Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1439/2023 28.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada 017R********** saylı krеdit razılaşması üzrə 10730.14 manat krеdit bоrcu, 1334.19 manat faiz bоrcu və 476.42 manat cərimə olmaqla, ümumilikdə cəmi 12540,75 manat məbləğində bоrcun və 210 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020ci il tarixli 017L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 9269.86 manat ödəmiş, onun 10730.14 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 223 gün üçün hesablanmış faiz borcu 1334.19 manat, cərimə 476.42 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İddiaçıya və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli 017L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" QSC tərəfindən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2020-ci il tarixli 017R********** saylı krеdit razılaşmasından görünür ki, borcverən– "xxxx" QSC borcalan – Cavabdeh1 20 000 manat məbləğində aylıq 1.8333% ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə banka olan borcu 10730,14 manat əsas borc, 1334,19 manat faiz borcu, 476,42 manat cərimə olmaqla, cəmi borc 12540,75 manat təşkil edir. xx.xx.2023-cü il tarixli MSG/2023-00090 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.2020-ci il tarixli 017L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" QSC tərəfindən 120 ay müddətinə 300.000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2020-ci il tarixli 017R********** saylı kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 20 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10730,14 (on min yeddi yüz otuz manat on dörd qəpik) manat əsas borc, 1334,19 (bir min üç yüz otuz dörd manat on doqquz qəpik) manat faiz borcu, 476,42 (dörd yüz yetmiş altı manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 12540,75 (on iki min beş yüz qırx manat yetmiş beş qəpik) manat borc və 210 (iki yüz on) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10730,14 (on min yeddi yüz otuz manat on dörd qəpik) manat əsas borc, 1334,19 (bir min üç yüz otuz dörd manat on doqquz qəpik) manat faiz borcu, 476,42 (dörd yüz yetmiş altı manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 12540,75 (on iki min beş yüz qırx manat yetmiş beş qəpik) manat borc və 210(iki yüz on) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 127,62 (bir yüz iyirmi yeddi manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1439/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1439/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver