Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1533/2025 16.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Nümayəndə1, onun nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 39300 manat məbləğində pulun və 207 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində yeləşən “Univermaq" adlı yerdə qızıl alqı-satqısı ilə məşğul olur. Əvvələr tanıdığı Cavabdeh ondan müxtəlif vaxtlarda və müxtəlif çeşidlərdə qızıl-zinət əşyaları götürmüş və qızılları satıb pulunu vermişdir. Onlar daha sonra başlamışlar mütəmadi olaraq alver etməyə və nəticədə Səlmi ondan 56000 manat miqdarinda qızıl-zinət əşyalarını satmaq üçün almış, aldığı qızılların bir hissəsinin pulunu qaytarsa da, hazırda Səlminin ona 39300 manat məbləğində borcu qalmışdır. Borcun qaytarılmasını tələb etdikdə isə müxtəlif arqumentlər gətirərək borcu verməkdən yayınmaqdadır. Belə ki, Səlmi borcunun olmasını xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda dolayısı yolla etiraf edərək bildirmişdir ki, “O pulun 56662 manatını yanvar ayınadək Ağanaz və digər şəxslər Cavabdeh vasitəsi ilə bağlamışlar. Yerdə 42300 manat pul qalmışdır” ifadəsində yerdə 42300 manat məbləğində pulun qaldığını bildirən Cavabdeh həmin borcun qaldığını etiraf edir, lakin həmin borcun ona məxsus olması ilə hazırda razılaşmır. Səbəb kimi də onu qeyd edir ki, o qızılları götürüb başqa adama vermiş və borcu həmin adam ödəməlidir. Qızıl-zinət əşyalarını o, satması üçün Cavabdeh vermiş, Səlmi qızılları kimə verib, kimdən pulunu ala bilmirsə ona bir aidiyyəti yoxdu. Cinayət işinin rədd edilməsi haqqında qərarda etiraf etdiyi 42300 manat məbləğindəki puldan müxtəlif vaxtlarda ödənişlər etmiş və hazırda həmin borc 39300 manat qalmışdır. Borcun olduğunu vatsap yazışmalarından edilən çıxarışlar da təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun Lalə kimi tanıdığı Cavabdeh təxminən iki il qabaq ondan qızıl götürmüş, sonra götürdüyü qızılların pulunu ona tam qaytarmamışdır. Cavabdeh tərəfindən ona ödənilməli məbləğ 39300 manatdır. Qızıl əşyalarını məhz Səlmiyə vermiş, Səlmi ona qızılları satacağını bildirmişdir. Təxminən 90000 manatdan artıq dəyərdə qızılı Səlmiyə vermişdir. Səlimi qızılları satıb ödənişi ona etməli idi. Səlmi qızılları Gəncə Univermağında ondan hissə-hissə götürmüş, qızılları Gəncə şəhərinə satacağını, dəyərini bir ay müddətinə ödəyəcəyini bildirmişdir. Cavabdeh qızılları verərkən işçiləri onun yanında olmuşdur. Şahidlər də təsdiq edə bilər ki, Səlmi ondan qızıl almışdır. Cavabdehin qızılı kimə aparıb verəcəyini bilməmiş, bununla bağlı ona hər hansı məlumat verməmiş, qızılları verdiyi şəxsi isə tanımamışdır. Ağanaz xanımı sonradan tanımış, bir-iki dəfə görmüş, lakin onunla alış-verişi olmamış, Ağanaza qızıl satmamışdır. Ağanaz xanımla hər hansı danışıqları, habelə borcla bağlı danışıqları olmamışdır. Ağanaz ona hər hansı ödəniş etməmişdir. Səlmi ona demişdir ki, qızıllar Ağanazdadır. Lakin özü Ağanaza heç vaxt qızıl verməmişdir. Səlminin qızılları sırf Ağanaz üçün götürdüyünü bilməmiş, başqa-başqa adamların adını ona çəkmişdir. Sadəcə olaraq cavabdeh onun qızıllarını həmin şəxsə vermiş, o da qızıllarını lombarda qoyub pul götürmüşdür. Belə ki, Səlminin ən son 56000 manat borcu qalmış, qızıllar lombardda olmuş, Bakı şəhərində yerləşən 4-5 yerdən lombarddan eyni gündə qızılları götürmüş, həmin qızıllara görə öz pulunu vermiş, borcdan 10000 manat çıxmış, 46000 borcdan 5700 manat ödəniş edilmiş və 39300 manat borcu qalmışdır. Lombarddakı qızıllar və lombarddakı borc Ağanazın adına olmuşdur. Səlmi ilə danışmış, Ağanazın razılığı ilə onun və Səlmini anasının iştirakı ilə qızılları lombarddan çıxartmışdır. Bundan başqa Ağanaz ilə danışmamışdır. Lombarddan qızılları götürüb pullarını ödəyərkən qardaşı yanında olmuşdur. 500 qram qızılın pulu qədər alacağı qalmışdı. Lombarddan qızılları götürmək üçün təxminən 40000 manat pul ödəmişdir. Ödəniş qəbzlərini isə saxlamamışdır. Səlmiyə verdiyi qızıllarla bağlı dəftərində qeyd aparmış, lakin dəftəri Səlmi imzalamamışdır. Borclu olmasını təsdiq edən Səlmi ilə aralarında olan telefon yazışmaları vardır. Telefon yazışmaları sırf Səlmi ilə onun arasında aparılmışdır. Telefon yazışmalarında cavabdehin borcu barədə məlumatlar var. Həmçinin iddiaçı Nümayəndə1 izahatında göstərdi ki, Səlmi xanımı əvvəldən tanıdığı üçün ona etibar etmiş, təxminən ümumikdə 110000 manat dəyərində qızılı cavabdehə vermişdir, verdiyi qızılların müəyyən hissəsi ödənilmiş, 56000 manatlıq 636 qram qızılın pulu qalmış, hazırda da 39300 manat borcu qalmışdır. Səlmi ilə Ağanaz öz aralarında alqı-satqı etmişlər. Səlmi ondan malları götürüb Ağanaza vermişdir. Səlmi ona bildirmişdir ki, Ağanaz qızılları lombarda qoymuşdur. Səlmiyə verdiyi qızılların Ağanazda olmasını 25 yanvar 2024-cü ildə bilmişdir. Bununla bağlı Səlmigilə getmiş, həmin vaxt evdə anası və qızı olmuşdur. Səlmigilə getdiyi gün Səlmi ona ödəniş etməli olmuş, Səlmiyə zəng etmiş, mesaj yazmış, cavab vermədiyi üçün, o da məcbur qalıb qardaşı ilə onlara getmişdir. Səlmi ondan kart nömrəsi istəmiş, onu Ağanaza atmış, ödənişlər 2024-cü ilin fevral ayından başlamış 04 dekabr 2024-cü ildə sonuncu dəfə ona ödəniş edilmişdir. Fevralda ödənişə başlmamışdan qabaq Səlmi xanımın ona 46000 manat borcu var idi. Qızıllar lombarda qoyulmuşdur, lombarddan qızılları çıxartmışdır. 10000 manat pulu isə həmin vaxt borcundan silmişdir. Həmin məbləğdə borcu sildiyini Səlmiyə bildirmişdir. Lombardlardan təxminən 383 qram 585 əyyar qızıl götürmüş, qızılları götürəndə qızılın dəyəri 88 manat olmuş, ona görə həmin dəyərlə hesablayıb borcdan çıxmışdır. Lombarda qızılları 72 manatla qoymuşdular. O malları 88 manata satmış və 88 manata geri götürmüşdür. Qızılları Səlmiyə satdığı məbləğdə borcdan silmişdir. Götürdüyü qızılların siyahısı cavabdehlə olan yazışmalarında vardır. Götürdüyü qızılları özü satmışdır. Lombardan sonra ona 5700 manat pul ödənilmişdir. Ağanaz 5700 manatı Səlmiyə ödəmişdir, Səlmi də həmin pulu ona ödəmişdir. Səlmi ilə Ağanazın oğlu arasında bağlanmış borc müqaviləsinin qızılla əlaqəsi vardır. Səlmi demişdir ki, Ağanazdan pulu almağının ancaq bir yolu odur ki, onunla borc müqaviləsi bağlamalıdır. Ağanaz Səlmiyə pulu Səlmiyə verəcəyini, Səlminin də pulu ona ödəməsini bildirmişdir. Ağanaz bununla bağlı ona da demişdir. Səlmi çekləri ona atmışdır. Ödənişləri Səlmi, ya da başqası etdiyini bilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında göstərdi ki, hazırda qadın paltarı alqı-satqısı edir. Füzuli ilə özü alqı-satqı etmişdir. Sonradan Ağanaz gəlmiş, Ağanazı o müştəri kimi tanımış, ondan mal aldığına görə tanımışdır. Ağanaz onun bir tanışı vasitəsilə ondan paltar almağa gəlmişdi. Ağanazla tanış olan ərəfədə o qızıl alveri etməmişdir. O belə bir adam olduğunu, qızıl alveri ilə məşğul olduğunu bildirmişdir. Onlar, yəni Füzuli ilə Ağanaz öz aralarında alqı-satqı etmişlər. Həmin şəxsləri o tanış etsə də qızıl söhbəti onların öz aralarında olmuşdur. Belə ki, Ağanaz ona qızına qızıl almaq istədiyini bildirmiş, onda o Ağanazı Füzuli ilə tanış etmişdir. Ağanaz qızına qızılı Füzulidən almışdı. Həmin borc Ağanaza məxsusdur. Ağanazın isə ona borcu yoxdur. Ağanazın oğlunun ona borcu vardır. Ağanazın oğlu ilə o borc müqaviləsi bağlamış, oğluna iş qurmaq istədiyinə görə borc vermişdir. Ağanazın oğlunun 45636 manat ona borcu qalmışdır. Verdiyi pul 68000 manat olmuş, ödəniş etmişdir və 45636 manat borcu qalmışdır. Həmin borc qızıl ilə bağlı deyildir. Ağanaz borcunu ödəyib qutarmışdır. Keçən il Füzuli onunla danışanda demişdir ki, Ağanaz barəsində polisə müraciət etsinlər, pulunu ondan alsın. O Füzuli ilə polisə getməmişdir. Lombarda qoyulan qızıllar Ağanazın qızılları idi. Lombarddan qızılları götürəndə o orda olmamışdır, Ağanaz ilə özü-öz aralarında danışmışlar. O Ağanaza qızıl satmamışdır. Füzuli gəlib ona Ağanazın onun telefonuna cavab vermədiyini bildirmiş, o da Ağanaza zəng etmişdir. Ağanaz ona borcunu ödəməyə pulu olmadığını, 383 qram qızılın lombardda olduğunu, Füzulinin gəlib lombarddan götürməsini bildirmişdir. Füzuli qızılları çıxardandan sonra 6600 manat borc qaldığını bildirmişdir. Lombarda pulu dediyinə görə Füzuli ödəmişdir. Lakin o bunu dəqiq bilmir. Lombarda Ağanaz və onun oğlu, Füzuli və qardaşı, onun anası getmişdir. Füzuli özü ona 6600 manat borc qalır, Ağanaz onu ödəsin borc qutarsın demişdir. Füzuli onlara gələndə anası, qızı, Yeganə, Turanə və Həlimə xanım evdə olmuşdur. ***-**-** nömrəsini o təxminən 2 ildir ki, istifadə etmir. nömrəni satmışdır. 24-54 rəqəmli nömrəsini 1 il yarımdan çoxdur ki, istifadə etmir, kimin işlətdiyini bilmir. Ödənişləri Ağanaz ona atmış, o da Füzuliyə göndərmişdir. Füzuliyə ödənişlə bağlı qəbzləri 24- 54 rəqəmli nömrəsi ilə atmışdır. Ağanaz ödənişləri birbaşa Füzuligilin kartına atmışdır. O, Füzulini və Ağanazı tanış etdiyinə görə Ağanaz ona ödəniş qəbzlərini atmışdır ki, ödənişləri etdiyi barədə məlumatı olsun. 24-54 rəqəmli nömrəsi ilə “whatsapp” tətbiqi işlətmir. 24-54 rəqəmli nömrə ilə Füzuliyə borcu olması ilə bağlı o səs atmamışdır. Səs yazılarını Füzuli ona 24-54 rəqəmli nömrəsinə göndərmişdir. O, Füzuliyə elə bir səs atmamışdır ki, bu qədər borcu vardır. Füzuli demişdir ki, qızılı 140 manatla vermiş, 140 manatla da hesablayıb götürəcək. Ancaq qızılları götürəndə 56 manatla hesablamışdır. Ağanazla danışanda o bilmişdir ki, qızılları 140 manatla vermişdir. Ağanazla Füzulinin arasında olan söhbətdən bilmişdir ki, Füzuli qızılları 52-56 manatla hesablamışdır. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında göstərdi ki, Səlmi ilə Füzuli arasında olan səs yazısından görünür ki, Füzuli Səlmiyə zəng etmişdir ki, onun pulunu qaytarsın, Səlmi isə ona demişdir ki, o Ağanazla alver etmiş, Ağanaz onun pulunu qaytarmır. Səlmi həmin səs yazısında qızılları Ağanaza satdığını qeyd edir. Lakin qarşı tərəf səs yazısında özlərinə xeyir edən yerləri kəsib təqdim ediblər. Səlmi məhkəmədə Füzulidən qızıl almadığını qeyd etsə də Füzuliyə göndərdiyi səs qeydində 109000 manatlıq alqı-satqı etdiyini bildirir. Bundan başqa Ağanazın polisdə verdiyi izahatına uyğun olaraq səs yazısı vardır. Ağanazın şahid kimi dindirilməsi nəzərə alınsa da o məhkəmə iclasına gəlməkdən imtina etmişdir, lakin onun səs yazıları vardır, həmin səs yazıları iş üçün əhəmiyyət kəsb edir, bu səs yazıları məhkəmədə iş davam edəndə göndərilmişdir. Polis orqanın qərarında qeyd edilənlər Səlminin izahatında dəyişdirilmişdir. Həmçinin qərarın ləğv edilməsi səbəbi kimi izahatlarda hər hansı səhv olması qeyd edilməmişdir. Polisin qərarında olan izahatlar əsl izahatlardır, məhkəmə tərəfindən onlar nəzərə alınmalıdır. O cümlədən “whatsapp” yazışmalarında Səlmi nə qədər borcu qalmasını qeyd edir. Əgər onun borcu yox idisə, Füzuli ona nə qədər borcu qalması ilə bağlı yazanda o Füzuliyə irad bildirə bilərdi. X16 borcunun olmaması barədə nəsə yazmamışdır. Qarşı tərəf Səlmi tərəfindən ödənilmiş əvvəlki qəbzləri təqdim edirlər. İddiaçı tərəf ödənişlərə etiraz etmir. Çünki tərəflər arasında 109000 manatlıq alq-satqı olmuşdur, lakin fevral ayından başlayaraq borcun ödənilməsindən dolayı problemlər yaranmışdır. Bundan başqa cavabdeh tərəf ancaq bir tərəfli səs yazılarını məhkəməyə təqdim etmişdir, lakin həmin səs yazlarına cavab olaraq göndərilən səs yazılarını məkəməyə təqdim etməmişdir. Həmçinin bu səs yazıları təqdim edilməmişdən qabaq polis orqanının qərarı da ləğv edilməmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında həmçinin göstərdi ki, Səlmi belə mərhəmətli insan oldu ki, 100000 manatlıq qızılın alverində vasitəçi olmuşdur. Onun özünün burda xeyri yox idisə nəyə görə Ağanaz pulları Səlmiyə atırdı. Elə birbaşa Füzuliyə göndərərdi. Füzuli ilə Ağanaz arasında hər hansı yazışma yoxdur, pul gələndə Füzuli Səlmiyə mesaj yazırdi ki, “sağol pul gəldi”. Yəni, Səlminin burda marağı nədir ki, gedib borc müqaviləsi bağlamışdır. Füzuli qızılları Səlmiyə verdiyi üçün Səlminin anası lombarddan qızılları götürməkdə iştirak etmişdir. Ağanazın səs yazısı vardır ki, onun evində dava düşməsin deyə oğlunu göndərib məcbur qalmışdır ki, borc müqaviləsi bağlasın. Səlmi öz nömərisini işlətmədiyi qeyd etsə də şahid həmin nömrə ilə Səlmi ilə əlaqə saxladığını qeyd etdi. Səlmi özü bilir ki, o səs yazılarında borcunu etiraf etmişdir, bunu inkar etmək üçün nömənin işlətmədiyini qeyd etmişdir. Onların dəvət etdiyi şahidlər də ifadə verərək Səlmi xanımın Univermaqdan qızıl aldığı barədə ifadə vermişlər. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, cavabdeh tərəfin təqdim ediyi disk yazısı Səlmi və Füzuli arasında olan danışığın səs yazısıdır. Borcun kimə məxsus olduğunu, alqı-satqının reallıqda kimlər arasında olduğunu təsdiq edir. Birinci iddiaçı əsaslandırmalıdır ki, borc nəyə görə, nəyə əsasən, nədən yaranmışdır. İddiaçı bunları izah edə bilmir. Birinci əsaslandırılmalıdır ki, iddiaçı həqiqətən qızıl vermişdirmi, nə qədər vermişdir. Səlmi polisdə izahat verərkən iddiaçıya borcu olması barədə izahat verməmiş, polis orqanının qərarında təhrif olunmuş izahat olmuşdur. Səlmi ilə Ağanazın oğlu arasında bağlanmış borc müqaviləinin bu işə aidiyyəti yoxdur, Ağanazın oğlu ilə Səlmi arasında olan məsələdir. Füzulinin qardaşı izahatında Füzulinin izahatında qeyd etdiklərini təsdiq etmişdir. Füzulinin izahatından belə sual yaranır ki, Ağanızın ona borcu yox idisə o niyə məcbur idi ki, Səlmiyə pul tapıb borc müqaviləsi bağlatdırsın. Hesab etmişdir ki, Ağanazın ona borcu vardır, pulu itməsin deyə belə bir müqavilə bağlanmasını tələb etmişdir. Cavabdeh tərəf öz izahatında Füzuliyə borcu olması barədə hər hansı ifadə işlətməmişdir. İzahatlardan borcun Ağanaza məxsus olması aydın olur. Lombarddan qızılları götürəndə qızılın qramının dəyəri 140 manat olmuşdur, 383 qram qızıl 56000 manat pul edir, iddiaçı 11000 manat lombarda pul ödəmişdir, lombarddan götürülən qızıllar mövcud borcu ödəyir. Ağanazın polisdə olan izahatından da aydın olur ki, borc Ağanaza məxsus olmuşdur. Təqdim olunmuş “whatsapp” yazışmaları sübut deyildir, sübut olması üçün ən azından orada hansı qızılların olması qeyd edilməli idi. Müəyyən edilməlidir ki, hansısa yazışma ordan silinmişdirmi, hansısa düzəliş aparılmışdırmı. Həmçinin həmin yazışmalarda Səlminin Füzuliyə borcu olması qeyd edilməmişdir. Polisdə verilmiş izahatlardan da müəyyən edilmişdir ki, Ağanaz pulu ödəyəcəkdir Səlmiyə, Səlmi də həmin pulu Füzuliyə ödəyəcəkdir. Ona görə Ağanaz ödəniş edəndə Füzuli Səlmiyə nə qədər borc qalmasını yazmışdır, lakin Səlmi həmin borcun ona məxsus olmasını qeyd etməmişdir. Azərbaycanda çox sahibkarların bir-biri ilə alış-verişi mövcuddur, o demək deyildir ki, kiminsə kiminlə alqı-satqı etməsi kiminsə borclu qalmasına dəlalət edir. İddianın predmeti qızıl alqı-satqısıdır, guya iddiaçı Səlmi ilə qızıl alqı-satqısı etmişlər və 39300 manat borc formalaşmışdır. O Füzulidən dəfələrlə soruşmuşdur ki, o hansı miqdarda Səlmiyə qızıl satıb, Füzuli buna dəqiq cavab verə bilmədi, həmçinin verdiyi qızılları öz dəftərində qeyd etdiyini desə də Səlminin həmin dəftərə imza çəkmədiyini dedi. Verdiyi qızılların miqdarının sonrdan təxminən 683 qram olduğunu bildirdi. Təxminən verilən iddia əsaslı ola bilməz. Yəni iddiaçı borcun nədən yarandığını göstərə bilmir. Bundan başqa, Füzuli birinci iclasda dedi ki, Ağanazın adına olan qızılları lombarddan götürməmişdir. Onların təqdim etdiyi sübutlardan sonra lombarddan qızıl götürdüyünü etiraf etdi, 383 qram qızıl götürdüyünü bildirdi və borcdan 10000 manat çıxdığını bildirdi, Nəyə görə borcdan 10000 manat çıxır, burda nəyin mübahisəsi gedə bilər, əgər verilən qızılları geri götürmüşdürsə, ancaq lombarda verdiyi pulları tələb edə bilərdi. Şahidlər də ifadə verdi ki, Füzuli lombarddan qızılları götürdükdən sonra 6600 manat Ağanazın ona borcu qalmışdır. O cümlədən 13200 manat Fizuliyə pul ödənilməsini qəbzlər sübut edir. İddia ərizəsində iddiaçı özü qeyd etmişdir ki, 56000 manat Səlmi ondan qızıl almış, sonrdan 39300 manat borcu qalmışdır. 56000 maantdan 13200 çıxanda 42800 manat borc qalır, lombarddan isə qızılları götürdükdən sonra necə ola bilər ki, 39300 manat pul qalmışdır. 383 qram qızıl isə həmin vaxtda qızılın dəyərinə əsasən 53000 manat edir. 53000 manat pulun üzərinə də 13200 gələndə 66300 manat pul edir. Bundan başqa Füzuli polisdə Səlminin 4700 manat ödədiyini bildirsə də məhkəmədə Səlminin ona 5700 manat ödədiyini bildirmişdir. Bu Füzulinin olan daxili inamı zəiflədir. Şahidlərinin məhkəmədə verdiyi ifadə ilə polisdə verdiyi ifadələr eynilik təşkil etmişdir. Bundan başqa iddia tələbi səhv adama qarşı qaldırılmışdır, X10 tanış etmişdir. Səs yazılarında Füzuli özü bildirmişdir ki, “arvad” pulları ödəmir, hansıki məhkəmə müəyyən etdi ki, həmin şəxs Ağanazdır. Füzuli bunu bildiyi üçün Ağanazla borc müqaviləsi bağlatdırmışdır, yoxsa həmin müqaviləni özü Səlmi ilə bağladardı ki, Səlminin ona borcu vardır. Füzuli polisdə bildirmişdir ki, Səlmi qızılları aparıb lombarda qoymuşdur, ancaq qızılları lombarda qoyan Ağanaz olmuşdur. Polis orqanı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən biri olan raportdan aydın olur ki, 8 ay qabaq Füzuli lombarddan qızıllarını götürsədə polisə müraciət edərək Səlminin qızılları lambarda qoyduğunu bildirmişdir. Səlmiyə qarşı belə bir iddianın qaldırılması absurddur. Polisə verdikləri izahatlarında Füzuli və onun qardaşı bildirir ki, “Ağanaza dedim niyə borcumu ödəmirsən və lombarddan qızılları götürüb dedim ki, sənin borcundan 10000 manat sildim”. Əgər qızılları Səlmi vermişdirsə qızılları gedib Səlmi tələb edərdi, nəyə görə Fizuli Ağanazdan qızılları tələb edirdi. Füzulidən Səlmi pulu o vaxt tələb edərdi ki, işin faktiki halları ilə müəyyən edilərdi ki, Səlmi Füzulu qarşısında cavabdehlik daşıyır. Qarşı tərəfindən şahidləri məhkəmə iclasında ifadə verərkən bildirdilər ki, Səlmi Füzulidən qızıl götürmüşdür, miqrdarını soruşanda isə 20000 manat miqdarında verdiklərini dedilər. Füzuli bəyin satıcısı isə Səlmiyə nə qədər qızıl verdiklərini bilmədi. Həmçinin şahidlər Fizuli ilə Səlminin qızıl salqı-satqı etməsinə dair fərqli müddətlər bildirdilər. Sübutları onu təsdiq edir ki, Səlminin borcu yoxdur, Səlmi bu işdə cavabdehlik daşımır. Füzuli pulunu gedib Ağanazdan tələb edərdi. Yazışmalarda isə Səlmi Füzuliyə borcunun olmasını etiraf etməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösrətdi ki, Cavabdeh onun xalası nəvəsidir, onların həyətində oturarkən Nümayəndə1 qızılları Şahid1 verdiyini görmüşdür. Şahid1 2 dəfə qızıl verəndə orada olmuşdur. Şahid1 Nümayəndə1 qızıl götürmüşdür. Cavabdeh qızıl isə verdiyini görməmişdir. Bildiyinə görə Şahid1 ilə Nümayəndə1 arasında borc məsələsi vardır. Şahid1 da olan pulunu almaq üçün Nümayəndə1 Cavabdeh kömək istədiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Füzuli ilə onun qızıl satdığı yer bir birinə yaxındır. Səlmini o Lalə kimi tanımışdır. Səlmi 10 ildən artıqdır ki, qızıl alıb-satırdı. Səlmi Füzulidən həmişə qızıl alırdı. Səlmini qızıl almağa gələndə görmüşdür. Səlminin Füzulidən qızıl aldığına şahid olmuşdur. Gah bir aydan bir, gah on beş gündən bir, elə olurdu bir həftədən bir gəlib-gedirdi. Gələndə tək gəlirdi. Səlmi onlardan da qızıl alırdı. Onlardan qızılları nisyə alırdı. Füzulidən də qızılları nisyə alırdı. Səlmi hər dəfə fərqli dəyərlərdə qızıl alırdı. O bildiyi qədəri ilə Füzuliyə 40000 manata yaxın borcu vardır. Səlmi azaz borcundan ödəyirdi. Ondan da qızıl almışdır. Səlmi qızılları satmaq üçün alırdı. Ondan aldığı qızılları özünə alırdı. Axırıncı dəfə nə vaxt gəldiyini bilmir. Səlmini pul verəndə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, satış etdiyi yer Füzuliyə yaxındır, ancaq bir az kənardadır. Səlmi ilə Füzulinin həmişə alver etdiyini görmüşdür, sonradan bilmişdir ki, Səlmi mal götürmüş lakin pulunu vermir. Dəfələrlə Səlmini qızıl alanda görmüşdür. Uzun müddətdir ki, Səlmi ilə Füzuli alver edirlər. Dəqiq neçə il olduğunu bilmir. Qızıl almağa gələndə tək də gəldiyini, arada bir xanımla da gəldiyini görmüşdür. Aıxırıncı dəfə nə vaxt gəldiyini xatırlamır. Nə qədər qızıl alqı-satqı etdiklərini bilmir. Səlminin dəqiq nə qədər borcu olduğunu bilmir. 20000 manat ətrafında borc olmalıdır. Füzulinin Bakıya gedib lombarddan qızıl götürüb gəldiyini bilmir. O ancaq mal alıb-satanda görmüş, pulu veriləndə görməmişdir. Onların hamısı nisyə mal satışı edirdilər. Səlmi ondan qızıl almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, əmək müqaviləsi ilə 3-4 ildir ki, Füzuli müəllimin yanında satıcı işləyir. Əvvəlcə də başqa şəxslərlə işləmişdir. Səlmi həmişə gəlib onlardan nisyə mal alırdı. Füzuli müəllimlə işləməmişdən qabaq da Səlmi qızıl almağa gələndə görmüşdür. Səlmi 2022-ci ildən nisyə qızıl almışdır. Səlmi xanım ilə Füzuli müəllim uzun müddətdir alqı-satqı edirdilər. Səlmini alverçi kimi bilir, o qızıl alqısatqısı edirdi. Elə olurdu ki, Səlmi iki gündən bir gəlirdi, elə olur ki, hər gün gəlirdi. Qızıl götürəndə hansısa sənədə qol çəkmirdi. Səlmiyə qızılları Füzuli müəllim olmayanda o verirdi, özü olanda özü verirdi. Qızıl verəndə çəkisi ölçülüb verilirdi. Verilən qızılın çəkiləri fərqli olurdu. Qızılı qramla verirdilər, o məbləğini bilməmişdir. Neçə min manatlıq qızıl aldığını bilmir. Gələndə tək də gəlirdi, anası ilə də gəlirdi. Səlminin anasının adını bilmir. Səlmi xanım Füzuli müəllimə nə qədər pul verməli idi bilmir. Ümumilikdə nə qədər qızıl verildiyini bilmir. Füzuli müəllimin lombarddan gedib qızılları çıxardıb-çıxartmadığını bilmir. Füzuli müəllim Səlmi xanımın borcunun çox olduğunu demişdi, ancaq məbləğini deməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Səlmi xanımla onlar alver edirlər, ondan paltar alırlar, onu elə tanımışdır. Günlərin birində yenə paltar alan zaman səs-küy eşitmiş, Füzuli bəy və yanında başqa bir oğlanı görmüşdür. Füzuli bəy Səlmi xanıma Ağanaza zəng etdiyini, telefonunu götürmədiyini, pulunu vermədiyini, onu Ağanazla onun tanış etdiyini. onun zəng etməsini bildirdi. Səlmi xanım da Ağanaza zəng etdi, Ağanaz xanım ona dedi ki, pulu yoxdur, lombarda 11000 manat borcu var, versinlər qızılları lombarddan çıxarsınlar. Füzuli bəy Səlmi xanıma dedi ki, lombarddan qızılları özü çıxardacaq, verdiyi qiymətə qızılları hesablayacaqdır. Qalan pulu Ağanazadan Səlmi alıb Füzuliyə verər. Təxminən 383 qram qızıl olmalı idi. Həmin qızılları lombarda Ağanaz qoymuşdu. Səlmi xanım Ağanaz xanımla telefon vasitəsi ilə danışırdı. Telefon danışığı bitdikdən sonra Səlmi ilə Füzuli arasında olan söhbətdən Ağanazla telefonda nə danışıldığını bildi. Füzuli dedi ki, qızılları 140 manatdan vermişdir, elə də geri götürəcək. Füzuli Səlmi xanıma dedi ki, qızılları lombarddan götürəndən sonra 6600 manat pul qalır, Ağanazdan həmin pulu alar, məsələ bitər. Həmin vaxt evdə anası, o, Səlmi xanımın qızı, anası, bacısı və Həlmə xanım var idi. Füzuli bəy qardaşı ilə gəlmişdir. Füzuli öz dili ilə Səlmi xanıma dedi ki, Ağanazla onu Səlmi tanış etmişdir. Səlmi xanım Füzuliyə dedi ki, Ağanazla onu tanış etmişdir, ona deməmişdir ki, onun pulunu verməsin. Səlminin borcunun olması barədə nəsə deyilmədi. Söhbət Ağanaz xanımın üzərindən gedirdi. Dəqiq nə qədər puldan söhbət getdiyi yadında qalmayıb. Ağanazla telefon danışığını o eşitmədi, Səlmi xanım Ağanazla telefonla danışdığını Füzuliyə deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Səlmi xanım gilə getmişlər, iki nəfər kişinin gəlib evə girdiyini görmüşdür. Gələn kişilər Səlmi xanıma Ağanazın zəngi götürmədiyini bildirdi. Səlmi xanım da zəng etdi Ağanaza, o da dedi ki, 11000 manat lombarda borcu var. Səlmi xanımla Ağanaz telefonda danışırdı, danışdıqlarını da Füzuliyə deyirdi. Füzuli yanında qardaşı ilə gəlmişdi. Bu hadisə olanda təxminən qış fəsli idi. Evdə həmin vaxt, o, qızı, Səlmi xanım, anası və uzunboy bir xanım var idi. Füzuli bəyi tanıyır, onu Səlmi xanım gildə görmüşdür. İradə xanım Səlmi xanımın anasıdır. Həlimə də Səlmi xanımdan alver edən şəxsdir. O Səlmi xanımdan həmişə alver edir, ondan mal alır. Həmin vaxt da mala baxmağa getmişdi. Füzuli də dedi ki, o lombarddan qızılları götürəcək, yerdə qalan borcu ödəyərlər. Eşitdiyinə görə də yerdə qalan borc 6600 manat idi. Füzuli də Səlmiyə dedi ki, həmin pulu Ağanazdan alıb ona verər. Lombarddakı qızılların çəkisi 383 qram idi. Eşitdi ki, ordakı qızılları 140 manatdan hesablayacaq. Bakıya getməkləri barədə nəsə bilmir. Füzuli Səlmiyə dedi ki, 6600 də ona verəndən sonra onların məsələsi qutaracaq. Səlmi xanım Ağanazın qızılları almasında vasitəçi olmuşdur. Füzuli Səlmi xanıma demədi ki, onun pulu Səlmi xanımdadır, dedi ki, onun qızılları Ağanazdadır. Füzuli Səlmi xanıma dedi ki, özü gedəcək, qızılları lombarddan çıxardacaq, yerdə 6600 manat pul qalacaq, həmin pulu da Ağanazdan alıb ona verər. Füzulinin qızılları neçədən satdığını bilmir. Səlmi xanım Ağanazın dilindən deyirdi ki, qızılları lombarda qoymuş, 11000 manat borcu var, gərək o pul ödənilsin, qızıllar götürülsün, onun həmin qızılları götürməyə pulu yoxdur. Füzuli də dedi ki, o götürər. O Səlmi xanımdan soruşdu ki, nə məsələdir, o da elə eyni şeyləri ona dedi. Səlmi xanımın satdığı qızıllara 1-2 dəfə baxmışdır, imkanı çatmadığı üçün almamışdır. Səlminin qızılları kimdən aldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Səlmi onun qızıdır, Səlmi ilə Füzuli arasında əvvəllər qızıl alqı-satqısı olmuşdur. Səlmi əvvəllər qızıl alveri edirdi, indi qızıl alveri ilə məşğul olmur. Uzun illər əvvəl qızıl alveri etmişdir. Səlmi ilə Ağanazı da başqa bir adam tanış etmişdir. Müştəri onların evinə gələndə Ağanaz da yanında gəlmişdi. Ağanazı onların evdə bir dəfə paltar alanda görmüşdür. Ağanaz Səlmiyə demişdi ki, qızıl da almaq istəyir, həmin vaxt Səlmi Ağanaza demişdi ki, Füzuli adlı tanış var, o qızıl alveri edir. O Ağanazla Füzulinin tanış olmasında vasitəçi olmuşdur. Ağanazla Füzuli arasında birinci dəfə deyildi ki, alver edirdilər, bir neçə dəfə Ağanazla Füzuli qızıl alqı-satqısı etmişdilər, lakin axırınci dəfə Ağanaz pulunu vermədiyi üçün Füzuli qardaşı ilə onlara gəldi. Füzuli onlara gələndə, qızı, o, Həlmə, Yeganə və Turanə var idi. Qızı evdə paltar satdığı üçün Yeganə və Turanə də evlərində idilər. Füzuli Səlmiyə dedi ki, Ağanaz onun pulunu vermir. Səlmi də zəng etdi Ağanaza, Ağanaz ona dedi ki, Füzuli gözləsin, gözləyə bilmirsə qızılları lombarda qoymuşdur, gəlsin çıxartsın. Həmin vaxt Səlmi Ağanazla telefonda danışdı. Füzuli Səlmiyə dedi ki, getsin qızılları lombarddan götürsün, Səlmi də Füzuliyə dedi ki, pulu yoxdu, götürür getsin özün götürsün. Füzuli də dedi ki, onda bir nəfər onlardan Füzuli ilə gəlsin, o da Füzuli ilə Bakıya getmişdir. Səlmi xəstələndiyi üçün o, Füzuli ilə Bakıya getmişdir. Bir neçə lombarda getdilər, Füzuli qızılları lombarddan çıxardı, dedi 6600 manat pul qaldı, Səlmiyə dedi ki, 6600 manatı Ağanazdan alıb ona verər. Füzulidən qızılları Ağanaz özü gəlib götürürdü. Ağanaz Bakıdan gəlib qızılları götürürdü, ya da qızıllar maşınla da göndərilirdi. Ağanaz və Füzuli danışanda bilmişdir ki, qızılları maşınla da Füzuli Bakıya Ağanaza göndərir. Ona bunları Səlmi demişdi. Ağanaz pulu Füzulinin telefonuna və ya işçilərinə göndərirdi. Qızılları lombarddan Füzuli özü götürdü, o qıraqda durmuşdu, üç-dörd yedə lombarda getdilər. Ağanazla Füzuli qızılları təhvil alırdılar. Füzuli 11000 manat pul ödədi, 383 qram qızıl götürdü. Dedi ki, qızılları 140-dan hesbalayacaq, borcundan çıxacaq. Yerdə 6600 manat borc qaldı. Sonradan Səlminin 6600 manatı Ağanazdan alıb verdiyini bilmədi. X10 tanış etdiyi üçün Füzuli Səlmiyə onunla Bakıya, lombarda gəlməsini dedi. X10 tanış etdiyi üçün Füzuli ona Ağanaz pul verəndə, ödəniş edəndə Səlmiyə deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Səlmi xanım onun müştərisidir, o da Səlminin müştərisidir. Belə ki, Səlmi xanımı çoxdan tanıyır, onun müştərisi idi, sonrdan bilmişdir ki, paltar satır, o da onun yanına getmişdir. O mal almaq üçün Səlmigilə gedib-gəlirdi, Füzulinin qardaşını Səlmigildə görmüşdür. Füzuli bəyin yanında gələn şəxsi tanımır. Ondan başqa Səlminin digər müştəriləri də var idi, onları ancaq müştəri kimi tanıyır, yaxından tanımır. Həmin vaxt mal almağa getmişdi. Təxminən qış ayları idi. Füzulinin qardaşı Səlmiyə deyirdi ki, zəng edirik cavab vermir, pulu ödəmir. Səlmi zəng etdi danışdı. Zəng etdiyi adamın adı ya Vüsalə, ya da ki, Ağanaz idi. Sonra Səlmi telefonla danışdı, danışan adam dedi ki, pulu ödəyə bilmir, gəlsinlər lombarddan qızılları götürsünlər. Səlmi telefonda eşitdiyi sözləri Füzuliyə deyəndə o eşitmişdir. Eşitdiyinə görə 11000 manat pul ödəyib qızlları götürməli idi. O Bakıya gedəndə Səlminin anası da onunla getmiş, yolda Füzulinin Bakıda lombarddan qızıl çıxardacağını eşitmişdir. O elə eşitmişdir ki, borc məsələsi Vüsalə ilə Füzuli arasındadır. Səlmi xanımla “whatsapp” tətbiqində ***-**-** nömrəsi ilə əlaqə saxlayır. ***-**-** nömrəsi ilə telefonla da danışır. İş materiallarında olan Gəncə şəhər BPİ-nin İTİ-nin HK-1/945 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, materaial üzrə hər hansı şəxsin əməlində CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri olmaması qeyd edimiş, müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabr ayından başlayaraq Nümayəndə1 ilə Cavabdeh arasında qeyri-rəsmi olaraq qızıl alqı-satqısı aparılmağa başlanmış, Cavabdeh qazanc əldə etmək məqsədilə Nümayəndə1 müxtəlif vaxtlarda və müxtəlif məbləğdə nisyə qızıllar götürərək aldığı qiymətin üstünə pul qoymaqla həmin qızılları X4 nisyə vermişdir. 2024-cü ilin yanvar ayına qədər olan müddətdə nisyə götürdüyü qızıllara görə Cavabdeh Nümayəndə1 56000 manat, A.Hüseyovanın Cavabdeh isə 68000 manat borcu yaranmışdır. A.Hüseyova nisyə götürdüyü qızıllara görə Cavabdeh olan 68000 manat borcu qaytara bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən notariusda Cavabdeh ilə Ağanazın oğlu X7 arasında 68000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Araşdırma zamanı Nümayəndə1, Cavabdeh, Şahid9, X8, X1, X2, X5, X3 izahatları alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh ilə X7 arasında borc müqaviləsi bağlanmış, borc verən borc alana 68000 manat borc verməyi, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə 8 ay ərzində hər ay 8500 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Gəncə şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də HK-1/945 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, material araşdırma aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-ə göndərilmişdir. İş materiallarında olan audio və fotoşəkillərin diskinin tədqiqindən görünür ki, Xıdırov X6 Səlmi Vidail qızına səs göndərərək Şahid1 borcu ödəmədiyini bildirir. İş materiallarında olan leobank vasitəsi ilə ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən Nümayəndə1 xx.xx.2024-cü il tarixdə 900 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat pul ödənilmişdir. İş materiallarında olan köçürülən pul vəsaitlərinin qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə 3418 manat, xx.xx.2024-cü il tarixdə 1496 manat, 1800 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 510 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, tarixi müəyyən edilməyən vaxtda 1000 manat, 100 manat, 600 manat məbləğində qəbzlər vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı Nümayəndə1 iddia tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh qızıl əşyası satmış, məhz qızıl əşyalarını cavabdehə vermiş, həmin qızıl əşyaların pulunun müəyyən hissəsi ödənilmiş, son olaraq aralarında 56000 manat borcu qalmış, qızıllar lombardda olduğundan, 383 qram qızılı lombarddan götürmüş, lombarddan götürdüyü qızılların pulunu ödədiyi üçün 10000 manatı ümumi borcdan çıxmış, 46000 borcdan 5700 manat ödəniş edildiyindən 39300 manat borc qalmışdır. Ona görə də cavabdehdən həmin məbləği tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan biri Gəncə şəhər BPİ-nin İTİ-nin xx.xx.2024-cü il tarixli HK-1/945 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarıdır. İddiaçı həmin qərara istinad edərək qərarda cavabdehin dolayısı ilə borcu etiraf etdiyini qeyd etmişdir. Məhkəmə bildirir ki, Gəncə şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə Gəncə şəhər BPİ-nin İTİ-nin HK-1/945 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə göndərilmişdir. Məhkəmə tərəfindən Gəncə şəhər BPİ-nin İTİ-nin HK-1/945 nömrəli material üzrə araşdırma materialları alınmışdır. Həmin materiallarda olan cavabdehin izahatından görünür ki, o Nümayəndə1 56000 manat qızıl-zinyət əşyaları götürməmiş, iddiaçı ilə Şahid1 tanış etmiş, onlar öz aralarında alver etməyə başlamışlar. Bir müddət sonra isə iddiaçı ona Şahid1 pulu ödəmədiyini bildirmiş, o da sonuncudan Nümayəndə1 aldığı qızılların pulunu tələb etmiş, razılaşmaları belə olmuşdur ki, Şahid1 pulunu ona, o isə Nümayəndə1 ödəyəcək. Məhkəmə iclasında da Cavabdeh iddiaçıya borcu olmadığını, sadəcə olaraq iddiaçı Nümayəndə1 ilə digər şəxs Şahid1 tanış etdiyini, iddiaçının həmin şəxsə qızıl verdiyini, onları tanış etdiyi üçün ödənişlərlə bağlı qəbzi Şahid1 ona göndərdiyini, o isə qəbzləri iddiaçıya göndərdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhz borcun dollayı yolla cavabdeh tərəfindən etiraf edilməsi ilə bağlı iddiaçının göstərdikləri təsdiq edilmir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş telefon vasitəsi ilə yazışmaların fotoşəkillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin göndərdiyi pul məbləğlərini borcdan çıxmaqla yerdə qalan borcu yazdığını bildirmişdir. Həmin yazışmaların cavabdehin ***-***-**-** nömrəli telefonu ilə aparıldğını bildirmişdir. Cavabdeh isə həmin mobil nömrədən əvvəllər istifadə etdiyini, hazırda istifadə etmədiyini bildimişdir. İddiaçı tərəfindən təqdim edilən yaışmaların onunla iddiaçı arasında aparılmadığını bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ilə eyni zaman da cavabdeh tərəfindən təqdim edilən yazışma fotoşəkili, habelə ödənişlərlə bağlı qəbzlər həmin yazışmaların iddiaçı ilə cavabdeh arasında aparılmasından xəbər verir. Həmin yazışmalarda “41.300 ma-500 man = 40.800 man qaldı, 40800-500=40300 man qaldı, salam hə gəldi 39800 man-500 man =39300 man qaldı” kimi yazılar vardır. Lakin həmin yazılarda məhz borc məbləğinin cavabdehə aid olması müəyyən edilmir. İddiaçının digər sübutu şahid ifadələridir. İddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid4, Şahid3 və Şahid5 Cavabdeh Nümayəndə1 qızıl almasına şahid olduqlarını, lakin hansı məbləğdə, hansı çəkidə qızıl verilməsini bilmədiklərini, tərəflər arasında eşitdiklərinə görə borcla bağlı mübahisə yarandığını bildirmişlər. Həmçinin iddiaçı cavabdehin borcu etiraf etdiyini bildirməklə məhkəməyə səs yazısı təqdim etsə də məhkəmə sübutu məhkəmə baxışında verildiyindən tədqiq etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçının cavabdehə qızıl satması əsasında cavabdehin 39300 manat məbləğində borcu yaranması öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Nümayəndə1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1533/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1533/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver