Məhkəmə qərarları › İş №e-2-2(115)-14/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-14/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-14/2025 08.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-yə dəymiş maddi ziyanın əvəzi olaraq 65485,87 manat və ödənilmiş mediasiya xərci olaraq 410 manat, cəmi 65895,87 manat pulun cavabdeh "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 11:25 radələrində Gilgilçay stansiyasının 110-cu km-də qorunmayan dəmir yolu keçidində "xxxx" MMC-də sürücü işləyən X3 idarə etdiyi “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə "xxxx" QSC-nin (ADY) balansında, İnfrastruktur departamentinin istifadəsində olan ВЛ-11М6- 508Б nömrəli elektrovozun toqquşması hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı Xaçmaz st. X9 araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma nəticəsində baş vermiş hadisədə X3 təqsirli olduğu təsdiq olunmuş və onun barəsində İXM-nin 327.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti aidiyyəti üzrə Siyəzən RPŞ-nin DYPB-nə göndərilmişdir. Həmçinin, araşdırma zamanı təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/2143 və 10/5332 saylı ekspert rəyində qeyd olunmuşdur ki, “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə X3 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə nəticəsində ADY-yə cəmi 65485,87 (altmış beş min dörd yüz səksən beş manat səksən yeddi qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından və əmək vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməli olduğundan "xxxx" MMC-nin sürücüsü X3 vurduğu maddi ziyanın əvəzi olaraq 65485,87 (altmış beş min dörd yüz səksən beş manat səksən yeddi qəpik) manat məbləğində pulun ödənilməsi "xxxx" MMC-dən tələb olunur. Bununla bağlı, cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, dəymiş zərər müəyyən edilən zaman cavabdeh təşkilatın işçisi iştirak edirdi. Dəymiş zərər aktla və onun əsasında tərtib edilmiş qiymət cədvəli ilə müəyyən olunmuşdur. Eyni zamanda tərtib olunmuş arayışlarla da həmin hadisənin aradan qaldırılması ilə bağlı çəkilmiş xərclər və elektrik təchizatı sahəsinə vurulmuş ziyan da müəyyən olunmuşdur. Qeyd etmişdirlər ki, onlar təmir zamanı yeni hissələri tək-tək almamışlar. Ehtiyyat hissələr illik olaraq əvvəldən alınır və zərurət olduqda anbardan götürülür. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarında izahatlarında bildirmişdir ki, zərərin müəyyən edilməsi barədə sənəddə ancaq "xxxx" QSC-nin işçilərinin imzaları var. Eyni zamanda qeyd etmişdir ki, aktda ancaq zərər dəyən hissələr öz əksini tapır, amma onların həqiqətən dəyişdirilməsini təsdiq edən sənədlər yoxdur. Anbardan ehtiyyat hissələri götürülərək elektrovoza quraşdırılmasını təsdiq edən sənəd yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Arayışlar, qiymət cədvəli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, yol vərəqi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11:25 radələrində Gilgilçay stansiyasının 110-cu km-də qorunmayan dəmir yolu keçidində "xxxx" MMC-də sürücü işləyən X3 idarə etdiyi “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə "xxxx" QSC-nin (ADY) balansında, İnfrastruktur departamentinin istifadəsində olan ВЛ-11М6-508Б nömrəli elektrovozun toqquşması hadisəsi baş vermişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkibi olmadığından HK-1/49 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində İXM-nin 327.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Siyəzən RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2143 və 10/5332 saylı ekspert rəyində qeyd olunmuşdur ki, “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə X3 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X4 əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Gilgilçay-Şabran mənzilinin qorunmayan dəmiryol keçidində Biləcəri maqistral lokomotivlərinin idarə edilməsi sahəsinə məxsus VL11M/6-508B saylı elektrovozla “SHACMAN” markalı yük maşını toqquşmuşdur. İlkin baxış keçirilən zaman elektrovozun aşağıda adları qeyd olunan sahələrə ziyan dəydiyi aşkar olunmudur:

1. Ön hissənin örtüyü – 1 ədəd;

2. Faralar – 2 ədəd;

3. Yol təmizləyicisi – 1 ədəd;

4. Akkumulyator batareyası yeşiyi – 1 ədəd;

5. Akkumulyator batareyası bankası – 20 ədəd;

6. Kabinənin döşəmə hissəsi deformasiyaya uğrayıb – 4 m2;

7. Amortizator – 2 ədəd;

8. Ötürücü qol – 4 ədəd;

9. Baş hava çənləri – 2 ədəd;

10. Əyləc tənzimləyiciləri – 4 ədəd;

11. Siqnal qəbuledici – 2 ədəd;

12. 1-ci dartı mühərrikinin dayağı əyilib – 1 ədəd;

13. Maqistral və köməkçi hava boruları – 4 ədəd;

14. Avtoqoşqunun açarı – 1 ədəd;

15. Cərəyanqəbuledici – 1 ədəd.

İddiaçı tərəfindən tərtib edilən qiymət cədvəlindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən ilkin baxış keçirilərək tərtib olunmuş akta əsasən elektrovozun bərpa olunub istismara qaytarılması üçün 52300 manat xərcin çəkilməli olduğu qənaətinə gəlinmişdir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli, 122/3 nömrəli "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin “X8” İdarəsinin arayışından görünür ki, 22 iyun 2022-ci il tarixdə Gil-Gil çay-Şabran mənzilinin qorunmayan dəmiryol keçidində VL11M6- 508B nömrəli elektrovozun “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində elektrovozun bir arabacığı (iki təkər cütü) ilə relsdən çıxması hadisənin bərpası ilə əlaqədar H.Z.Tağıyev çeşidləmə bölməsinin texniki avadanlıq və işçi qüvvəsinin görülən işlər üzrə cəmi xərci 11335,87 manat təşkil etmişdir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli, 33 nömrəli "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsinin arayışından görünür ki, VL11M6-508B saylı elektrovozla yük avtomobili toqquşması hadisəsi zamanı 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsinə 1850 manat maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş yük avtonəqliyyatı üçün yol vərəqəsindən görünür ki, “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən yol vərəqəsi əsasında ölkədaxili yük daşımalarını həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:25 radələrində Gilgilçay stansiyasının 110-cu km-də qorunmayan dəmir yolu keçidində "xxxx" MMC-də sürücü işləyən X3 idarə etdiyi “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə "xxxx" QSC-nin (ADY) balansında, İnfrastruktur departamentinin istifadəsində olan ВЛ-11М6-508Б nömrəli elektrovozun toqquşması hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2143 və 10/5332 saylı ekspert rəyindən və Xaçmaz st. XPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və onun əməlində CM-in 263-cü maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində X5 təqsirli bilinmiş və əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. X5 "xxxx" MMC-nin işçisi olmuş və şirkət tərəfindən verilmiş yol vərəqəsi əsasında ölkədaxili yük daşımalarını həyata keçirmişdir. X1 təqsirli və hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur. X5 cavabdeh "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında daşımaları həyata keçirdiyindən iddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "xxxx" MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, həqiqətən cavabdeh hüquqi şəxsin işçisinin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymiş və iddiaçının da hüquqi şəxsin işçisinin törətdiyi hərəkətə görə hüquqi şəxsin özünə qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia tələbini irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Baxılan iş üzrə MPM-in 77-ci maddəsinin tələbləri baxımından, hazırki iş üzrə cavabdehin işçisinin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi öz təsdiqini tapdığından iddiaçı ziyanı tələb etməkdə haqlıdır. İddiaçı öz tələbində 65485,87 manat dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Həmin məbləğin 52300 manatı elektrovozun bərpa olunub istismara qaytarılması barədə çəkilmiş xərc, 11335,87 manatı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrovozun bir arabacığı ilə relsdən çıxmasının bərpası ilə əlaqədar çəkilmiş xərc, 1850 manatı isə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsinə vurulmuş ziyan təşkil edir. Məhkəmə cavabdehdən 52300 manat elektrovozun bərpa olunub istismara qaytarılması barədə çəkilmiş xərclərin tutulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı elektrovozun bərpası üçün çəkilmiş xərclərlə bağlı mövcud sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə elektrovozun bərpası üçün çəkilmiş xərcləri təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, eyni zamanda elektrovozun bərpası üçün çəkilmiş xərclərlə bağlı müvafiq sübutların təqdim olunması üçün iddiaçıya sorğu ünvanlanmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə göndərilən sənədlərdən çəkilmiş xərcləri müəyyən etmək mümkün deyildir. Gəncə Kommersiya Məhkəməsinin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin 30 avqust 2024-cü il tarixli UNİ/A 89-514/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2419 nömrəli qatarın dartı lokomotivi VL-11М6-508B nömrəli elektrovoza dəyən ziyan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli akt və onun əsasında tərtib olunmuş qiymət cədvəlinə əsasən 52300 manat təşkil etmir. Faktiki olaraq lokomotivin üzərinə qoyulan ehtiyat hissələri akkumlyator batareyaları xaric yenisi ilə əvəz edilməmişdir. "xxxx" QSC-yə məxsus istismardan çıxarılmış lokomotivlərinin üzərindən çıxarılmış köhnə ehtiyat hissələri ilə əvəzləşdirilmiş və ya bərpa edilmişdir. Vurulmuş maddi ziyanın məbləği 10770 manat təşkil etmişdir. İddiaçı tərəfindən elektrovozun bərpası üçün çəkilmiş xərclərlə bağlı müvafiq sübutlar təqdim edilmədiyindən və iddiaçı elektrovozun bərpası üçün 52300 manat məbləğində çəkilmiş xərci sübut edə bilmədiyindən məhkəmə "xxxx" MMC-nin 30 avqust 2024-cü il tarixli UNİ/A 89-514/2024 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək dəymiş ziyanla bağlı 10770 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Ona görə elektrovozun bərpası üçün çəkilmiş 10770 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir . Bundan başqa məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində cavabdeh hüquqi şəxsin işçisinin təqsiri olduğundan iddiaçıya maddi zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə belə qənaətə gəlir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrovozun bir arabacığı ilə relsdən çıxmasının bərpası ilə əlaqədar çəkilmiş 11335,87 manat xərc və 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsinə vurulmuş 1850 manat ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23955,87 manat məbləğində dəymiş ziyan iddiaçının xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 410 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 410 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 161,87 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, 500 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23955,87 manat məbləğində dəymiş ziyan və 410 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 161,87 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 500 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23955,87 manat məbləğində dəymiş ziyan və 410 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 161,87 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 500 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar