Məhkəmə qərarları › İş №e-2-2(115)-1606/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1606/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1606/2025 25.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2290,87 manat əsas borc, 114,55 manat əldən çıxmış fayda, 43 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Bokt "xxxx" QSC arasında 03 may 2021-ci il tarixində əməkdaşlıq müqaviləsi bağlanmışdır. İddiaçı MMC Bokt "xxxx" QSC tərəfindən kredit ayrılan şəxsə zamin durmuşdur. Müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti kredit götürən şəxs tərəfindən ödənilmədiyi halda həmin borc məbləğinin İddiaçı MMC-dən tutulması nəzərdə tutulmuşdur. Cavabdehin Bokt "xxxx" QSC ilə ilə bağladığı xx.xx.2023-ci il tarixli 574-MEA-0124-23 saylı kredit müqaviləsi üzrə 2290,87 manat borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyinə görə həmin borcu müqavilə şərtlərinə əsasən Bokt "xxxx" QSC İddiaçı MMC-dən tutmuşdur. Belə olan halda İddiaçı MMC reqress qaydada borcun ödənməsinə dair Cavabdeh qarşı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh 2290,87 manat borcu İddiaçı MMC-yə ödəməkdən qanunsuz və əsassız olaraq yayınır. Bu səbəbdən də mülki qanunvericiliyin tələbinə əsasən İddiaçı MMC cavabdehdən gecikdirilən borc məbləğinin 5% həcmində, yəni 114 manat 55 qəpik əldən çıxmış fayda tələb edə bilər. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçıdan 2023-cü ildə lazer cihazı almışdır, həmin vaxt onu banka yönəltmişlər, 5000 manatı nağd olaraq ödəmiş, qalan məbləği isə aylar üzrə hissələrə bölmüşlər. Bir il 7-8 ay ödəniş etmiş, fəaliyyət göstərdiyi yer yanmış, ödəniş çekləri yanğında yanmışdır. Kredit təşkilatı onun 5000 manat ödənişdən sonra qalan borcunu iddiaçıya ödəmiş, o da həmin pulu kredit təşkilatına ödəməli idi. Müraciət etsə də iddiaçı ona müvafiq sənədləri təqdim etməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bokt "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 574-MEA-0124-23 saylı müqavilədən görünür ki, borcverən borcalana İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulları almaq məqsədilə 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə, faiz dərəcəsiz 9300 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alınmış gözəllik və sağlamlıq üçün texnika borcverənin xeyrinə girov qoyulması, girov predmetinin borcalanda qalması razılaşdırılmışdır. İş materiallarında olan Bokt "xxxx" QSC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, satıcı bir və ya bir neçə avadanlığı kreditlə əldə etmək istəyən müştəriyə kreditordan müvafiq məbləğə qədər kredit almağı teklif edir. Kreditor həmin müştərinin kredit ödəmə qabilliyətini qiymətləndirərək tesdiq etdikdən sonra, ona bu müqavilədə və Azərbaycan Respublikasının qanunvericilliyi ilə nəzərdə tutulmuş müvafiq kredit qaydalarına uyğun olaraq kredit verməyi öz öhdəsinə götürür. İş materiallarında olan Bokt "xxxx" QSC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli 574-MEA-0124-23 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 09 fevral 2023-ci il tarixində bağlanmış 574- MEA-0124-23 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 9300 manat məbləğində kreditlə əlaqədar borcalanın öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarış məlumatından görünür ki, İddiaçı MMC tərəfindən Bokt "xxxx" QSC-yə 3442,87 manat pul köçürülmüşdür. İş materiallarında olan Bokt "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2290,87 manat borcu qalmış, zamin İddiaçı MMC tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq Bokt "xxxx" QSC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Bokt "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, borcverən borcalana İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulları almaq məqsədilə 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə, faiz dərəcəsiz 9300 manat məbləğində krediti verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə borcverən qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh Bokt "xxxx" QSC qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcu yaranmış, həmin borc məbləği zamin tərəfindən borcverənə ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin olaraq ödədiyi pul məbləğini və əldən çıxmış faydanı cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməli, 2290,87 manat borc, 114 manat 55 qəpik əldən çıxmış fayda olmaqla 2405 manat 42 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməliidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 43 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 43 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2290 manat 87 qəpik borc, 114 manat 55 qəpik əldən çıxmış fayda olmaqla 2405 (iki min dörd yüz beş) manat 42 (qırx iki) qəpik borc və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar