Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1668/2023 19.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20463,12 manat əsas borc, 2075,83 manat faiz borcu və 105,09 manat cərimə borcu olmaqla, cəmi 22644,04 manat borcun və 210 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin Sumqayıt filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ilə, xx.xx.2022-ci il tarixində isə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən aylıq 1.75% olmaqla 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin iyulun 21-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20463,12 manat əsas borc, 2075,83 manat faiz borcu və 420,35 manat cərimə borcu olmaqla cəmi 22959,3 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 420,35 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 105,09 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20463,12 manat əsas borc, 3519,40 manat faiz borcu və 1238,27 manat cərimə borcu olmaqla, cəmi 25220,79 manat borcun və 210 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Cavabdeh3 qarşı iddiası üzrə onun cavabdehlər sırasından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırımışdır ki, tanıdığı Cavabdeh3 2021-ci ilin oktyabr ayında İddiaçı ASC-dən 10000 manat kredit alacağına görə ondan bankın tələbi qarşılığında ona zamin durmağını xahiş etmiş və o da Cavabdeh3 həmin məbləğ pulu istənilən vaxt qaytarmaq imkanı olmasını nəzərə alaraq xx.xx.2021-ci il tarixdə onunla bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospektində yerləşən baş ofisinə gedərək orada xx.xx.2021-ci il tarixdə Cavabdeh3 alacağı 10000 manat kreditə görə zamin durmuş və onunla bank arasında Z/11061/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Yəni o, İddiaçı ASC-nin Sumqayıt filialında olmamış, hətta həmin filialın Sumqayıt şəhərində hansı ünvanda yerləşməsini də bilmir. Həmin zaminlik müqaviləsinin bankın Sumqayıt filalı tərəfindən bağlanması göstərilsə də, müqavilənin sonunda kreditor Sumqayıt filialının əvəzinə İddiaçı ASC-nin baş idarəsinin möhürü, bankın kreditləri idarə etmə şöbəsinin müdiri olan Arzu İsmayılovanın öz möhürünü vurmuşlar. Bundan başqa onunla bank arasında zaminlik müqaviləsi bağlanarkən bankın Cavabdeh3 kredit xətti açılması haqqında heç bir söhbət olmamışdır. Hətta həmin zaminlik müqaviləsinin 1-ci vərəqində “Zamin” sözündən sonrakı imza da onunki deyildir. Həmin kreditin ödənilibödənilməməsi barədə isə Azaddan soruşmuş, Azad isə ona həmin krediti tam ödədiyini və onun banka borcu qalmadığını bildirmişdir. Hətta Azad onun yanında bankda kiməsə zəng etmiş və bankın əməkdaşı Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu qalmadığını bildirmişdir. Bundan sonra Cavabdeh3 ilə bankın arasında yenidən kredit müqaviləsi bağlanmasından onun məlumatı olmamışdır. Cavabdeh3 İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli 4-MSR-1992-21/2 saylı kredit müqaviləsi üzrə verilmiş 25000 manat məbləğində kredit barədə yalnız 2023-cü ilin mart ayında ona İddiaçı ASC-dən göndərilmiş məktubdan məlum olmuşdur. O bu barədə banka müraciət edərək cavabdehə ilk dəfə zaminliyə verilmiş kreditə görə ona həmin krediti ödəməyə nail olduğunu və sonradan ona kredit verilməsinə görə məlumatının olmadığından cavabdeh olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, kredit xətti üzrə əvvəlcə 10000 manat məbləğində kredit verilmiş və ödənilmiş, daha sonra isə 25000 manat məbləğində kredit verilmişdir. Etirazla əlaqədar onu bildirir ki, zaminlər kredit limitin ayrılmasına dair müqavilə ilə razı olmuşdurlar, hər iki kredit də həmin müqavilə çərçivəsində verilmişdir. Onların isə kredit limitin ayrılmasına dair müqavilə daxilində hər dəfə kredit verərkən zaminin razılığını almalarına dair vəzifələri yoxdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək göstərdi ki, kredit müqaviləsini özü bağlamışdır. Borcunu ödəyə bilməməyinin səbəb maddi imkanının olmamasıdır. Əvvəllər zamin Cavabdeh2 şirkətində işləmişdir. Hazırda isə işdən çıxmışdır. Həmin zaminin ona borcu olmuş, lakin ödəyə bilməmişdir. Ona bankdan kredit götürməyini və həmin krediti birlikdə ödəyəcəklərini bildirmişdir. 10000 manat kredit götürərək ödənişləri etmiş, daha sonra ona yenidən pul lazım olduğu üçün yenidən kredit götürməyini, həmin krediti birlikdə ödəyəcəklərini bildirmişdir. 25000 manat kredit götürmüş, 1-2 ay ödəniş etdikdən sonra Cavabdeh2la aralarında mübahisə yaranmış və ona krediti ödəməkdə köməklik etməmişdir. Daha sonra onu işdən çıxardığı üçün kredit borcunu ödəyə bilməmişdir. Bankın pulunu vermək üçün ona dəfələrə müraciət etsə də borcu ödəməkdən imtina etmişdir. Digər zamin də onlarla birlikdə işləmişdir. İkinci dəfə də kredit götürəndə zaminlərin məlumatı olmuşdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərdi ki, iddiaçı ilə zaminlik müqaviləsini özü bağlamışdır. Lakin iddiaçı borc ödənilmədiyi təqdirdə həmin pulu əsas borclunun əmlakından tutacağını hesab etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 4-MCR-1-1992/21 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 11 may 2022-ci il tarixli 4-MCR-1-1992/21/2 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, ona biznes məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla 25000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 11 may 2022-ci il tarixli xx.xx.2021-ci il tarixli 4-MCR-1-1992/21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əlavə sazişdən görünür ki, xx.xx.2021-ci il tarixli 4-MCR-1-1992/21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə Cavabdeh1 tərəfindən verilən zaminlik (xx.xx.2022-ci il tarixli Z/07256/22 saylı) əlavə edilmişdir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli Z/11061/21 saylı və 11 may 2022-ci il tarixli Z/07256/22 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 20463 manat 12 qəpik əsas, 3519 manat 40 qəpik faiz və 1238 manat 27 qəpik cərimə borcu olmaqla, ümumilikdə 25220 manat 79 qəpik bоrcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 29 oktyabr 2021ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində krеdit xətti açılmışdır. Cavabdeh3 ilə İddiaçı ASC arasında 11 may 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmaya əsasən ona biznes məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla 25000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı 23 oktyabr 2023-cü il tarixində iddia tələbində cavabdehlərdən 20463 manat 12 qəpik əsas borc və 2075 manat 83 qəpik faiz borcunun tutulmasını tələb etmişdir. Daha sonra iddiaçı 23 noyabr 2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 20463 manat 12 qəpik əsas borc və 3519 manat 40 qəpik faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehlərə göndərdiyi vaxtda, yəni 22 sentyabr 2023-cü il tarixdə bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc və faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1238 manat 27 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarında, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh1 və Cavabdeh2 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək 29 oktyabr 2021-ci il tarixdə Cavabdeh3 alacağı 10000 manat kreditə görə zamin durduğunu, onunla bank arasında Z/11061/21 saylı zaminlik müqaviləsi bağlandığını bildirmişdir. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 11 may 2022-ci il tarixli 4-MSR-1992-21/2 saylı kredit müqaviləsindən, verilmiş 25000 manat məbləğində kredit barədə məlumatı olmamışdır. Ona görə də onun cavabdehlər sırasından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, Cavabdeh2 borclunun 29 oktyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsindən görünür ki, müqavilə 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olaraq 100000 manat məbləğində öhdəliyin təmini üçün bağlanmışdır. Həmçinin zaminlik müqaviləsində göstərilmişdir ki, 29 oktyabr 2021-ci il tarixli 4-MCR-1-1992/21 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit limiti qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər. Borcalan ilə bank arasında 29 oktyabr 2021ci ildə, sonradan isə 11 may 2022-ci il tarixdə kredit verilməsinə dair razılaşma bağlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 20463 manat 12 qəpik kredit borcu, 2075 manat 83 qəpik məbləğində faiz borcu, 400 manat cərimə borcu olmaqla, cəmi 22938 manat 95 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 158 manat 81 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 may 2022-ci il tarixli 4-MCR-1-1992-21/2 saylı kredit verilməsinə dair razılaşma üzrə yaranmış 20463 manat 12 qəpik kredit borcu, 2075 manat 83 qəpik faiz borcu və 400 manat cərimə borcu olmaqla, cəmi 22938 (iyirmi iki min doqquz yüz otuz səkkiz) manat 95 (doxsan beş) qəpik məbləğində pul və ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 158 (bir yüz əlli səkkiz) manat 81 (səksən bir) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1668/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1668/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver