Məhkəmə qərarları › İş №e-2-2(115)-1454/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1454/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1454/2023 27.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 14500 manat əsas, 2927,84 manat faiz, 1302,58 manat cərimə, 3762,72 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 22493,14 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Əyyublu kəndində 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 321.7 kv.m ümumi, 129.4 kv.m yaşayış, 192.3 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmla satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2843 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 14500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli 25 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Əyyublu kəndində 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 321.7 kv.m ümumi, 129.4 kv.m yaşayış, 192.3 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olmasını, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq edib işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirdi ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2015ci il tarixli 2843 saylı kredit müqaviləsindən görünür ki, bağçılığın inkişaf etdirilməsi məqsədilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 14500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015ci il tarixli 25 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Tovuz rayonu Əyyublu kəndində 0,15 ha torpaq sahəsində yerləşən 321,7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi həyətyanı tikili və qurğuları ipoteka qoyan tərəfindən kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayana ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 63000 manat müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Əyyublu kəndində 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ Cavabdeh2 məxsusdur. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu Əyyublu kəndində 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydə alınmışdır. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcundan Cavabdeh1 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 14500 manat əsas bоrcu, 2927,84 manat faiz bоrcu, 1302,58 manat cərimə borcu və 3762,72 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 22493,14 manat məbləğində borcu var. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 14500 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh1 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, 14500 manat məbləğində borcunun 60 ay müddətinə restrukturizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsini ləğv prosesində olan İddiaçı ASC xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nömrəli bildirişlərdən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 14500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kreditin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı ktedit məbləğini iddiaçıya qaytarmamışdır. Problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışla müəyyən olunur ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 14500 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Bundan başqa kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Cavabdeh1 sonuncu dəfə xx.xx.2016-ci il tarixində ödəniş etmiş, xx.xx.2019-cu il tarixdə 14500 manat məbləğində borcunun 60 ay müddətinə restrukturizasiya olunması və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-yə müraciət etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixdə cavabdehlərə bildiriş göndərmiş, xx.xx.2023-cü il tarixdə isə mediasiya üçün müraciət etmişdir. Mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi ilə bağlı arayış verilmişdir. İddia isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş xx.xx.2016-ci il tarixdə edilmiş, müqavilə müddəti xx.xx.2018-ci il tarixdə bitdikdən sonra cavabdeh xx.xx.2019-cu il tarixdə borcun restrukturizasiya olunması ilə bağlı iddiaçıya ərizə ilə müraciət etmişdir. Həmin tarixdən iddia müddətinin axımı başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin tarixdən yeddi ay sonra xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmiş (iddia müddətinin axımı dayandırılmış), xx.xx.2025-ci il tarixdə mediasiya üçün müraciət etmişdir. Mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi ilə bağlı arayış verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar