Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-154/2024 05.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9506.46 manat əsas, 1501.71 manat faiz, 1024.70 manat cərimə, 2410.32 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 14443.19 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 210 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 77.3 kv.m ümumi sahəsi, 51.9 kv.m yaşayış sahəsi və 25.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 400 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 13000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, 395 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 77.3 kv.m ümumi sahəsi, 51.9 kv.m yaşayış sahəsi və 25.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 9506.46 manat əsas, 1501.71 manat faiz, 1024.70 manat cərimə, 2410.32 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 14443.19 manat məbləğində borcu mövcuddur. Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəfimizdən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh1 bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddia qanunla müəyyən edilmiş iddia müddəti ötürülərək verilmişdir. Kredit üzrə son ödənişi 2019-cu il tarixində etmişdir. Kreditin müddəti 2018-ci ildə bitmişdir. Həmin tarixdən bu günədək bank kredit tələbi ilə məhkəməyə müraciət etməmişdir İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş və izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehlərə hazırkı məhkəmə iclasınının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndədərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia müddəti ötdüyündən tələb təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli, 400 saylı kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh1 13 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Mustafayev Naryəddin Bəhram oğluna məxsus ünvan 1 ünvanında yerləşən 77.3 kv.m ümumi sahəsi, 51.9 kv.m yaşayış sahəsi və 25.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin dəyəri tərəflərin razılığı ilə 27 000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 03259 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 210 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Tərəflər arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 36 ay müəyyən edilmişdir. Müqavilə müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı həmin tarixdən başlanır. Borclu 2019-cu ildə ödəniş etmiş olduğu halda, iddiaçının həmin ödəniş tarixindən sonrakı üç il ərzində məhkəmədə iddia qaldırmaq imkanı olmuşdur. İddiaçı isə 07 dekabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2020, 2021 və 2022 illər ərzində iddia müddətinin axımının kəsilməsinə və dayandırılmasına səbəb olan hallar baş verməmişdir. Cavabdeh1 kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, əsas əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş sayıldığından tutma ipoteka predmetinə yönəldilə bilməz. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-154/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-154/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver