Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-16/2022 12.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayeva Səbinə Taleh qızının katibliyi, İddiaçı X8 iştirakı ilə İddiaçı X8 cavabdeh X5 qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə 88821 manat 50 qəpik, icarə haqqı olaraq 5100 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Sudavər Talıbova arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini cavabdehə kənd təsərrüfatı məhsullarını əkib-beсərmək üçün icarəyə vermişdir. Müqavilə ilə icarə haqqı aylıq 300 manat müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsasən cavabdeh icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini ona ödəməyi öz öhdəsinə götürmüşdür. “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-satqısına dair müqavilə onunla bağlandığından həm ona məxsus, həm də cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyyatına görə yaranmış borc ondan tələb edilir. O, həmin torpaq sahəsinə yerləşən özünə məxsus istixanada sərf edilən təbii qazın dəyərini ödəmişdir. Yaranmış borc isə cavabdehin istifadə etdiyi təbii qaza görə yaranmışdır. Cavadeh ona icarəyə verilmiş torpaq sahəsində istixana təşkil etmiş və icarəyə götürüləndən həmin istixanada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Və mütəmadi olaraq təbii qazdan istifadə edir. Cavabdeh təbii qaza görə yaranmış borcunu və icarə haqqını ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək cavabdeh X3 təbii qazdan istifadəyə görə 88822 manat 20 qəpik, icarə haqqı olaraq 6600 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək cavabdeh X3 təbii qazdan istifadəyə görə 155400 manat 40 qəpik borcun “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını, icarə haqqı olaraq 7200 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlə aralarında olan icarə müqaviləsinə əsasən onun təbii qazdan istifadəsinə görə yaranmış 155400 manat 40 qəpik borcun, icarə haqqı olaraq 7200 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184.4-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, MPM-in 185.4 və 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 19 aprel 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X2 rayonu Qaralar kəndində yerləşən ümumi sahəsi 4.7703 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2.0 ha torpaq sahəsini kənd təsrrüfatı məhsullarını əkib-beçərmək üçün X5 icarəyə verilir. İcarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir, onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarəyə götürən icarəyə verənə aylıq 300 manat icarə haqqı ödəyir. Həmçinin kommunal xidmətləri (elektrik, qaz, su, istilik kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Abonentin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş saldosundan görünür ki, Şəmkir rayonu Qaralar kəndində xx.xx.2019-cu il tarixdə quraşdırılmış 83047668 nömrəli sayğac üzrə abonent X8 2020-ci ilin avqust ayınadək 88821,50 manat borcunun olması qeyd edilmişdir. X4 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün o, X12 ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X11 Mehdiyevin adına yaranmış 89637.7 manat borcun 78865 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür. 691587822 nömrəli xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X12 tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanıbdır. O hal-hazırda Sudavər Talıbovanın istixanasını etibarnamə əsasında işlədir. Ərazidə pomidor əkilmişdir. İstixanaya qaz xəttlə gəlir, daha sonra qazanxanalara daxil olur. Qazdan istifadə edilib, lakin ödənişlər barədə hər hansı məlumatı yoxdur, çünki ödənişləri Sudavər Talıbova və onun oğlu ödəyirlər. Azər Mehdiyevin özünün elektron sayğacı vardır. Qazla bağlı bildiriş Azər Mehdiyevin adına gəlir, sonuncunun iştirakı ilə onların istifadə etdikləri qazın pulunu sərfiyyatdan çıxırlar, qalan sərfiyyat isə Sudavər Talıbovanın payına düşür. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdehlər X10 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış 88821 manat 50 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X12 “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi, qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona artıq hesablanmış 88821 manat 50 qəpik məbləğində borcun silinməsi və qaz tənzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə göndərərək, ümumi 189857 manat 30 qəpik borc məbləğinin 34457 manat hissəsinin X6, 155400 manat 20 qəpik hissəsinin isə X3 tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və X9 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Qeyd edilən qətnamə ilə ilk iddia qismən təmin edilmiş, 34457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X6 iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Şəmkir rayonu Qaralar kəndində yerləşən X10 məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılmasının “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2-2(104)-216/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında 19 aprel 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, X12 ona məxsus Şəmkir rayonu Qaralar kəndində yerləşən ümumi sahəsi 4.7703 ha torpaq sahəsinin 2.0 ha torpaq sahəsini kənd təsrrüfatı məhsullarını əkib-beçərmək üçün X5 icarəyə vermişdir. İcarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, müqavilənin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin daha bir il müddətinə uzadılmış hesab edilməsi, icarəyə götürən icarəyə verənə aylıq 300 manat icarə haqqı ödəməsi, həmçinin kommunal xidmətləri (elektrik, qaz, su, istilik kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqların, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqının, o cümlədən əlavə vergi haqlarının icarəçi tərəfindən ödənilməsi ilə bağlı razılaşmışlar. Məhkəmə icarə haqqı olan 7200 manat pulun cavabdehdən alınıb ona verilməsi ilə bağlı iddia tələbi ilə bağlı bildirir ki, tərəflər arasında 19 aprel 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdək uzadılmışdır. Müqavilə üzrə cavabdeh iddiaçıya hər ay 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair hər hansı etiraz bildirilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməli, cavabdehdən icarə haqqı olaraq 7200 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. İddia tələbinin cavabdehdən təbii qazdan istifadəsinə görə yaranmış 155400 manat 40 qəpik borcun alınıb iddiaçıya verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmədə mülki işə başlamadan bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi qanunverici özündə müəyyən etmişdir ki, iki halda məhkəmədə işə baxılmasına başlamaq mümkündür: pozulmuş hüquqların bərpası və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırda iddiaçının tələbi təbii qazdan istifadə nəticəsində yaranmış borc tələbi pozulmuş hüquqların bərpası baxımından məhkəməyə edilmiş müraciətdir. Bu zaman isə mübahisələndirilən borcun iddiaçının hüquqlarını pozması şərtdir. Lakin iş materiallarından görünür ki, “Azəriqaz” İstehsalat X1 arasında 07 sentyabr 2018-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanmış, “Azəriqaz” İstehsalat Birliyi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X10 məxsus Şəmkir rayonu Qaralar kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Azəriqaz” İstehsalat Birliyi yaranmış 155400,40 manat borc məbləğini hazırkı iş üzrə iddiaçı X6 tələb etməmiş, sonuncu isə həmin məbləğini “Azəriqaz” İstehsalat Birliyinə ödəməmişdir. Yəni iddiaçının qazdan istifadəyə görə cavabdehdən pul tələb etməsi o halda yaranmış olacaqdır ki, həmin məbləğ onun tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin, bununla əlaqədar iddiaçı maddi ziyana uğrasın, hansı ki bu ziyana uğrama cavabdehin onunla arasında bağlanmış icarə müqaviləsinin tələblərinin pozulmasından qaynaqlansın. Lakin iddiaçı tərəfindən həmin qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə iş materiallarında sübut yoxdur. Nəzərə alınsa ki, iddiaçı tərəfindən pul ödənilməmiş, bu zaman onun cavabdehdən tələb etmək hüququ yaranmır. Ona görə də iddia tələbi göstərilən hissədə əsassızdır. “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 5.2, 5.5 və 5.6-cı bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə MPM-in 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən icarə haqqı olaraq 7200 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 icarə haqqı olaraq 7200 (yeddi min iki yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X10 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-16/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-16/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver