Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-144/2023 10.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun ödənilməsi və daşınar əmlakın geri qaytarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun ödənilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, cavabdeh, "xxxx" ASC–dən xx.xx.2020-ci il tarixli 24/55 saylı müqaviləyə əsasən, müasir ayaqaltı, betonaltı iskənə və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı montaj və demontaj xidmətlərin göstərilməsi qarşılığında 3 qaimə üzrə ümumi borc 31.222,11 manat icarə haqqının, məhkəmə qərarı qanuni qüvvəyə minənədək 3122.20 manat məbləğində dəbbə pulunun "xxxx" ASC–dən tutularaq İddiaçı ödənilməsinə, 28.08,2020-ci il tarixli 35 saylı təhvil-təslim aktına əsasən siyahı üzrə qeyd edilən 28.08,2020-ci il tarixli 35 saylı təhvil-təslim aktına əsasən siyahı üzrə qeyd edilən ona məxsus olan daşınar əmlaklar-1.5 metrlik boru 50 ədəd (1ədəd=9 manat)=450(dörd yüz əlli) manat, 3 metrlik boru 50 ədəd (1ədəd=18 manat)=900(doqquz yüz) manat, 6 metrlik boru 50 ədəd (1ədəd=36 manat)=1.800(bir min səkkiz yüz) manat, 1.1 metrlik flanş qol 14 ədəd (1ədəd=10 manat)=1.400(bir min dörd yüz) manat, 2.45 metrlik flanş qol 25 ədəd (1ədəd=101 manat)=2525(iki min beş yüz iyirmi beş) manat, 90 ədəd Pim (1 ədəd=2 manat)=180(bir yüz səkkiz) manat, 350 ədəd Pim sancaq üçün (1 ədəd=1 manat)=350(üç yüz əlli) manat, taxta 5x20 3 metrlik 74 ədəd (1 ədəd=6 manat)=444(dörd yüz qırx dörd) manat, taxta 5x20 6 metrlik 50 ədəd (1 ədəd=12 manat)=600(altı yüz) manat, 100 ədəd Xamut siv (1ədəd=5 manat)=500(beş yüz) manat, 200 ədəd Xamut siv(double) (1 ədəd=5 manat)=1000(bir min) manat, 1.92 metrlik çarpaz qol 6 ədəd (1ədəd=16 manat)=96(doxsan altı) manat, 2.1 metrlik çarpaz qol 55 ədəd (1ədəd=18 manat)=990(doqquz yüzdoxsan) manat, 38lik əkləmə(Flanş, Cup-lock) 9 ədəd (1ədəd=3 manat)=27(iyirmi yeddi) manat, cəmi 10.002(on min iki) manat dəyərində daşınar əmlakların "xxxx" ASC–dən alınaraq İddiaçı geri qaytarılmasına, cavabdeh, "xxxx" ASC–dən vəkil orderi üçün ödənilən 150 manat pulun, ilkin mediasiya xərci üçün ödənilən 200 manat dövlət rüsumunun, məhkəməyə ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC–dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında barışıq sazişi bağlanmışdır. Odur ki, barışıq sazişinin şərtlərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar.
1. Cavabdeh ƏDV xaric 17983.13 manat məbləğində borcu 15 fevral 2022-ci il tarixdən etibarən hər 30 gündən bir 6000 manat ödəməklə qurtarmağı öhdəsinə götürür.
2. Cavabdeh tərəfindən ödəniş bu barışıq sazişinin 1.1-ci maddəsinə göstərilən şərtlərə əsasən dövri olaraq (müvafiq tarixlərdə müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə və ya natamam icra edildikdə, cavabdeh iddiaçıya ödənilməmiş əsas borcu ƏDV daxil dərhal tam şəkildə məcburi qaydada ödəyəcəkdir.
3. Bu barışıq sazişinin 1.1-ci maddəsində göstərilmiş borc cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra, cavabdehin iddiaçı qarşısında ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçının cavabdehə qarşı tələb hüququ tam olaraq təmin edilmiş olur. Bununla da iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür.
4. Hazırkı barışıq sazişi Gəncə Kommersiya Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir.
5. Hazırkı barışıq sazişi Gəncə Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. Məzmunundan göründüyü kimi barışıq sazişinin mahiyyəti ondan ibarətdir ki, tərəflər borc vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişini müddəalarını nəzərdən keçirib hesab edir ki, bu razılaşma qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından saziş təsdiq olunmalı və bu əsasla işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261-262-ci, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh ƏDV xaric 17983.13 manat məbləğində borcu 15 fevral 2022-ci il tarixdən etibarən hər 30 gündən bir 6000 manat ödəməklə bağlamağı öhdəsinə götürür.
2. Cavabdeh tərəfindən ödəniş bu barışıq sazişinin 1.1-ci maddəsinə göstərilən şərtlərə əsasən dövri olaraq (müvafiq tarixlərdə müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə və ya natamam icra edildikdə, cavabdeh iddiaçıya ödənilməmiş əsas borcu ƏDV daxil dərhal tam şəkildə məcburi qaydada ödəyəcəkdir.
3. Bu barışıq sazişinin 1.1-ci maddəsində göstərilmiş borc cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra, cavabdehin iddiaçı qarşısında ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçının cavabdehə qarşı tələb hüququ tam olaraq təmin edilmiş olur. Bununla da iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür.
4. Hazırkı barışıq sazişi Gəncə Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev