Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-160/2025 22.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas borca görə 22977,01 manat, faiz borcuna görə 1382,28 manat, cərimə borcuna görə 446,12 manat olmaqla, cəmi 24805,41 manat məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 165 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək kreditin maksimal məbləği 100000 manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 84 ayadək təşkil edir. Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən illik 17 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli GNOC-1026 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Bundan başqa Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi, tərkib hissələri (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) ilə birgə İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli GNOC- 1026ip saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı ASC iddia tələbinin azaldırlması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 10977,01 manat, faiz borcuna görə 2625,18 manat, cərimə borcuna görə 2190,21 manat olmaqla, cəmi 15792,4 manat məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 165 manat iddia ərizəsinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-yə xidmət haqqı olaraq 500 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini nəzərə alaraq, həmin məbləğin cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsinin yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, əsas borclu olan şəxs həyat yoldaşıdır. İddiaçı ilə müqavilə bağlayaraq 50000 manat krediti sahibkarlıq məqsədi ilə götürmüşdür. Zaminlik və ipoteka müqaviləsini özü imzalamış, əsas borc məbləği ilə bağlı etirazı yoxdur. Borcu ödəmək istəyirlər, hazırda da qrafik üzrə borcu ödəyirlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, borcun müəyyən hissəsini ödəmişdir. Belə ki, 8000 ABŞ dolları borcundan ödəniş etmişdir. Borcu tam olaraq ödəmək istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 84 ay müddətinə illik 30% olmaqla 100000 manat məbəğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 18% olmaqla 50000 manat məbəğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı ipoteka müqaviləsindən görünür ki, kredit limitinin ayrılmasına dair müqvilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsində yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 12 mart 2025-ci il tarixinə banka 10977,01 manat əsas, 2625,18 manat faiz, 2191,21 manat cərimə borcu olmaqla, cəmi 15792,4 manat borcu var. İş materiallarında olan "xxxx" MMC-nin 31 yanvar 2025-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə rəyi məhkəməyə təqdim olunmuş, rəyə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 120000 manat, likvid dəyərinin 95000 manat təşkil etməsi müəyyən edilmişdir. Xidmət haqqı 500 manat qeyd edilmişdir. İş materiallarında olan 31 yanvar 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 500 manat pul ödənilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlərə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən, 84 ay müddətinə illik 30% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 arasında 14 mart 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona illik faiz dərəcəsi 18% olmaqla, 24 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Onun iddiaçıya krеdit müqaviləsi üzrə 10977,01 manat əsas krеdit bоrcu vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı iddia tələbində kredit müqaviləsi üzrə 2625,18 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə faiz borcunun tutulması ilə bağlı bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı kredit razılaşması üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun 1382,28 manat təşkil etdiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2190,21 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit limitinin ayrılmasına dair razılaşma üzrə alınmış kreditə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış razılaşmaya əsasən 10977 manat 01 qəpik əsas borc, 1382 manat 28 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 12659 manat 29 qəpik məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evibə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə tərkib hissələri ilə birgə yönəldilməli, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 95000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,98 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün 51 manat dövlət rüsumu, həmçinin ekspertiza keçirilməsi ilə bağlı xidmət haqqı olaraq 500 manat pul ödəmişdir. Ona görə də 51 manat rüsum və 500 manat ekspertiza xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 14 mart 2023-cü il tarixli üzrə yaranmış 10977 manat 01 qəpik əsas borc, 1382 manat 28 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 12659 (on iki min altı yüz əlli doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul, ödənilmiş 127 (bir yüz altmış səkkiz) manat 98 (əlli səkkiz) qəpik məbləğində dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum, 500 (beş yüz) manat ödənilmiş ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) yönəldilsin. Həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın, əmlakın ilkin satış qiyməti 95000 (doxsan beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-160/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-160/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver