Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1637/2023 13.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı torpaq icarə müqaviləsi üzrə borcun alınması tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.90 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməs”inin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Azərbaycan Resbupliksı Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən icarə haqqı hər ilinə 146.16 manat təşkil etməklə 203.0 hektar torpaq sahəsi beş illik cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2023-cü il tarixə torpaq icarə haqqı üzrə 35.90 manat borcu ödənilməmiş qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmiş, lakin borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 18 oktyabr 2023-cü il tarixli e-2-2(115)-1637/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli 17 saylı icarə müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 203 hektar torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 5 il müddətinə, hər il üçün 146,16 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 28 iyul 2022-ci il tarixli 118 saylı sərəncamından görünür ki, Gədəbəy RİH başçısı ilə Gədəbəy rayonu Samanlıq kənd sakini X1 arasında Gədəbəy rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 19 və 20 nömrəli yay otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 203 hektar örüş sahəsinin 5 il müddətinə istifadə etmək üçün icarəyə verilməsi barədə bağlanmış 28 iyul 2022-ci il tarixli 17 nömrəli icarə müqaviləsinin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh 35,90 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq məktubunun surətindən görünür ki, borc məbləğinin ödənilməsi barədə borcluya xəbərdarlıq edilmiş, lakin yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Gədəbəy rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında 28 iyul 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Gədəbəy rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 203 hektar torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 5 il müddətinə, hər il üçün 146,16 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh icarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməmiş, onun iddiaçıya 35,90 manat borcu yaranmışdır. Həmin borc məbləğinin ödənilməsi məqsədilə ona xəbərdarlıq edilmiş, lakin cavabdeh yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Gədəbəy rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2022-ci il tarixli 17 saylı icarə müqaviləsi üzrə yaranmış 35 (otuz beş) manat 90 (doxsan) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1637/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1637/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver