Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1660/2024 24.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh DCLT00332508-03 saylı maliyyələşdirmə üçün ərizəyə (41040AZNSK********** saylı hesab üzrə) əsasən 50000 manat əsas borc, 813,10 manat faiz borcu, 13962,22 manat cərimə borcu olmaqla, cəmi 64775,32 manat məbləğində borcun, 41040AZNSK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 2859,22 manat məbləğində borcun, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 1,96 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 292,91 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/9276 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DCLT00332508-03 (hesab nömrəsi 41040AZNSK**********) saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 24%, illik cərimə faizi 33.5% olmaqla, nağdsız qaydada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə 50000 manat biznes kart üzrə kredit xətti açılmışdır. Lakin Borcalan qeyd edilən tarixli DCLT00332508-03 (hesab nömrəsi 41040AZNSK**********) saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, krediti götürdüyü müddət pandemiya dövrünə düşdüyündən, həmçinin oğlunun səhhəti ilə bağlı xərclər çəkdiyindən borcu ödəyə bilməmişdir. Hazırda əmlaklarını satışa çıxartmışdır. Həmin əmlaklar satılan kimi borcu ödəyəckdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/9276 saylı razılaşmadan görünür ki, Cavabdeh bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini diqqətlə oxuyub, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 may 2022-ci il tarixli DCLT00332508-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 24%, illik cərimə faizi 33.5% olmaqla, nağdsız qaydada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə 50000 (əlli min) manat biznes kart üzrə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCLT00332508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 50000 manat əsas borc, 813,10 manat faiz borcu, 13962 manat cərimə borcu olmaqla, cəmi 64775,32 manat borc, 41040AZNSK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 2859,22 borc, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 01,96 qəpik məbləğində borc təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya yaranmış borcu barədə məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/9276 saylı razılaşma bağlanmış, həmin razılaşmaya əsasən xx.xx.2022-ci il tarixli DCLT00332508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 50000 manat biznes kart üzrə kredit xətti açılmışdır. İddiaçı maliyyələşdirmə üçün ərizəyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğlərini cavabdehə vermiş, cavabdeh isə maliyyələşdirmə üçün ərizə üzrə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında əsas kredit borcu olaraq 50000 manat, faiz borcu olaraq isə 813,10 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Həmçinin cavabdehin 41040AZNSK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 2859 manat 22 qəpik borcu, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 1 manat 96 qəpik borcu yaranmışdır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun, faiz borcunun, habelə overdraft əməliyyatları ilə bağlı yaranmış borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 13962 manat 22 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 3500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli DCLT00332508-03 maliyyələşdirmə üçün ərizəyə əsasən 50000 manat əsas borc, 813 manat 10 qəpik faiz borcu, 3500 manat cərimə borcu olmaqla, cəmi 54313 manat 10 qəpik məbləğində borc, 41040AZNSK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 2859 manat 22 qəpik məbləğində borc, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 01 manat 96 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzlərə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 292,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 252 manat 94 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli DCLT00332508-03 saylı maliyyələşdirmə üçün ərizəyə (41040AZNSK********** saylı hesab üzrə) əsasən yaranmış 50000 manat əsas borc, 813 manat 10 qəpik faiz borcu, 3500 manat cərimə borcu olmaqla, cəmi 54313 (əlli dörd min üç yüz on üç) manat 10 (on) qəpik məbləğində borc, 41040AZNSK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 2859 (iki min səkkiz yüz əlli doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində borc 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 01 (bir) manat 96 (doxsan altı) qəpik məbləğində borc, ödənilmiş 261 (iki yüz altmış bir) manat 52 (əlli iki) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1660/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1660/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver