Məhkəmə qərarları › İş №e-2-2(115)-140/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-140/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-140/2025 06.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 14166,66 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda), Hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının, ödənilmiş 405 (dörd yüz beş ) manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 114 677 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 22 iyun 2021-ci il tarixli Borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində pul borc verilmişdir. Müqavilə üzrə öhdəliyin son icra müddəti 22 avqust 2021ci il tarixi qeyd edilsə də Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra edilməmişdir. İddiaçı tərəfindən dəfələrlə şifahi və 02 may 2024-cü il tarixində yazılı xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh 3 il ərzində hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. İddia ərizəsi verilən tarixə 22 iyun 2021-ci il tarixli Borc müqaviləsi üzrə cavabdehin öhdəliyi 100000 manat, eləcə də AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən 22 avqust 2021-ci il tarixdən hazırki tarixə kimi hesablanmış 14166,66 (on dörd min yüz altmış altı manat 66 qəpik) manat faiz borcu (əldən çıxmış fayda) təşkil edir (Hesablama: 100000x5%=5000/12=416,66x34=14166,66 manat). Bildirirlər ki, maliyyə xəbərləri sahəsində ixtisaslaşmış “banko.az” və “marja.az” xəbər səhifələrindən əldə etdiyi məlumata əsasən müvafiq dövr üçün yəni 2021-2024-cü illər arasında Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların əmanət müqavilələri üzrə təklif etdiyi müddətin sonunda hesablanan faiz dərəcələri illik 5,5-10,5 faiz dərəcələri arasında dəyişir. Hesab edirlər ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 22 avqust 2021-ci il tarixdən hazırki tarixə kimi hesablanmış 14166,66 (on dörd min yüz altmış altı manat 66 qəpik) manat faiz borcunun tərəfimizdən tələb edilməsi əsaslı və ədalətlidir. Belə ki, cavabdeh tərəfindən borc məbləğindən 34 ay ərzində heç bir ödəniş edilməmişdir. Həmin vəsait bu dövrlər ərzində bankların birində əmanət hesabında qoyulduğu halda 14166,66 manat məbləğindən daha çox gəlir əldə etmək olardı. Eyni zamanda bildiririk ki, iddiaçı tərəfindən əlavə xərclər kimi Hüquqi yardım üçün AR Vəkillər Kollegiyasının üzvü (vəkil) ilə müqavilə üçün 500 (beş yüz) manat xidmət haqqı və məhkəməyə iddia ərizəsi vermək üçün 405 (dörd yüz beş) manat dövlət rüsumu ödənilmişdir. Ağdam Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2(013)-1887/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-1887/2024 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin artırılması barədə ərizə verərək, 22 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16249,74 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda), Hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 407 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 117156,74 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05 dekabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 22 iyun 2021-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində pul borc verilmişdir. Müqavilə üzrə öhdəliyin son icra müddəti 22 avqust 2021-ci il tarixi qeyd edilsə də Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra edilməmişdir. Qarşı tərəf borcu ödəmədiyi üçün məhkəməyə müraciət etmişdirlər. Bundan başqa öhdəliyin icra edilməməsinə görə hesblanmış faiz borcunu Mərkəzi Bankın uçot dərəcəsi ilə deyil, sadə qaydada, yəni 5%-lə hesablamışdır ki, mütəxəssis rəyinə və ekspert rəyinə ehtiyac olmasın. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsində göstərilən 100000 (bir yüz min manat) manat məbləğində pul cavabdeh tərəfindən alınmayıb. Qəbzdə olan imza cavabdehə məxsus deyil. Belə ki, həmin tarixdə eyni notariat kontorunda iddiaçı ilə cavabdeh arasında iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alğı-satqısı müqaviləsi bağlanılmışdır. İddiaçı öz təsis payını 200000 (iki yüz min manat) manata cavabdehə satmışdır. Cavabdeh 100000 manatı ödəmiş, qalan 100000 manatı isə kredit müqaviləsi kimi rəsmiləşdirilmişdir. Lakin sonradan "xxxx" BOKT MMC-nin fəaliyyətində müəyyən qanunsuzluqlar olduğundan lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilmişdir. Bununla bağlı Baş Prokurorluğa müraciət edilmiş və iddiaçı cavabdehə heç bir narahatçılığın olmamasını, tezliklə işləri yoluna qoyacağını bildirmişdir. Lakin bu vaxta qədər hələ də məsələ öz həllini tapmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, ödəniş sənədləri, notariat işləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100000 manat məbləğində borc pul verilmişdir. Həm iddiaçının nümayəndəsi tərəfindən, həm də məhkəmə tərəfindən sorğu verilib əldə olunmuş 22 iyun 2021-ci il tarixli kredit müqaviləsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 100000 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh borc verilməsi məqsədilə notariusun depozit hesabına qoyulmuş və həmin pul məbləği notariusun depozit hesabına qəbul edilmiş və cavabdeh həmin pulu almışdır. Borc müqaviləsi üzrə öhdəlik iddiaçı tərəfindən tam icra edilmiş, borc müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Lakin cavabdeh borc müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqaviləyə əsasən xx.xx.2021-ci il tarixədək ödənilməli borc məbləğini ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh 100000 manat bоrcu olduğu təsdiq edilir. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında 100000 manat məbləğində pulun cavabdeh tərəfindən alınmadığını, həmin tarixdə eyni notariat kontorunda iddiaçı ilə cavabdeh arasında iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alğı-satqısı müqaviləsi bağlanıldığını, iddiaçı öz təsis payını 200000 manata cavabdehə satdığını, cavabdehin 100000 manatı ödədiyini, qalan 100000 manatı isə kredit müqaviləsi kimi rəsmiləşdirildiyini və kredit müqaviləsinin uydurma əqd olduğunu iddia etsə də, bununla bağlı halları sübuta yetirə bilməmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Həmçinin nəzərə alınmalıdır ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı.) Məhkəmə tərəfindən iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alğı-satqısı müqaviləsi ilə bağlı notariat işi tələb olunmuşdur. Həmin notariat işindən məlum olmuşdur ki, İddiaçı 23 iyun 2021-ci il tarixli təsis payının alğı-satqısı barədə müqaviləyə əsasən "xxxx" BOKT MMC-də olan 88.1% təsis payının 21.1%-ni 21100 manata X3, 34%-ni 34000 manata X2, 33%-ni isə 33000 manata X4, X5 "xxxx" BOKT MMC-də olan 11.9% payını isə X3 11900 manata satmışdır. Həmin müqavilə üzrə cavabdeh hər hansı bir tərəf olmamışdır. Cavabdehin nümayəndəsi həmin müqavilənin cavabdeh tərəfindən maliyyələşdirilməsini bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazır ki işdə də iddianın predmetini 22 iyun 2021-ci il tarixli borc müqaviləsi təşkil edir. Məhkəmə həmin müqavilənin şərtləri çərçivəsində işi araşdıraraq hesab edir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini borc olaraq cavabdehə vermiş, cavabdeh isə həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə aldığı borc məbləğini iddiaçıya qaytarmamışdır. Digər hallarla bağlı məsələ isə işin araşdırılması zamanı öz təsdiqini tapmamış və cavabdeh bu halları sübuta yetirə bilməmişdir Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16249,74 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də iddia tələbinin həcminin artırılması barədə ərizədə borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 16249,74 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarınında qeyd olunur ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclasında iştirak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 390,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 19,50 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borc, hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqı olmaqla, cəmi 100500 manat məbləğində pul və 390,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ödənilmiş 19,50 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borc, hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqı olmaqla, cəmi 100500 manat məbləğində pul və 390,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 19,50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar