sahədə 20 tona qədər mal saxlaya bilər və müqavilə qiyməti 560 manat (ƏDV daxil) təşkil edəcək. Sahə 20 kvadrat metrdən artıq olduğu halda icarəçi artan hər kv.m görə hər ay əlavə 30 manat ödəyəcək. Sahədə saxlanılan malın çəkisi 20 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 manat hesablanacaq. Həmin müqavilənin 5.3-ci maddəsinə əsasən, icarə haqqı hər ayın sonunda təhviltəslim aktına əsasən hesablanacaq və e-qaimə faktura icarəçıyə göndərildikdən sonra 3 iş günü ərzində icarəçı tərəfindən bank köçürməsi yolu ilə ödənilməlidir. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən icarəyə verən tərəfindən təqdim olunan hesab-fakturalar/qaimələr üzrə bu müqavilənin 5.3-cü bəndində qeyd olunduğu tarixdə ödənilmədiyi təqdirdə icarəçiyə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.5%-i məbləğində dəbbə pulu tətbiq edilir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə 379,35 manat məbləğində icarə haqqı borcu və xx.xx.2024-cü il tarixdə 560 manat məbləğində icarə haqqı borcuna dair elektron qaimələr göndərilmiş və qaimələr təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, borc məbləğinin ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən soyuducu anbarın 20 kvadrat mert sahəsini icarəçiyə verməyi, icarəçi isə həmin sahəni icarəyə qəbul edərək 20 kvadratmetr sahədə 20 tona qədər mal saxlaya bilməsi, müqavilə qiymətinin 560 manat (ƏDV daxil) təşkil etməsi, sahə 20 kvadrat metrdən artıq olduğu halda artan hər kv.m görə hər ay əlavə 30 manat ödəyəcəyi, sahədə saxlanılan malın çəkisi 20 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 manat hesablanacağı barədə razılaşaraq icarə haqqı məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. İcarəçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun icarəyə verənə 939,35 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icarəyə verən əmlakını icarəyə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 100 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 939 manat 35 qəpik əsas borc, 30 manat cərimə olmaqla 969 manat 35 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 31 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2024-cü il tarixli KM-İM-32/24 saylı icarə müqavilə üzrə yaranmış 939 manat 35 qəpik əsas borc, 30 manat cərimə olmaqla 969 (doqquz yüz altmış doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul, 30 (otuz) manat dövlət rüsunu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissəsə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar