Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-146/2025 25.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə verən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında 01 iyul 2019-cü il tarixli 09-İCAX- 19 nömrəli icarə müqaviləsi üzrə yaranmış 14468,88 manat icarə haqqı, 837,10 manat kommunal haqqı və 22365 manat cərimə borcu, ümumilikdə 37670,98 manat və 203,01 manat dövlət rüsumunun icarəçi X2 tutularaq icarəyə verən "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 1 iyul 2019-cü il tarixli 09-İC-AX-19 nömrəli icarə müqaviləsi və onun tərkib hissəsi olan 1 - 11 nömrəli əlavələr imzalanmışdır. Müqaviləyə və müqavilənin tərkib hissəsi olan 11 saylı əlavəyə əsasən, İcarəyə verənə məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanda yerləşən “ASK Plaza” inzibati binasının 2-ci mərtəbəsində 201/1 və 201/2 nömrəli, 334,43 m2-dən ibarət qeyri-yaşayış sahəsi 11 ay müddətinə icarəyə götürməyi və aylıq ƏDV daxil + 3500 (üç min beş yüz) manat icarə haqqını İcarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür (icarəyə dair elektron-qaimə fakturalar əlavə edilir). İcarəyə verənin yuxarıda göstərilən ünvanda yerləşən və mülkiyyətində olan əmlakına xidmət göstərilməsi (bu halda icarəyə verilməsi) məqsədilə sonuncu ilə onun törəmə cəmiyyətləri olan "xxxx" MMC və daha sonra "xxxx" MMC arasında müvafiq olaraq 1 iyun 2018-ci il tarixli 001-T/18 nömrəli və 3 may 2021-ci il tarixli 01T/21 nömrəli Tapşırıq müqavilələri imzalanmışdır. Tərəflər arasında bağlanılan Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq, elektrik enerjisindən istifadə xərcləri icarə haqqına daxil deyil və əlavə olaraq İcarəçi tərəfindən sayğac göstəricilərinə uyğun olaraq ödənilir. Müqavilənin 3.5-ci bəndinə uyğun olaraq, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 1 (bir) %-i məbləğində, Müqavilənin 6.3-cü bəndinə görə isə İcarəçi kobud pozuntuya yol verdikdə 2 (iki) aylıq icarə haqqı həcmində cərimə ödəyir. Müqavilənin 6.2-ci bəndinə əsasən, İcarəyə verən heç bir xəbərdarlıq vermədən İcarəçi tərəfindən kobud pozuntuya yol verildikdə Müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Müqavilənin 6.2.1-ci yarımbəndinə əsasən, icarə haqqının 10 (on) gündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Beləliklə İcarəçi tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 14468,88 (on dörd min dörd yüz altmış səkkiz manat səksən səkkiz qəpik) Azərbaycan manatı icarə haqqı, 837,10 (səkkiz yüz yeddi manat on qəpik) Azərbaycan manatı kommunal haqqı, 22365 (iyirmi iki min üç yüz altmış beş) Azərbaycan manatı cərimə borcu, ümumilikdə 37670,98 (otuz yeddi min altı yüz yetmiş manat doxsan səkkiz qəpik) Azərbaycan manatı borcu yaranmışdır. İcarəyə verən ilə İcarəçi arasında bağlanılan 1 iyul 2019-cu il tarixli09-İC-AX-19 nömrəli icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair 1 avqust 2024-cü il tarixli 13-5-11/2-0110/2024 nömrəli müraciət sonuncuya ünvanlanmışdır. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tapşırıq müqaviləsi, icarə müqaviləsi, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC və "xxxx" MMC arasında bağlanılmış 03 may 2021-ci il tarixli 01T/21 nömrəli tapşırıq müqaviləsindən və ona 1 nömrəli əlavədən görünür ki, vəkalət alan vəkalət verənin tapşırığı əsasında vəkalət verənin mülkiyyətində olan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş əmlaklara dair Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətləri göstərir, vəkalət verən isə göstərilən xidmətlərin müqabilində vəkalət alana bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqı ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 1 iyul 2019-cü il tarixli 09-İC-AX-19 nömrəli icarə müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanda yerləşən “ASK Plaza” inzibati binasının 2-ci mərtəbəsində 201/1 və 201/2 nömrəli, 334,43 m2-dən ibarət qeyri-yaşayış sahəsini 11 ay müddətinə icarəyə götürməyi və aylıq ƏDV daxil 3500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Müqavilənin 3.4.1-ci bəndində göstərilmişdir ki, bu Müqavilə üzrə icarə haqqı hər ayın 5-dən gec olmayaraq icarəyə verənin bank hesabına vergi-hesab fakturasına əsasən köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, elektrik enerjisindən istifadə xərcləri icarə haqqına daxil deyil və əlavə olaraq icarəçi tərəfindən sayğac göstəricilərinə uyğun olaraq ödənilir. Müqavilənin 3.5-ci bəndinə uyğun olaraq, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 1 (bir) %-i məbləğində, Müqavilənin 6.3-cü bəndinə görə isə İcarəçi kobud pozuntuya yol verdikdə 2 (iki) aylıq icarə haqqı həcmində cərimə ödəyir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr, 35, məhəllə 1033 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan 17 may 2024-cü il tarixli aktdan görünür ki, borclu Cavabdeh "xxxx" ASC qarşısında borcu olduğunu etiraf etmiş və həmin məbləği 30 iyun 2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturalardan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh 1 iyul 2019-cü il tarixli 09-İC-AX-19 nömrəli icarə müqaviləsinə cəmi 14000 manat icarə haqqı ödənilməsi ilə bağlı elektron qaimələr təqdim etmişdir. İş materiallarında olan xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh 837,10 manat kommunal haqqı ödənilməsi ilə bağlı elektron qaimə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tapşırığı əsasında "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 09-İC-AX-19 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada yerləşən 270 m2-dən ibarət qeyri-yaşayış sahəsini 11 ay müddətinə icarəyə vermiş, icarəçi Cavabdeh isə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı aylıq 4200 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli xx.xx.2019-cu il tarixli 09-İC-AX-19 nömrəli icarə müqaviləsinə 1 saylı Əlavəyə əsasən Müqavilənin 1.3 və 3.1-ci bəndlərinə dəyişiklik edilmişdir. Yeni redaksiyaya əsasən icarəyəverən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” inzibati binasının 2-ci mərtəbəsində 201/1 və 201/2 nömrəli, 334,43 m2-dən ibarət qeyri-yaşayış sahəsini icarəyə verir və icarəçi icarə obyektinə görə aylıq 3500 manat icarə haqqı ödəyir. Cavabdeh 1 iyul 2019-cü il tarixli 09-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə 14000 manat icarə haqqı və 837,10 manat kommunal haqqı borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə-fakturalar və 17 may 2024-cü il tarixli akt ilə öz təsdiqini tapır. Elektron qaimə-fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni 17 may 2024-cü il tarixli akt ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcları mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqı və kommunal ödənişləri ödəmək öhdəliyi qoyulduğundan və o, icarə haqqı və kommunal haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi 14000 manat icarə haqqı və 837,10 manat kommunal haqqı borcunun ödənilməsi hissəsində təmin edilməlidir. İcarə haqqının digər hissəsi ilə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanan aktda borc məbləği konkret göstərilmədiyindən və iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalarda sadəcə 14000 manatla bağlı icarə haqqı məbləği təsdiqini tapdığından, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 22365 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 800 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 136,91 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 66,10 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 iyul 2019-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış 14000 manat icarə haqqı, 837,10 manat kommunal haqqı və 800 manat cərimə borcu olmaqla, ümumilikdə 15637,10 manat və 136,91 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 66,10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-146/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-146/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver