Məhkəmə qərarları › İş №e-2-2(115)-1606/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1606/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1606/2022 23.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli 001R**********S saylı sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 8324.4 manat məbləğində krеdit bоrcu, 1399.43 manat məbləğində faiz bоrcu və 1881.27 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11605 manat 10 qəpik məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019cu il tarixli 001L**********10 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1675.6 manat ödəmiş, onun 8324.4 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 232 gün üçün hesablanmış faiz borcu 1399.43 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 232 gün üçün hеsablanmış cərimə 1881.27 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı QSC ilə onun arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bankdan 10000 manat kredit götürmüşdür. Həmin kreditin məbləğini tam şəkildə ödəyəndən sonra ikinci dəfə 10000 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kredit məbləğindən müəyyən ödənişlər etmiş, ancaq maddi vəziyyətinin pisləşməsi səbəbindən kredit borcunu ödəyə bilməmişdir. İddia tələbinin əsas borcla bağlı hissəsi ilə razıdır, həmin borc məbləğini hissə-hissə ödəyəcəkdir. Lakin məhkəmədən cərimə və faiz borcunun silinməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə də işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001L**********10 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001R********** saylı krеdit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2.0833% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, bank ilə kredit alan arasında xx.xx.2019-cu il tarixli 001L**********10 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 07 avqust 2020-ci il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 31 mart 2021-ci il tarixli “ödəniş planı”-na uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada banka ödənişini etməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001R********** saylı müddətin uzadılması ilə bağlı olan kredit razılaşması sazişindən görünür ki, kreditin qalığı ödəniş tarixləri müəyyən edilməklə xx.xx.2023-cü il tarixədək yeni ödəniş qrafiki hazırlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001S**********01 saylı, xx.xx.2020-ci il tarixli 001S**********02 saylı və xx.xx.2020-ci il tarixli 001S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 8324.4 manat məbləğində krеdit bоrcu, 1399.43 manat məbləğində faiz bоrcu və 1881.27 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11605.10 manat məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmədikləri və İddiaçı QSC-nin nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış krеdit razılaşmasına əsasən Cavabdeh1 aylıq 2.0833% faiz ödəmək şərtilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Sonradan tərəflər arasında xx.xx.2021ci il tarixdə müddətin uzadılması ilə bağlı saziş imzalanmış, kreditin qalığı ödəniş tarixləri müəyyən edilməklə xx.xx.2023-cü il tarixədək yeni ödəniş qrafiki hazırlanmışdır. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 8324.4 manat əsas kredit borcu, 1399.43 manat faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1881 manat 27 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 avqust 2020-ci il tarixli 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş 31 mart 2021-ci il tarixli 001R202207798S saylı saziş ləğv edilməli, 07 avqust 2020-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə yaranmış 8324 manat 40 qəpik əsas borc, 1399 manat 43 qəpik məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 9923 manat 83 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 avqust 2020-ci il tarixli 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş 31 mart 2021-ci il tarixli 001R202207798S saylı saziş ləğv edilsin. 07 avqust 2020-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə yaranmış 8324 manat 40 qəpik əsas borc, 1399 manat 43 qəpik məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 9923 manat 83 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar