Məhkəmə qərarları › İş №e-2-2(115)-1570/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1570/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1570/2025 18.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 885 manat artıq ödənilmiş icarə haqqının və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli sahənin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Bu müqavilə üzrə Cavabdeh mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində yerləşən 100 kv.m sahə mobil bazastansiyasının quraşdırılması üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İcarə müqaviləsi müddəti xx.xx.2010-cu il tarixindən başlamaq şərti ilə 5 il müddətinə bağlanmışdır. Razılaşdırılmış illik icarə haqqı 1200 manat təşkil etmişdir. Belə ki, hər il qabaqcadan bir illik müddət üçün icarə haqqı Cavabdeh ödənilmişdir. Lakin Cavabdeh 13 mart 2019-cu il və 28 mart 2019-cu il tarixli ərizələrini və israrlı mövqeyini nəzərə alaraq xx.xx.2019-cu il tarixdə mobil rabitə avadanlıqları sahədən götürülərək icarə münasibətlərinə xitam verilmişdir. Cavabdeh ərizədə ödənilmiş icarə haqqının geri qaytarılmasına razı olduğunu bildirsə də bu günə kimi qabaqcadan ona ödənilmiş icarə haqqının icarə obyektindən istifadə edilmədiyi, yəni 17 iyun 2019-cu il tarixdən 13 mart 2020-ci il tarixədək olan 269 gün üçün qalıq hissəsini, yəni 885 (1200 /365=3.29x 269 gün=885) manat məbləğində pul vəsaitini hazırki vaxta qədər "xxxx" MMC-yə geri qaytarmamışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı qaydada müraciət olunsa da, artıq ödənilmiş icarə haqqını geri qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli e-2-2(115)-1570/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli sahənin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyə verən Cavabdeh Qazax rayonu Ağköynək kəndində yerləşən (10 m x 10 m) 100 kv.m əhatə edən ərazini icarəçi “Bakcell" MMC-yə icarəyə verməyi öhdəsinə götürmüşdür. İcarə müddəti 5 il, başlanma tarixi xx.xx.2010-cu il müəyyən edilmiş, razılaşdırılmış icarə haqqı vergilər xaric 1200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sahənin təhvil-təslim aktından görünür ki, icarəyəgötürən "xxxx" MMC-yə məxsus qurğu və avadanlıqlar montaj edildi, həmin sahə yararlı vəziyyətdə icarəyə verənə təhvil verildi. İcarəyə verən sahədə qalan beton örtükləri və digər qurğuların saxlanılmasına etiraz etmədiyini, gələcəkdə öz məqsədləri üçün istifadə edəcəyini, hazırda və gələcəkdə hər hansı bir iddiası olmayacağını bildirdi. Təhvil verilən sahə üzrə qüsur və çatışmazlıqlar aşkar edilmədi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bank qəbzindən görünür ki, “Bakcell" MMC tərəfindən Cavabdeh hesabına 1200 manat pul köçürülmüşdür. İş materiallarında olan Cavabdeh “Bakcell" MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, icarəyə verən icarəçidən icarəyə verdiyi sahədən antenanın sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında sahənin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmış, icarə haqqı illik 1200 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə icarəçi tərəfindən icarəyə verənə 1200 manat icarə haqqı ödənilmişdir. İcarəyə verənin ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə sahə icarəçi tərəfindən icarəyə verənə təhvil verilmişdir. Ona görə də icarəçi əvvəlcədən ödənilmiş 1200 manat icarə haqqının ödəniş tarixindən xx.xx.2019-cu il tarixədək istifadə müddəti də nəzərə alınmaqla qalan məbləğin, yəni 885 manatının icarəyə verəndən alınıb iddiaçıya verilməsinin xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-ci il tarixli sahənin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 885 (səkkiz yüz səksən beş) manat artıq ödənilmiş icarə haqqı və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar