Məhkəmə qərarları › İş №e-2-2(115)-148/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-148/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-148/2024 28.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1811,34 ABŞ dolları əsas borcun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında 491-14 USD nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh2 “Dövriyyə vəsaitlərinin artırılması” məqsədi ilə 18 ay müddətinə illik 27 % dərəcəsi ilə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-491-14 USD nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra tərəflər arasında Kredit və Zaminlik Müqavilələri üzrə 1 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 7917.55 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Hazırda Bank tərəfindən 1 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 6350 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. xx.xx.2014-cü il tarixli 10/2/72643711 USD nömrəli Kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 6350 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə 6350 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və “İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə MŞB/10-00632 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Azərbaycan Respublikası Milli X3 10 aprel 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarının 7.2-ci bəndinə əsasən nağd pulun məxarici “pul çekləri”nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə kredit ödənişlərinin ödənilməsi iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda öz əksini tapır. Qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Göründüyü kimi, cavabdeh kredit ödənişləri etməklə dolayı yolla iddiaçı Banka kredit borcunun olmasını etiraf etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X2rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə əsas borcu 1811.34 (bir min səkkiz yüz on bir ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışdan görünür ki, Cavabdeh2 Kredit müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləği 1811.34 ABŞ dolları (3079.28 Manat ekvivalentində) məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmüşdür. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 məhkəməyə ərizə göndərək bildirmişdir ki, "xxxx" ASC –nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun ona qarşı kredit borcunun qaytarılması barədə iddia tələbi veriİmişdir. Hazırda o, həmin iddia tələbinə öz etirazını bildirir. İddiaçı Bank ilə o, xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin pul onun tərəfindən ödənilmişdir. Həmin müqavilənin bağlanmasından 8 ildən çox vaxt ötmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfini məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir.Ona görədə məhkəmədən xahiş edir ki, iddiaçı Bankın ona qarşı olan qanunsuz iddia tələbinin iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, onun kimi, bir çox adam Prezidentin fərmanı ilə bağlı kredit məbləğinin restrukturizasiyası olunması məqsədilə ərizə yazmaq istəmişlər. Onlar İddiaçı ASC-nin Bayıl filialına gedəndə ona və bir çox şəxsə bildirmişlər ki, indi vaxtı deyil və onlar özləri əlaqə saxlayacaqlar. Lakin dekabr ayı bitəndə onlar bildilər ki, ərizə ünvanlamağın vaxtı keçib və banka müraciət etdikdə, ona və bir çox nəfərə vaxt ilə bağlı ərizə yazdırdılar. Amma bunun heç bir nəticəsi olmamışdır. O, bütün ödənişlərini vaxtı-vaxtında edirmiş və ABŞ dollarının məzənnəsi ikinci dəfə artanda onunla saziş bağladılar ki, birinci artımın məzənnəsi ilə ödənişi davam etdirə bilsin. 5000 dollar götürdüyü kredit qarşılığında az qala 25000 dollara yaxın pul qaytarmışdır. Artıq ödəyə bilmir, qazanc yeri yoxdur və on ilə yaxın müddət keçib. Qeyd olunanları nəzərə alaraq xahiş edir ki, borc ləğv olunsun. Problemli kreditlərin kompensasiyası ilə bağlı 4500 manat məbləğə yaxın pulu götürmüşdür. Həmin gün banka yaxınlaşaraq, qalan borcun məbləğini soruşmuşdur. Demişlər ki, 1500 manat məbləğində borcu qalıb və o, həmin 1500 manat məbləği ödəmişdir. Sazişin müddəti ilə bağlı dəqiq vaxt deyə bilmir, amma 2016-cı ilin dekabr ayında bağlamışdır. O, elə bilirdi ki, 1500 manat ödəyəndən sonra borcu qurtarıb və o, bu səbəbdən sənədləri saxlamamışdır. 10 ilə yaxın vaxt keçib, amma indi bilir ki, 1800 ABŞ dolları məbləğində borcu var. İndi bilmişdir ki, əlavə sazişdə ilkin müqavilədən artıq məbləğdə borc yazılıb. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 qıznın və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı, problemli kreditlərin kompensasiyası haqqında məlumat, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 491-14 USD nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 “dövriyyə vəsaitlərinin artırılması” məqsədi ilə 18 ay müddətinə illik 27% dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 27% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, ZM-491-14 USD nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü kredit borcunu tam ödəməmiş, nəticədə onun ödənilməmiş 1811,34 ABŞ dolları borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2013-ci il 3 iyun tarixli Qərarında göstərilmişdir ki, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Beləliklə Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Cavabdeh olan əsas borclu Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsindən göründüyü kimi, müqavilə 18 ay müddətinə bağlanılmış və sonuncu icra tarixi xx.xx.2014ci il tarixə kimi müəyyən edilmişdir. Həmin müqavilənin bağlanmasından 8 ildən çox vaxt ötmüşdür. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixində 18 ay müddətinə kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2016-cı ildə başa çatmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə 1 nömrəli xx.xx.2016-cı il tarixli əlavə saziş bağlandığını iddia etsə də, həmin sazişi məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı 10 yanvar 2024-cü il tarixində məhkəmə tərəfindən iddiaçıya sorğu ünvanlanmış, lakin iddiaçı 17 yanvar 2024cü il tarixli cavab məktubunda həmin saziş aşkar edilmədiyindən tərəflərindən məhkəməyə təqdim edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2016-cı il tarixli əlavə sazişin mövcudluğu ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən kreditin müddətinin xx.xx.2020-ci il tarixədək uzadılmasını müəyyən etmək mümkün deyildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş və iddiaçının tələb hüququ yaranmaqla iddia müddətinin axımı həmin tarixdən başlanılmış və müqavilə tələbi üzrə 3 illik iddia müddəti nəzərə alınmaqla iddiaçının məhkəməyə müraciət etməli olduğu sonuncu tarix xx.xx.2019-cu il hesab olunmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən həmin ödəniş borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilməklə iddia müddətinin axımı kəsilmiş hesab olunmalı və 3 illik iddia müddəti sonuncu ödənişdən sonra hesablanmalıdır. Belə olan halda iddiaçı xx.xx.2022-ci il tarixinədək iddia qaldırmalı olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı tələb irəli sürmüş və bununla da iddia müddətini buraxmışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edildiyindən və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, eyni zamanda iddiaçı bu müddətin üzürlü səbəblərə görə ötürülməsi barədə sübutları məhkəməyə təqdim etmədiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan başqa məhkəmə kredit müqaviləsi üzrə zamin olan Cavabdeh1 öhdəliyi barəsində qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçdiyindən ona qarşı münasibətdə də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar