Məhkəmə qərarları › İş №e-2-2(115)-1543/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1543/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1543/2022 20.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı "xxxx" X23 Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, İlkin iddia üzrə Cavabdeh1 (o həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsidir) iştirakları ilə, İddiaçı "xxxx" X23 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxslər X11, X14, X10, X5, Zeynalova (Səfərli) Ayşən Dilqəm qızına) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh3 cavabdeh "xxxx" X23 Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinə və ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə xitam verilməsi tələbinə dair qarşılıqlı iddasi üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X23 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32110,80 manat, faiz borcu üzrə 2690,39 manat, cərimə borcu üzrə 3485.63 manat, cəmi 38286,82 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat, mediasiya xərci kimi ödənilmiş 200 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyri yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun, dövlət rüsumu kimi ödənilmiş məbləğlərin və xidmət haqqının iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli Saziş çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 2 ay güzəşt müddəti olmaqla, xx.xx.2020-ci il tarixədək, illik 22% ödəmək şərtilə 38378 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan Bankla Şəmkir rayonu notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli 34-53 reyestr nömrəli ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 34-02-344 reyestr nömrəli Sazişə əsasən X3 mülkiyyətində olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də, 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyri yaşayış binası ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 073zm/14 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Cavabdeh1 Banka ödəməli olduğu kredit və faiz borclarını müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödənilməsi təmin etməmiş və müəyyən olunmuş ödəmə müddətlərini pozmuşdur. Həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə cavabdeh olan ipoteka qoyan xx.xx.1938-ci il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdə ölmüş və vərəsəlik məlumatları tapılmamışdır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanında X8, X17, X21, X15, X9, Zeynalova (Səfərli) Ayşən Dilqəm qızı və X12 qeydiyyatdadırlar. Bundan əlavə X3 qızı Cavabdeh3 da ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ünvanlanmışdır. İpoteka predmeti olan qeyri-yaşayış binası X3 qızı Cavabdeh3 həyat yoldaşı Cavabdeh1 tərəfindən fəaliyyətini davam etdirir. Həmçinin iddiaçı Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ilə "xxxx" KB ASC arasında bağlanılmış xx.xx.2013-cü tarixli 073smi/13 saylı sonrakı ipoteka müqaviləsinə və xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə xitam verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında 10 may 2012-ci il tarixli 07m/12 nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 227500 manat məbləğində kredit verilmişdir. X2 ilə "xxxx" KB ASC arasında 13 iyun 2013-cü il tarixli 073smi/13 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra X8 ilə "xxxx" KB ASC arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra Cavabdeh1 ilə "xxxx" KB ASC arasında xx.xx.2019-cu il tarixli 073m-1/19 nömrəli əlavə kredit müqaviləsi imzalanmış, ipoteka müqaviləsi üzrə heç bir əlavə razılaşma olmamış, vərəsələrə məlumat verilməmişdir. Ona görə də iddia ərizəsində iddianın əsası kimi xx.xx.2019cu il tarixli 073m-1/19 nömrəli əlavə kredit müqaviləsinə münasibətdə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə istinad edilməsi qanunaziddir. Belə ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 nömrəli əlavə kredit müqaviləsi ilə kreditdən istifadə müddəti, faiz dərəcəsi dəyişdirilmiş, lakin həmin vaxt ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olan halda iddiaçının ipoteka hüququ yaranmamış hesab olunur. Bu baxımdan iddiaçı tərəfindən irəli sürülən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbi təmin edilə bilməz. Digər tərəfdən ipoteka qoyan ilə bank arasında bağlanmış 13 iyun 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsi və xx.xx.2015ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişdə kredit öhdəliyinin faiz dərəcəsi göstərilməmiş, müqavilənin zəruri şərti pozulmuşdur. İlkin iddia üzrə Cavabdeh2 tərəfindən məhkəməyə etiraz təqdim edilmiş və etirazda göstərilmişdir ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında 10 may 2012-ci il tarixli 073m/12 nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 227500 manat məbləğində kredit verilmişdir. Onunla Bank arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, zamin kreditor qarşısında borclunun xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsindən və əsas kredit müqavilsəi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əlavə kredit müqavilələrinin müddəti və əsas borcun ümumi məbləği əsas kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən və müəyyən edilmiş kreidt limitindən artıq ola bilməz. Tərəflər arasında əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 17% ödəmək şərti ilə 290000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2015-ci il tarixli sazişə əsasən xx.xx.2012-ci il tarixli müqavilədə nəzərdə tutulmuş məbləğ və müddət dəyişdirilmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Həmin müaviləyə əsasən borcalana 26 ay müddətinə 21% ödəmək şərti ilə 200000 manat məbləğində kredit verilmişdir. Daha sonra isə tərəflər arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, borcalana 12 ay müddətinə 2 ay güzəşt müddəti olmaqla illik 22% ödəmək şərti ilə 38378 manat kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə olaraq bağlanmış əlavə kredit müqavilələri və sazişlə bağlı onunla Bank arasında zaminlik müqaviləsi bağlanmamış, həmin müqavilələrin bağlanmasına dair məlumatı olmamışdır. Belə ki, sonradan bağlanılmış əlavə kredit müqavilələri və sazişlə kreditin məbləği, müddəti, illik faiz dərəcələri dəyişdirilmişdir. İlkin iddia üzrə Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, Bank tərəfindən ona zərər vurulmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanan zaman 4500 manat vəsait ondan alınmışdır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanan zaman kreditin valyutası manatdan dollara dəyişdirilmişdir. 600 ABŞ dolları komissiya tutulması əvəzinə 2900 ABŞ dolları ondan alınaraq mantla olan kreditin bağlanmasına sərf edilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ödəməli olduğu illik faiz dərəcəsi 17%dən 21% dərəcəsinə dəyişdirilmişdir. Beləliklə ona Bank tərəfindən zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X16 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat verdi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddia ilə bağlı etiraz ərizəsində göstərdikləri halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələblərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan 10 may 2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" X23 Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müaviləsinə əsasən borcverən borcalana 227500 manat məbləğində 60 ay müddətinə, 10 may 2017-ci il tarixədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir. Kreditin məbləğinə hesablanmış fazilər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Əlavə kredit müqavilələrində onun əsas kredit müqaviləsi çərçivəsində bağlanmasına dair şərt nəzərdə tutulmalıdır. İş materiallarında olan 13 iyun 2013-cü il tarixli 073smi/13 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, "xxxx" X23 Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə X8 arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyan müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka kimi çıxış edən Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri yaşayış binası ipoteka saxlayana yenidən ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 1.2-ci bəndində əsasən İpoteka saxlayanla Borcalan arasında Şəmkir şəhərində bağlanmış 10 may 2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsinə görə borcverən borcalana 227500 manat məbləğində 60 ay müddətinə, 10 may 2017-ci il tarixinədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir, borcalan isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqavilələrində nəzərdə tutulmuş faizləri əlavə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq borc verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən nəzərdə tutulmuş ipoteka predmeti əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müdət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviələri üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borclana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan tərəfindən alınan bütün kreditlər üzərə öhdəliklərə şamil olunur. İş materiallarında olan 16 aprel 2014-cü il tarixli 073zm/14 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" KB ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 10 may 2012-ci il tarixli əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 10 may 2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsinin 1.1-ci bənində nəzərdə tutulmuş kreditin məbləği 227500 manatdan dəyişdirilərək ******* manat müəyyən edilmiş, kreditin müddəti dəyişdirilərək 10 may 2027-ci ildək 180 ay müəyyən edilmişdir. Əsas kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında 13 mart 2015ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 13 iyun 2013-cü il tarixli 073msi/13 saylı ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan kreditin müddəti dəyişdirilərək xx.xx.2027-ci ildək 180 ay, nəzərdə tutulmuş kreditin məbləği dəyişdirilərək ******* manat müəyyən edilmişdir. İş materiallarında olan 06 noyabr 2015-ci il tarixli 073m-3/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 21% ödəmək şərti ilə 200000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 08 fevral 2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə 2 ay güzəşt müddəti olmaqla xx.xx.2020-ci il tarixədək illik 22% ödəmək şərti ilə 38378 manat kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit məbləği bank qarşısındakı xx.xx.2015-ci il tarixli 073-3/15 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasının (mağazanın) ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə X6 məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli 208/UB/22 saylı rəyindən görünür ki, X6 məxsus Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasının hazırkı bazar dəyəri 310000 manat, likvid dəyəri 250000 manat təşkil edir. İş materiallarında olan X3 şəxsi məlumat vərəqindən görünür ki, o xx.xx.1938-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 9/6572 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 32612 manat 33 qəpik, faiz borcu üzrə 548 manat 51 qəpikdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişin sürətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 32110 manat 80 qəpik məbləğində krеdit bоrcu, 2690 manat 39 qəpik məbləğində faiz bоrcu, 3485 manat 63 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 38286 manat 82 qəpik məbləğində bоrcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, "xxxx" KB ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında 10 may 2012-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmış, borcalana 60 ay müddətinə, 10 may 2017ci il tarixədək 227500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin kreditin məbləğinə hesablanmış fazilərin, kreditin ödənişlərinin, məqsədlərinin və digər şərtlərinin tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənməsi müəyyən edilmişdir. 13 iyun 2013-cü il tarixdə X1 arasında sonrakı ipoteka müqaviləsi, 16 aprel 2014-cü il tarixdə isə Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 13 mart 2015-ci il tarixdə həm əsas kredit müqaviləsinə, həm sonrakı ipoteka müqaviləsinə sazişlə dəyişiklik edilmiş, tərəflər arasında bağlanmış 10 may 2012-ci il tarixli əsas kredit müqaviləsində nəzərdə tutulan kreditin məbləği 227500 manatdan dəyişdirilərək ******* manat, müddəti 10 may 2017-ci il tarixədən dəyişdirilərək 10 may 2027-ci ildək 180 ay müəyyən edilmişdir. Sonradan 08 fevral 2019-cu il tarixdə Bankla Cavabdeh1 arasında əlavə kredit müqaviləsi bağlanmış və ona 12 ay müddətinə 2 ay güzəşt müddəti olmaqla xx.xx.2020-ci il tarixədək illik 22% ödəmək şərti ilə 38378 manat kredit verilmişdir. Kredit məbləğinin isə borcalanın bank qarşısındakı xx.xx.2015ci il tarixli 073-3/15 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı əlavə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 32110 manat 80 qəpik kredit borcu, 548 manat 51 qəpik faiz borcu vardır. Belə ki, ilkin iddia tələbində iddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 32110 manat 80 qəpik məbləğində krеdit bоrcu, 2690 manat 39 qəpik məbləğində faiz bоrcu, 3485 manat 63 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 38286 manat 82 qəpik məbləğində bоrcunun olmasını göstərmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 9/6572 saylı rəyi ilə isə müəyyən edilir ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə borcalanın xx.xx.2020-ci il tarixə banka ödənilməli olan kredit borcu 32612 manat 33 qəpik, faiz borcu 548 manat 51 qəpikdir. Məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən iddia tələbinin həcmini artırılması ilə bağlı hər hansı bir ərizə verilmədiyindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə banka 32110 manat 80 qəpik məbləğində krеdit bоrcu vardır. Həmçinin ilkin iddia üzrə iddiaçı iddia tələbində Cavabdeh1 banka 2690 manat 39 qəpik məbləğində faiz bоrcunun olmasını qeyd etsə də ekspert rəyi ilə faiz borcun 548 manat 51 qəpik olması müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda ilkin iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3485 manat 63 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 32110 manat 80 qəpik kredit borcu, 548 manat 51 qəpik məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 32859 manat 31 qəpik məbləğində borc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması, həmçinin tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əsas kredit müqaviləsindən görünür ki, kreditin verilməsi və müqavilənin digər mühüm şərtləri ilə bağlı əlavə kredit müqavilələrinin bağlanması nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi tərəflər arasında bir neçə dəfə əlavə kredit müqaviləsi bağlanılmışdır. Əsas kredit müqaviləsində verilməsi nəzərdə tutulan kreditin məbləği, müddəti göstərilsə də kreditin məbləğinə hesablanmış fazilər, kreditin ödənişləri, məqsədləri və digər şərtlərin tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənməsi müəyyən edilmişdir. Eyni qaydalar zaminlik müqaviləsində və sonrakı ipoteka müqaviləsində də qeyd edilmişdir. Verilən kreditin məbləği, müddəti, faiz dərəcəsi, ödəniş qaydası və s. əlavə kredit müqavilələri ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 08 fevral 2019-cu il tarixdə bağlanmış əlavə kredit müqaviləsi yalnız borcverən və borcalan arasında bağlanmış və onların iradəsini ifadə etmişdir. İpoteka müqaviləsi isə əlavə əşya hüquq olaraq əsas öhdəliyin təminatı qismində çıxış etdiyindən əlavə kredit müqaviləsi bağlanılarkən ipoteka qoyanın razılığı alınmalı idi. Lakin iş materiallarından görünür ki, ipoteka qoyan 07 oktyabr 2015-ci il tarixdə vəfat etmiş və əlavə kredit müqaviləsi bağlanılarkən sağ olmamışdır. Bundan başqa əsas kredit müqaviləsinə 13 mart 2015-ci il tarixli sazişlə dəyişiklik edilmiş, əsas kredit müqaviləsində nəzərdə tutulmuş kreditin məbləği 227500 manatdan dəyişdirilərək ******* manat, kreditin müddəti dəyişdirilərək 10 may 2027-ci ildək 180 ay müəyyən edilmişdir. Əsas kredit müqaviləsində nəzərdə tutulmuş kreditin məbləği və müddətini sazişlə dəyişdirilsə də bununla bağlı zaminin razılığı alınmamışdır. Həmçinin əsas kredit müqaviləsində göstərilmədiyi halda əlavə kredit müqaviləsində kreditin faiz dərəcəsinin göstərilməsi onu zəruri edirdi ki, əlavə kredit müqaviləsi bağlanarkən zaminin razılığı alınsın. Ona görə də məhkəmə hesab edir ki, əsas kredit müqaviləsində, zaminlik və ipoteka müqavilələrində zəruri şərtlər (məsələn faiz dərəcəsi və s) göstərilmədiyindən və belə şərtlərin ancaq tərələr arasında bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən edilməsi nəzərdə tutulduğundan sonradan bağlanmış əlavə kredit müqaviləsi zamanı zaminin və ipoteka qoyanın razılığı alınmalı, onların da iradə ifadəsini əks etdirməli idi. Ona görə də 08 fevral 2019-cu il tarixli əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklər zamin və ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu səbəbdən borc məbləğinin eyni zamanda zamindən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı ilkin iddia tələbinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Həmin Məcəllənin 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarından görünür ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. İş materiallarından isə ipotekaya xitam verilməsi üçün hər hansı əsas müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehlərin və üçüncü şəxslərin ilkin mediasiya sessiyasında iştirak etmədikləri, iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" KB ASC 10 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və 10 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərci "xxxx" KB ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə bildirir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 120 manat xidmət haqqı kimi ödənilmiş məbləğ ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. "xxxx" X23 Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 32110 manat 80 qəpik kredit borcu, 548 manat 51 qəpik məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 32859 manat 31 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci, 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" X23 Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 178 manat 58 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ34CTRE********************, SAP (XİİS) hesabı X4, Kod: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərci "xxxx" X23 Səhmdar Cəmiyyətdən tutularaq "xxxx" MMC-nin hesabına (H/h:AZ52İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T. BİC:İBAZAZ2X, M/h: AZ03NABZ013501**********2944) ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 120 manat xidmət haqqı kimi ödənilmiş məbləğ ilkin iddia üzrə iddiaçı "xxxx" X23 Səhmdar Cəmiyyətinə aid edilsin. İlkin iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar