Məhkəmə qərarları › İş №e-2-2(115)-1458/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1458/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1458/2025 24.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2428,61 ABŞ dolları əsas, 1316,77 ABŞ dolları faiz, 4177,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 350,20 ABŞ dolları faiz borcu olmaqla cəmi 8273,37 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 132,20 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Qazax filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 ay müddətinə illik 28% dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1ilə bank arasında xx.xx.2014-cü il tarixli 250005774/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 10235,59 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş. ərizəsində qeyd etmişdir ki, iddiaçı cavabdehlərin qalıq borcunun hesablanması göstərilmədən ümumi məbləğin göstərilməsi ilə kifayətlənilmişdir. Bu isə heç cür cavabdehin həqiqətən də həmin hərəkətlərin etməsinin sübutu kimi qiymətləndirilə bilməz, çünki iddiaçı bu məsələdə maraqlı tərəf olduğu bu məsələdə arayış vermək bu məbləğdə borcunun olduğunu iddia edir. Materiallarından görünür ki, 03 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavə olaraq 07 iyul 2017-ci il tarixdə yenidən 1 nömrəli əlavə saziş bağlanılmışdır. 07 iyul 2017-ci il tarixdə yenidən 1 nömrəli əlavə saziş bağlandıqda əsas və faiz borcları birgə hesablanaraq bu da əsas borc kimi sazişə daxil edilmişdir. 07 iyul 2017-ci il tarixdə yenidən 1 nömrəli əlavə sazişin rektrukturikzasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək göstərilmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə tədim edilmişdir. Bunun özü göstərir ki, iddia tələbi məhkəməyə iddia müddəti keçdikdən sonra təqdim edilmişdir. Belə ki, sazişdə də qeyd edildiyi kimi kreditin ödənilmə müddəti xx.xx.2022-ci il tarixdə bitir və iddia tələbi üzrə tələbetmə müddəti xx.xx.2025-ci il tarixdə bitmiş sayılır. Buna görə də məhkəmə mühasibatlıq ekspertiza təyin edilib rəy alındıqdan sonra, işə mahiyyəti üzrə baxılan zaman ərizə nəzərə alınmaqla iş üzrə iddia müddəti tətbiq edilməklə əsassız iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi üzrə mülki qanunvericiliyin tələblərinə əsasən 1 illik kəsici müddət tətbiq edilməklə onlara münasibətdə iddianın rədd edilməsini xahiş etmiş, ərizələrdə qeyd etmişlər ki, iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə bağlanmış saziş üzrə borcun ödənilməsini tələb etmişdir. Bu tələb tamamilə əsassızdır. Bundan başqa qanunveriicliklə müəyyən eidlmiş 1 illik kəsici müddət tamam olmuş və bu müddət buraxılmaqla məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, ona dövriyyə vəsaiti məqsədilə illik faiz dərəcəsi 28% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 USD məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 250005774/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə 6335,97 USD əsas, 2785,72 USD faiz, 1113,90 USD cərimə olmaqla cəmi 10235,59 USD təşkil etmiş və sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci ilədək uzadılmışdır. İş materiallarında olan müqaviləyə əlavə ödəniş qrafikindən görünür ki, borcalan xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixi də daxil olmaqla əsas borc olaraq 6335,97 USD, faiz borcu olaraq 1372,31 USD məbləğinin hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə sazişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi və sazişlə tanış olduqlarını, şərtləri ilə razı olduqlarını bildirmiş, müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə 4128,64 manat məbləğində əsas kredit borcunun olması qeyd olunmuş, həmin məbləğ restrukturizasiya üçün təklif edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə 2428,61 ABŞ dolları əsas, 1316,77 ABŞ dolları faiz borcu, 4177,79 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesalanan 350,20 ABŞ dolları faiz borcu olmaqla cəmi 8273,37 ABŞ dolları məbləğində borcu var. İş materiallarında olan bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaiti məqsədilə illik faiz dərəcəsi 28% оlmaqla 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixdə tərəflər arasında bağlanmış əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği kredit müqaviləsi üzrə 6335,97 ABŞ dolları əsas, 2785,72 ABŞ dolları faiz, 1113,90 ABŞ dolları cərimə olmaqla cəmi 10235,59 ABŞ dolları təşkil etmiş və sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci ilədək uzadılmışdır. Sazişə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, borcalan xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixi də daxil olmaqla əsas, faiz və cərimə borcu olaraq ümumilikdə müəyyən edilmiş 10235,59 ABŞ dolları məbləğində vəsaitin deyil, əsas borc olaraq müəyyən edilmiş 6335,97 ABŞ dollarının, faiz məbləği olaraq isə 1372,31 ABŞ dollarının hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi və sazişlə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həmçinin problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışda da Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə qalıq əsas borc məbləğinin 4128,64 manat təşkil etməsi qeyd edilmiş, həmin məbləğ restrukturizasiya üçün təklif edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 4128 manat 64 qəpik əsas borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 595 manat 34 qəpik faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğinin qalığını, əsas borca müqavilə müddəti bitdikdən sonra hesablanmış faizi cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın müqavilə müddətinə hesablanmış faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh3 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və ləğv prosesində olan İddiaçı ASC-yə olan 4128,64 manat əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 iddiaçının iddia müddətini ötürməklə iddia qaldırdığını bildirmiş, ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, xx.xx.2017-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə saziş bağlanmış, sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci ilədək uzadılmış, həmin sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən borcalan xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixi də daxil olmaqla əsas borc və faiz borcunun hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd edilən saziş üzrə ən son ödəniş tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsini “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2025-ci il tarixdə daxil etmiş, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İstər xx.xx.2025-ci il tarixi, istərsə də xx.xx.2025-ci il tarixi nəzərə alındıqda görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətini ötürməmişdir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixli sazişlə uzadılaraq xx.xx.2022-ci il tarixə kimi müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən (xx.xx.2022-ci il tarixi) bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 4128 manat 64 qəpik əsas borc, müqavilə müddəti bitdikdən sonra hesablanmış 595 manat 34 qəpik faiz borcu olmaqla cəmi 4723 manat 98 qəpik kredit borcu Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 132,20 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 67,24 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 4128 manat 64 qəpik əsas borc, müqavilə müddəti bitdikdən sonra hesablanmış 595 manat 34 qəpik faiz borcu olmaqla cəmi 4723 (dörd min yeddi yüz iyirmi üç) manat 98 (doxsan səkkiz) qəpik kredit borcu, ödənilmiş 67 (altmış yeddi) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar