Məhkəmə qərarları › İş №e-2-2(115)-1509/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1509/2023

02.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1509/2023 02.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdehlər "xxxx" MMC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatının” ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2( 104)- 36/2021 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən borclu İddiaçı MMC-dən ümumilikdə 65450 manat tutularaq tələbkar X1 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 8(104)-9 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən tələb borclu İddiaçı MMC-yə məxsus Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Şəhərcik küçəsi 17 ünvanda yerləşən 0.1124 ha torpaq sahəsinə yönəldilmişdir. Gəncə şəhər üzrə İcra idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ekspertin dəvət edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar üzrə "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi məsələsi barədə hesabatına” əsasən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Şəhərcik küçəsi 17 ünvanda yerləşən 0.1124 ha torpaq sahəsi 56000 manata qiymətləndirilmişdir. Əmlaka qoyulmuş qiyməti düzgün hesab etməmək olar. Belə ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Şəhərcik küçəsi 17 ünvanda 0.1124 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası mövcudur ki, onunda təxminən qiyməti 150.000 manat təşkil edir və bu barədə lazımi sənədlər mövcudur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İşin hallarından göründüyü kimi icra üzrə icraat çərçivəsində tələbin yönəldilmiş olduğu və borclunun mülkiyyətində olan əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. Əmlakın mülkiyyətçisi olan İddiaçı MMC həmin iş üzrə əmlakı qiymətləndirmiş "xxxx" MMC-nin qiymətləndirməsindən narazı qalaraq bununla bağlı iddia vermişdir. Məhkəmə qeyd edir ki, bu məsələyə ayrıca iddia icraatı qaydasında baxılmalı deyil, icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli 02 nömrəli qərardadında göstərilir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar