Məhkəmə qərarları › İş №e-2-2(115)-1497/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1497/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1497/2025 06.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı tikilinin sökülməsi, ərazinin boşaldılması və müqavilənin ləğv edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı tikilinin sökülməsi, ərazinin boşaldılması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında özbaşına tikdiyi 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağının, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgahın, 5.2x3.1m ölçüdə 1ədəd mətbəxin, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağının , 6x3.2m ölçüdə 1 ədəd talvarın, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalının, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxananın, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağının, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxananın, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağının cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və xx.xx.2022-ci il tarixli 143 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 saylı X2 Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində Dövlət Meşə fondu torpaqlarından istifadə vəziyyəti araşdırlarkən, ünvan 1 ünvanda yaşayan Cavabdeh ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında istirahət-rekreasiya məqsədi ilə xx.xx.2022-ci il tarixli 143 qeydiyyat nömrəli 0.20 ha sahədə 2 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah , 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı , 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket talvar, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı mövcuddur. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə xx.xx.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir.. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi barədə vətəndaşın ünvanına xx.xx.2025-ci il tarixli 3-14-27-11/2-095/2025 nömrəli məktubun göndərilmiş, lakin bu günədək məktubda göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, MDB oyunları başlamamışdan əvvəl həmin ərazidəki obyektlərin bəzisi söküldü. Obyekt hal-hazırda fəaliyyət göstərir. Müqavilənin müddəti hələ bitməyib. Oranı icarəyə götürdükdən sonra tikinti işləri aparmışdırlar. Daş kərpiclə sanitar qovşaqdan başqa heç bir tikinti yoxdur. Onu da MDB oyunlarından sonra sökərək taxta materialdan yenidən tikmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı və cavabdeh tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, xəbərdarlıq, baxış aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-cü maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir Azərbaycan Respublikası Meşə Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). Həmin Məcəllənin 16-cı maddəsinin 1-ci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 17-ci maddəsinin 1-ci bəndinə əsasən meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarının mahiyyətinə aydınlıq gətirilməsini və onların hüquqi nəticələrini tənzimləyən mülki qanunvericilik normalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş X6 Təsərrüfat Mərkəzi (hazırda 10 saylı X2 Mərkəzi) ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş 11 noyabr 2022-ci il tarixli 27 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi Cavabdeh Hacıkənd meşəbəyliyinin 2-ci kvartalının 6 a bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahətrekreasiya məqsədi ilə 3 il müddətinə 0.20 ha sahə ayrılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyen qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsi ilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 0.20 ha sahə üçün 110 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, X6 Təsərrüfat Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə 3 il müddətinə bağlanmış, xx.xx.2025-ci ildə müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, o cümlədən torpaq sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır. Qanunvericliyin tələbindən də göründüyü kimi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmçinin qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən icarə müqaviləsində qeyd olunan torpaq sahəsi cavabdehin istifadəsinə verilmiş, lakin cavabdeh müqavilə şərtlərini yerinə yetirməyərək meşə ilə örtülü torpaq sahəsində müvafiq olaraq çadır tipli və ya sökülübyığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürməsinə baxmayaraq, həmin torpaq sahəsində əsaslı tikintilər aparmaqla icarə müqaviləsinin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, o cümlədən torpaq sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır. Ona görə də Cavabdeh tərəfindən Cavabdeh tərəfindən Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında tikilən 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı , 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı cavabdehin hesabına sökülməli və ərazi boşaldılmalıdır. Məhkəmə iddia tələbinin 23 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş 11 noyabr 2022ci il tarixli 27 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə rədd edilməlidir. Tərəflər arasında bağlanılmış 11 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, sözügedən müqavilə 3 il müddətinə bağlanılmışdır. Müqavilənin müddəti xx.xx.2025-ci il tarixdə bitmiş və müqavilə müddəti uzadılmamışdır. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 20-ci maddəsinin tələbinə əsasən müqavilə ilə müəyyən edilmiş istifadə hüququnun müddəti başa çatdığından cavabdehin meşə fondu sahəsindən istifadə hüququna xitam verilmişdir. Tərəflər arasında olan hüquq münasibətlərinə müddətin başa çatması əsası ilə xitam verildiyindən və müqavilə hal-hazırda qüvvədə olmadığından artıq xitam verilmiş müqaviləyə yenidən xitam verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında tikilən 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı , 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı cavabdehin hesabına sökülsün və ərazi boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar