Məhkəmə qərarları › İş №e-2-2(115)-160/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-160/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-160/2023 12.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11573,25 manat əsas bоrc və 5744,36 manat faiz borcu оlmaqla, cəmi 17317,61 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021 il tariхli 900842-978353/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik faiz dərəcəsi 22% 15000 manat krеdit vеrilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 07 dekabr 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 11573,25 manat əsas bоrcu və 5744,36 manat faiz borcu оlmaqla, ümumilikdə 17317,61 manat məbləğində kredit bоrcu yaranmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 900842-978353/1 saylı kredit müqaviləsindən görünür ki, ona avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə 18 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 44% faiz dərəcəsi ilə faiz hesablanır və bu faizin borcalan tərəfindən tam həcmdə ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli 900842-978353/1 və 900842-978353/1/2 saylı zaminlik müqavilələrindən görünür ki, Zamin1 və Zamin2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli 001/007/7356/2022 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 11573 manat 25 qəpik əsas, 5744 manat 36 qəpik faiz borcu olmaqla, ümumilikdə 17317 manat 61 qəpik bоrcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 900/900/0371/2021 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 9/966 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 02 fevral 2021-ci il tarixli, 900842-978353/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka 12388,56 manat əsas borc və 2097,11 manat faiz borcu olmaqla, cəmi 14485,67 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 02 fevral 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə 18 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 15000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehlərdən 11573,25 manat əsas borc və 5744,36 manat faiz borcunun tutulmasını tələb etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 9/966 nömrəli məhkəməmühasibatlıq ekspertizası rəyi ilə Cavabdeh 02 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixə 12388,56 manat əsas borc, 2097,11 manat faiz borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc və ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Zamin1 və Zamin2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Zamin1 və Zamin2 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 11573 manat 25 qəpik kredit borcu və 2097 manat 11 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 13670 manat 36 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 131 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 900842-978353/1 nömrəli kredit müqaviləsi üzrə 11573 manat 25 qəpik əsas borc və 2097 manat 11 qəpik faiz borcu olmaqla, cəmi 13670 manat 36 qəpik kredit borcu, ödənilmiş 200 manat mediasiya xərci və cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ34CTRE********************, SAP (XİİS) hesabı X1, Kod: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 131 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar