Məhkəmə qərarları › İş №e-2-2(115)-1529/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1529/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1529/2023 12.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dairkommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11901,70 manat əsas borc, 1743,77 manat faiz borc, 1420,53 manat cərimə borcu, 3235,65 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18301,65 manat məbləğində kredit borcunun, 145 manat dövlət rüsumunun və ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, 1 mərtəbəli, 64.7 kv.m ümumi sahəsi, 49.3 kv.m yaşayış sahəsi, 15.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 316 SF saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərtilə, 14500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli, 324 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 xüsusi mülkiyyət hüquqi ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən, 1 mərtəbəli, 64.7 kv.m ümumi sahəsi, 49.3 kv.m yaşayış sahəsi, 15.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 11901,70 manat əsas borcu, 1743,77 manat faiz borcu, 1420,53 manat cərimə borcu, 3235,65 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18301.65 manat məbləğində borcu mövcuddur. Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh2 bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır. İş üzrə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olmasını, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini və işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 316 saylı kredit müqaviləsindən görünür ki, illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 14500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 324 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, 1 mərtəbəli, 64.7 kv.m ümumi sahəsi, 49.3 kv.m yaşayış sahəsi, 15.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayana ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydə alınmışdır. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcundan Cavabdeh2 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 11901 manat 70 qəpik əsas bоrcu, 1743 manat 77 qəpik faiz bоrcu, 1420 manat 53 qəpik cərimə borcu və 3235 manat 65 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 18301 manat 65 qəpik məbləğində borcu var. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə 12101,70 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh2 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, 12101,70 manat məbləğində borcunun 60 ay müddətinə restrukturizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsini ləğv prosesində olan İddiaçı ASC xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 oktyabr 2014-cü il tarixli 316 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 14500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kreditin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı ktedit məbləğini iddiaçıya qaytarmamışdır. Problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışla müəyyən olunur ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə 12101,70 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Bundan başqa kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Cavabdeh2 sonuncu dəfə xx.xx.2016-cı il tarixində ödəniş etmiş, xx.xx.2019-cu il tarixdə 12101,70 manat məbləğində borcunun 60 ay müddətinə restrukturizasiya olunması və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-yə müraciət etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixdə cavabdehlərə bildiriş göndərmiş, xx.xx.2023-cü il tarixdə isə mediasiya üçün müraciət etmişdir. Mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddia isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş xx.xx.2016-ci il tarixdə edilmiş, müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitdikdən sonra cavabdeh xx.xx.2019-cu il tarixdə borcun restrukturizasiya olunması ilə bağlı iddiaçıya ərizə ilə müraciət etmişdir. Həmin tarixdən iddia müddətinin axımı başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin tarixdən yeddi ay sonra xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmiş (iddia müddətinin axımı dayanmış), xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət etmişdir. Mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar