Məhkəmə qərarları › İş №e-2-2(115)-158/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-158/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-158/2025 05.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh çayçıda çatışmayan əşyaların dəyəri kimi 1670 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu İ.Qayıbov küçəsində yerləşən 5 saylı çayxananı xx.xx.2021-ci ildə işləmək üçün cavabdehə icarəyə vermişdir. Bununla bağlı həmin vaxt təhvil-təslim aktı tərtib edilmişdir. xx.xx.2023-cü ildə çayxananı cavabdehdən təhvil alarkən 11 adda əşyala ilə bağlı, ödənilməmiş işıq və qaz pulu nəticədə ona 1670 manat ziyan dəymişdir. Cavabdeh ona dəymiş ziyanı ödəmək istəmir. Ona görə də cavabdehdən dəymiş ziyan kimi 1670 manat pulun alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ona çayçıda çatışmayan əşyaların dəyəri kimi ümumilkdə 1670 manatın alınıb ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə o çayxananı cavabdehdən təhvil alarkən 12 adda əşyalarla, işıq pulu (50 manat), qaz pulu (250 manat) ödənilməmişdir. nəticədə ona 1670 manat ziyan dəymişdir. Həmin əşyalar radiator 2 ədəd 40 manat, usta haqqı 20 manat, stəkan və çayniklər 60 manat, kameranın diski yararsız vəzyyətə salındığından dəyəri 60 manat, geramika jaroniklər 3 böyük, 4 balaca cəmi 200 manat, qaz balonu (üstündə şlankı və yandırıcı alışqanı ilə birlikdə) 30 manat, 2 ədəd ləyən 40 manat, 3 ədəd qazan (1 ədədi 20 manat) cəmi 60 manat, sınıq stol və stul 15 ədəd 40 manat, qaynaq üçün elektrot 20 manat, kombi 580 manat, 40 manat usta haqqı cəmi 620 manat, led lampalar 20 ədəd (1 ədədin qiyməti 8 manat) cəmi 160 manat, elektrik yuvası 5 ədəd 4 manatdan 20 manatdır. Cavabdeh ona dəyən ziyanı ödəmək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə aralarında hər hansı icarə müqaviləsi bağlanmamışdır. İcarə münasibətləri qərardadla tənzimlənmişdir. Məhkəməyə təqdim etdiyi çəkiliş çayçınını cavabdehə təhvil verərkən qeydə alınmışdır. İşıq pulu və qaz pulu ilə əlaqədar ödədiyi çeki məhkəməyə təqdim etmişdir. Radiatoru, kombini, led lampaları “Azərbaycan” mağazasından almışdır, qaiməni də məhkəməyə təqdim etmişdir. Stəkan və çaynikləri “Azərittifaq” adlanan yerdən, stəkanların birini 2 manata, çayniklərin isə birini 4 manata almışdır. Kameranı cavabdeh xarab etdiyi üçün kamera ustasını çağırıb düzəltdirmişdir. Qazanları da “Azərittifaq” adlanan yerdən 2019-cu ildə almışdır. Çayçıda içində qab, göy-göyrəti yumaq üçün 2 ədəd şirəli ləyən, 3 ədəd yemək bişirmək üçün mis qazan olmuşdur. Bundan başqa 1 paket elektrot almışdır. Obyekti cavabdehdən 25 yanvar 2023-cü ildə təhvil almışdır. Həmin vaxt çəkiliş aparsa da cavabdeh orda olmamışdır. 25 yanvar 2023-cü ildən sonra cavabdeh çayçıdan istifadə etməmişdir. Qohumları ondan məhkəməyə müraciət etməməyi xahiş etmişlər, ona görə məhkəməyə gec müraciət etmişdir. Çayçını başqa şəxsə icarəyə vermişdir. Fevral ayının 1dən obyekt fəaliyyət göstərməyə başlamışdır. 250 manat qaz borcuna, 50 manat isə işıq borcuna ödəmişdir. 2023-cü ilin yanvar ayına kimi oranı cavabdeh özü işlətmişdir, obyektin açarı da onda olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, çayçıdan radiator, çaynik-stəkan, qaz balonu, ləyən-qazan götürməmişdir. Çayçı ona təhvil veriləndə orada tava olmamışdır, stol və stulları isə özü almışdır. Kameranın diski haqqında heç nə bilmir. Çayçını işlətdiyi müddətin haqqını ödəmişdir. İddiaçı çayçını ondan təhvil alandan sonra onun barəsində müvafiq orqana müraciət edib icarə haqqının tutulmasını pensiyasına yönəltdirmişdir, həmin vaxt ona ziyan dəysəydi ziyanla bağlı məhkəməyə müraciət edərdi. Obyektdən 06 noyabr 2022-ci il tarixdən istifadə etməmişdir. Daha sonra çayçını kim işlətdiyini bilmir. Açarı icra məmurunun vasitəsi ilə iddiaçıya təhvil vermişdir. Çayçını iddiaçıya təhvil verəndə əşyaların yerində olub-olmamasına baxmasını demişdir. Lakin iddiaçı çayçını təhvil götürəndən 2 il sonra məhkəməyə müraciət etmişdir. Çayçını təhvil verəndə oradan heç nə götürməmişdir. Obyektin açarı iddiaçıda da olmuşdur. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı barışıq sazişindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən çəkilmiş xərc olaraq 54000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qərardadla barışıq sazişi təsdiq edilmiş, barışıq sazişinə uyğun olaraq Cəfərov X1 şəhəri İsmət Qayıbov küçəsində yerləşən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli 000705 qeydiyyat, 02 reyestr nömrəli şəhadətnaməyə əsasən İddiaçı məxsus cəmi 114 kv.m qeyri-yaşayış sahəsi olan 5 saylı çayxanaya dair icarə müqaviləsi bağlayaraq video çəkiliş aparmaqla təhvil-təslim aktı əsasında obyekti təhvil götürməyi öhdəsinə götürür. İcarə müqaviləsi 10 il müddətinə, yəni 01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2031-ci il tarixədək bağlanır. Aylıq icarə haqqı 500 manat təşkil edir. İcarə haqqı hər ayın 1-dən 5-dək bank, poçt və ya digər nəğdsiz ödəniş terminalı vasitəsilə İddiaçı ödənilməlidir. İcarə haqqının ödənişinin üzürsüz səbəbdən gecikdirilmsəinə görə, gecikdirilmiş hər gün üçün icarə haqqı məbləğinin 1%-i miqdarında cərimə ödənilir. Cavabdeh adi təsərrüfat fəaliyyətinin aparılması ilə bağlı icarə obyektinin istismara yararlı və qənaətbəxş vəziyyətdə qorunub saxlanılmasını, texniki-təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət edilməsini, zəruri cari təmiri aparmağı, kommunal xərcləri (qaz, su, işıq və sair.), qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödəməli olan vergiləri, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri etməyi və sair xərcləri çəkməyi, icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə obyektini 10 gün müddətində lazımi səviyyədə icarəyə verənə təhvil verməyi öhdəsinə götürür. İddiaçı icarəyə verilən obyektə dair qeyd olunan şərtlərə uyğun icarə müqaviləsi bağlamağı, icarə obyektini video çəkiliş aparmaqla təhvil-təslim aktı əsasında Cavabdeh təhvil verməyi, 500 manat aylıq icarə haqqını qəbul etməyi, müqavilənin qüvvədə olduğu müddətdə obyektin, o cümlədən Cavabdeh təsərrüfat fəaliyyətinə müdaxilə etməməyi və müqavilənin müddəti başa çatdıqdan sonra obyekti təhvil götürməyi öhdəsinə götürür. İddiaçı Cavabdeh üzərinə götürdüyü öhdəliklərin şərtləri ilə razıdır. Qarşısı alınmaz qüvvə halında, yəni zəlzələ, yanğın, daşqın, hərbi əməliyyatlar, hökümətin qərarları və tərəflərin iradəsindən asılı olmayan digər fövqəladə hadisələr nəticəsində obyektin fəaliyyət göstərməsi qeyri-mümkün olduqda tərəflər öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır. Obyekt yalnız icarəyə verənin, yəni İddiaçı notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinə əsasən subicarəyə verilə bilər. İcarə müqaviləsinin müddətinin vaxtından əvvəl dayandırılması və müqavilənin ləğv edilməsi üçün tərəflər ən azı 1 ay qabaqcadan qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir. Bununla əlaqədar olaraq iddiaçı Cavabdeh İddiaçı qarşı heç bir ayrı tələb və şikayət irəli sürməyəcəyini öhdəsinə götürür. Tərəflərə izah edilmişdir ki, barışıq sazişinin şərtləri icra edilmədikdə və ya lazımı qaydada icra edilmədikdə həmin şərtlərin məcburi icrası qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən təmin edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” aktından görünür ki, Daşkəsən rayonu İ.Qayıbov küçəsində yerləşən 5 saylı çayxananın həmin tarixə olan vəziyyəti ilə bağlı video çəkiliş aparılmış, çayxananın vəziyyəti müəyyən edilmişdir. Daşkəsən rayonu İ.Qayıbov küçəsində yerləşən 5 saylı çayxananı Cavabdeh qardaşı İddiaçı təhvil aldı. İş materiallarında olan qaimə fakturadan görünür ki, 880 manat dəyərində mal verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə ********* nömrəli qəbzə əsasən 250 manat kommunal ödəniş Azəriqaza, ********* nömrəli qəbzə əsasən 50 manat kommunal ödəniş Azərişığa ğdənilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin yanvar ayına abonentin 250 manat borcu mövcuddur, borc həmin tarixdə ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən görünür ki, Daşkəsən rayonu İ.Qayıbov küçəsində yerləşən 5 saylı çayxana Cavabdeh təhvil verilərkən ümumi görünüşü, vəziyyəti və əşyaları çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş digər video görüntüdən görünür ki, Daşkəsən rayonu İ.Qayıbov küçəsində yerləşən 5 saylı çayxana İddiaçı tərəfindən çayxananın içərisinə girilmədən çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı qarşı Daşkəsən Rayon Məhkəməsinə 54000 manat pul tələbi ilə müraciət etmiş, Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə tərəflər arasında olan mübahisə barışıq sazişi ilə yekunlaşmışdır. Barışıq sazişinə əsasən İddiaçı ona məxsus olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsində yerləşən 5 saylı çayxananı icarə müqaviləsi bağlayaraq video çəkiliş aparmaqla təhvil-təslim aktı əsasında 10 il müddətinə aylıq icarə haqqı 500 manat olmaqla Cavabdeh icarəyə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında icarə müqaviləsi bağlanmasa da icarə münasibətləri barışıq sazişi əsasında həyata keçirilmişdir. Çayxana 05 noyabr 2021-ci il tarixdə video çəkiliş və təhvil-təslim aktı ilə Cavabdeh təhvil verilmişdir. İddiaçı çayxananı 25 yanvar 2023-cü il tarixdə geri aldığını bildirmişdir. Çayxana geri alınarkən hər hansı təhvil-təslim aktı tərtib edilməmişdir. İddiaçı icarəyə verdiyi obyekti geri götürərkən müəyyən əşyalara zərər dəydiyini, müəyyən əşyaların olmadğını müyyən etdiyini, bununla bağlı ona zərər dəydiyini bildirərək əşyalara görə cavabdehdən 1370 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında icarə obyekti icarəçiyə təhvil verilərkən həm video çəkiliş aparılmış, həm də təhvil-təslim aktı imzalanmışdır. Qeyd edilən video çəkilişdə icarə obyekti, onun vəziyyəti, əşyaları qeyd edilmişdir. Lakin əşyalar qiymətləndirilməmişdir. Buna baxmayaraq icarə obyekti icarəyə verənə geri qaytarılarkən hər hansı təhvil-təslim aktı tərtib edilməmiş, ancaq obyektin açarları icarəyə verənə təqdim edilmişdir. İcarəçi icarəyə götürdüyü obyekti hansı əşyalarla birlikdə təhvil almışdırsa həmin əşyalarla da geri qaytardığına dair məhkəmə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə qaimə təqdim edərək xx.xx.2023-cü il tarixdə 880 manat məbləğində əşya aldığını təsdiq etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində icarə obyektini 25 yanvar 2023-cü ildə geri aldığını bildirmişdir. İcarəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarə obyektini geri aldığı andan başlamışdır. Həmin tarixdən altı ay müddətində iddia ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Göründüyü kimi icarəyə verən icarə obyektini geri aldığı andan altı ay müddət keçdikdən sonra icarəçiyə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmış, bununla da iddia qaldırmaq hüququnu itirmişdir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi müddətin keçməsi ilə bağlı təmin edilə bilməz. Bundan başqa iddiaçı iddia tələbində kommunal xərc olaraq 50 manat işıq pulu, qaz sərfiyyatına əsasən 250 manat ödədiyini, 300 manat kommunal xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə qəbzlər və abonentin saldosunu təqdim etmiş, iddia tələbində qeyd edilən məbləğdə kommunal xərci ödədiyini sübuta yetirmişdir. Cavabdeh kommunal xərcin onun borcu olmadığını, icarəyə götürdüyü obyektdən 06 noyabr 2022-ci il tarixdən sonra istifadə etmədiyini qeyd etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən kommunal xərcləri (qaz, su, işıq və sair.), qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödəməli olan vergiləri, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri etməyi və sair xərcləri çəkməyi icarəçi öz üzərinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödədiyi, cavabdehin istifadə etdiyi elektrik enerjisinin və qazın pulunu cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, 300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. Ona görə də 36,70 manat dövlət rüsumu dövlət rüsumunu ödəməkdən azad edilməmiş cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 36 (otuz altı) manat 70 (yetmiş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar