Məhkəmə qərarları › İş №e-2-2(115)-17/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-17/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-17/2024 03.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000 manat məbləğində maddi zərərin alınıb, iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2014-cü ildə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh özünə məxsus Gəncə şəhəri, Gəncə-Bakı yolunun sağ kənarında Avtoservis olan yarımçıq obyekti ona göstərmim və oranı işlətmək üçün həmin obyektdə təmir-tikinti işlərini etdirib, icarə müqaviləsi əsasında işlətməyi ona təklif etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 2014-cü ildə kredit alınması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və 20 may 2014-cü il tarixdə 60000 manat məbləğində kredit götürüb 45000 manatını təmirtikinti, quraşdırma işləri, bütün avtoservisin kamera sisteminin çəkilməsi və avadanlığının alınması, avto-yuma yerinin üstünə talvar quraşdırılıb, avtoservisin su təhcizatının təmin edilməsi üçün çəkilməsi və sayğacların quraşdırılması xərci, reklam lövhələri, mətbəx mebeli, ofis mebeli, təmir sexlərinin darvazalarının quraşdırılması, 2 ayaqyolunun santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, 2 hamamın santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, geyim otağına kafel və metlax vurulub, orada olan binaların qabağına pilləkanların quraşdırılması, bütün obyektin divarlarının boyanması, 2 böyük mətbəxin kafel və metlaxlanması, 2 yeməkxana üçün soyuducu, qaz pilitəsi, stol və stul alınması işlərinə sərf etmişdir. Cavabdeh almış olduğu pulu 5 il ərzində qaytarmağa söz vermişdir. 5 ilin tamamında çəkilmiş xərci istədikdə cavabdeh ona imkanı olmadığını, borcu yalnız obyekti satıb ödəyə biləcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2021-ci ilin avqust ayında cavabdeh ona bildirmişdir ki, obyekti almaq istəyən müştəri olduğuna görə yeri boşaltmaq lazımdır. Yenə də ona inanıb obyektin satılması üçün oradakı işlərini dayandırıb çıxmışdır. Lakin cavabadeh indiyənə kimi onu aldadır. Nəticədə banka girov qoyduğu yeganə yaşayış yeri olan ev kredit borcunu ödəyə bilmədiyi üçün “Paşa Bank”ın balansına keçmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Obyekt üçün çəkdiyi xərclər: kamera sisteminin çəkilməsi- 3650 azn; reklam lövhələri- 3800 azn; talvar avtoyuma üçün- 1670 azn; su çəkilməsi- 3100 azn; sayğac mexaniki- 95 azn; sayğac elektron- 145 azn; sanuzel ( 2 kafel metlakı, kafel metlak ustası) -2400 azn; sanuzel santexnikası – 770 azn; sanuzel (vanna otağı), (2 çimilmək yeri kafel metlak 4200 azn, razdevalkanın kafel metlakı – 2700 azn); sanuzellərin (vanna otağı və əyaqyolu) pilləkənləri- 700 azn; təmir sexlərinin darvasası (11x350), usta – 3850 , materialara – 4950 azn; yeməkxananın mətbəxin kafel metlakı -4200 azn; mətbəx mebeli – 1440 azn; ofis mebeli- 1100 azn; obyektin boyanması (tam) – materiallar – 900 azn, usta – 400 azn; mətbəx üçün stol stul, soyuducular, qaz plitəsi – 1870 azn (bütün avadanlıqların qiyməti); mağaza rəfləri və vitrinlər – 1840 azn. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə etiraz ərizəsi təqdim edərək iddianın əsassız olduğuna görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində göstərdiyi bütün faktlar və dəlillər qondarmadır. Belə ki, iddiaçı tərəfindən onun obyektini icarə müqaviləsi əsasında işlətdiyi müddətdə təmir-tikinti quraşdırma işləri görülməmiş, yalnız razılaşmaları əsasında əlavə işlər görülmüş və həmin işlərin əvəzi qarşılanmışdır. İşin faktiki halı ondan ibarətdir ki, onun hazırda Gəncə şəhəri, Yevlax şossesi yolunda tikilmiş Qaçqın Şəhərciyi ərazisində avtomobillərin təmiri profilaktoriyası olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Qərarı əsasında Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün yeni yaşayış massivi salınması ilə onun obyekti sökülmüşdür. Bundan sonra, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20 may 2011 -ci il tarixli 71 saylı sərəncamı ilə ona 0.35 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2013-cü il 291 saylı Sərəncamı ilə onun həmin torpaq sahəsində tikililərinin layihəndirilməsi və yerləşdirilməsinə icazə verilmişdir. Bundan sonra o, podratçı təşkilat "xxxx" MMC tərəfindən həmin ərazidə yeni müasir standartlara uyğun “Avtoservis” obyekti inşa etdirmişdir. Daha sonra Dövlət Qəbul Komissiyasının 30 aprel 2014-cü il tarixli Aktı ilə tikililəri istismara qəbul edilmişdir. Həmin obyekt 2014-cü ildə tam tikilib təhvil verildiyinə görə iddiaçı həmin obyekti hazır vəziyyətdə götürmüşdür. Onun iddia ərizəsində qeyd etdiyi məsrəflər, yəni 20 may 2014-cü ildə “Paşa Bank”dan 60.000 manat kredit götürməsi və həmin pulun 45.000 manatını guya obyektin təmir-tikinti, quraşdırma və sair işlərə xərcləməsi həqiqətə uyğun deyildir. Çünki buna ehtiyac olmamışdır. Eyni zamanda onların arasında belə bir razılaşma olmamışdır. İddiaçının obyektdə kamera sistemlərin çəkilişi, reklam lövhələrin hazırlanması, avtoyuma üçün talvar düzəltmə xərcləri ilə əlaqədar bildirir ki, həmin xərclərə dair iddia etdiyi məbləği o, özündən sonra tapıb gətirdiyi yeni icarəçi ilə öz aralarında razılaşaraq bütün xərcləri ondan almışdır. Bundan əlavə bildirir ki, iddiaçı tərəfindən razılaşma əsasında sanuzel və mətbəxdə kafel və metlax işləri görülmüş, həmin xərclər obyektin icarəsi üçün ödənilməli olan məbləğdən çıxılmışdır. Bundan başqa iddiaçının obyektdə qurraşdırdığı ofis mebeli, mətbəx avadanlıqları, rəf və vitrinlər ilə bağlı aralarında mübahisə yoxdur. Həmin avadanlıqlar ona məxsus olduğu üçün istədiyi vaxt götürə bilər, bunun üçün heç bir maneyə yoxdur və olmamışdır. İddiaçı öz şəxsi razılığı ilə obyektdən çıxmış və yeni icarəçini özü tapmış, onunla və cavabdehlə razılaşaraq müqavilə bağlanmasında iştirak etmişdir. Əlavə olaraq bildirir ki, daha sonra iddiaçı Heydər Əliyev prospekti 166 ünvanında fəaliyyət göstərən mağazada satış üçün əvvəlcə istifadə olunmuş ehtiyyat hissələri Avropadan ümumi mal dəyəri 120075 manat və 15000 manat yol nəqliyyat xərci, 35000 manat onlar tərəfindən ödənilməklə İddiaçı tərəfindən gətirilmişdir. Baxış zamanı gətirilən malların 70 faizinin istifadəyə tam yararsız olduğu aşkar edilmiş və bu səbəbdən satışa yararsız olaraq mal qalığı kimi qalmış bütün bunlar ona irad edilərkən mağazanı tərk edib getmişdir, daha sonra yararsız mallar elektron qaimə əsasında öz üzərindən çıxarılaraq onlara göndərilmişdir. Elektron qaimə məbləği tərəfindən ona mədəxil ödəniş qəbzi ilə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh faktiki olaraq 2020-ci il fevral ayından 2021-ci il iyul ayınadək obyekti işlətsə də, həmin 1 il 5 aya görə icarə haqqını ödəməmişdir. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixində yenidən etiraz ərizəsi və izahat təqdim edərək bildirmişdir ki, Dövlət Qəbul Komissiyasının 30 aprel 2014-cü il tarixli aktı ilə obyekti tam hazır şəkildə istismara təhvil verilmiş, bundan 3 ay sonra, yəni 2014-cü ilin avqust ayından iddiaçı həmin obyekti icarəyə götürmüşdür. İddiaçı ilə qarşılıqlı razılaşmalarına əsasən iddiaçı tərəfindən etiraz ərizəsində qeyd etdiyi tamamlama və əlavə quraşdırma işləri görülmüşdür. Razılaşmışlar ki, iddiaçı bir müddət, yəni çəkdiyi xərclərin pulunu qazananadək ona icarə haqqı ödəməsin. Bu hesabla iddiaçı təqribən 1 il 6 aydan artıq bir müddətdə ona icarə haqqı ödəməmişdir. Yalnız 2016-cı ilin yaz aylarından başlayaraq iddiaçı ona hər ay 500 manat icarə haqqı ödəməyə başlamaqla, təqribən 4 ilə yaxın bir müddətdə, yəni 2020-ci ilin fevral ayınadək ödəmişdir. Bundan sonra pandemiya ilə əlaqədar obyekti işlətsə də, qazancının azlığını bəhanə edib, 1 il 5 ay ərzində icarə haqqı ödəməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya cavabdeh ondan aldığı 45.000 manat pulu 5 il ərzində qaytarmağa söz vermişdir. Bununla əlaqədar bildirir ki, cavabdeh ondan heç bir məbləğdə pul almamış və hər hansı bir müddətdə qaytarmağa söz verməmişdir. Həmçinin o, çəkdiyi xərclərin əvəzi olaraq 1 il 6 ay ərzində cavabdehə icarə haqqı ödəməmişdir. Əgər o, çəkdiyi xərclərin əvəzini qazanmamışdırsa, nəyə görə cavabdehə 2016-cı ildən başlayaraq 2020-ci ilədək hər ay 500 manat icarə haqqı ödəyirdi. Əgər ondan alacağı vardırsa, ona pul ödəməzdi. Alacağı olan adamın pul ödəməsi ağlabatan deyildir. Əlavə olaraq bildirir ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçı 2014cü ilin avqust ayında onun əmlak kompleksini bütövlükdə icarəyə götürüb. Həmin vaxtı onun əmlak kompleksində 11 ədəd təmir sexi, 1 ədəd yeməkxana otağı, 2 ədəd anbar otağı, 1 ədəd avtoyuma və 1 ədəd mağaza binası olub. Mağazanı iddiaçı özü işlətməklə, digər yerləri icarəyə verib və pulunu özü alıb. Bu da onu göstərir ki, iddiaçı 1 il 6 ay ərzində qoyduğu xərclərin əvəzini artıqlaması ilə götürmüşdür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh ona təklif etmişdir ki, icarəyə vermək istədiyi avtoservisi var. O da bu təkliflə razılaşıb, həmin obyekti təmir etdirmək üçün bankdan kredit götürmüşdür. 2021-ci ildə cavabdeh ona bildirib ki, həmin obyekti başqa adama satır, ancaq ona çəkdiyi xərclərin əvəzini ödəyəcək. Lakin buna baxmayaraq həmin vaxtdan bu tarixə ona heç bir ödəniş edilməmişdir. Buna görə də, o hələ də banka borcludur. Obyektə 45000 manat xərc çəkmişdir. Aralarında rəsmi qaydada icarə müqaviləsi xx.xx.2019-cu il tarixində 1 illik müddətinə bağlanılmışdır. Bu formada təxmini 6 icarə müqaviləsi bağlamışlar. Müqavilədə çəkilmiş xərclərlə bağlı heç bir maddə qeyd olunmayıb. Hər ay 500 manat icarə haqqı ödəmişdir. O həmin obyekti təxminən 7 il işlətmişdir. İlk illərdə icarə müqaviləsi bağlamamışlar. Belə ki, sözügedən obyekti 2014-cü il tarixindən təmir etdirib, 2016-cı il tarixindən isə işlətməyə başlamışdır. O, sözügedən obyektdən 2021-ci il 1 avqust tarixindən çıxmışdır. Borcunu ödəniləcəyi bildirdiyi üçün məhkəməyə gec müraciət etmişdir. Görülən işləri toplayanda ümumi xərc 45000 manatdan çox edir. Çəkdiyi xərclər barədə rəsmi sənəd olmasa da, təmir işlərini görən ustalar bu halı təsdiq edə bilər. Bank ona kredit verdiyi zaman banka kreditin təyinatını demişdir və bankın nümayəndəsi obyektə gəlib monitorinq keçirmişdir. Obyektdəki sayğac əvvəlcə mexani olmuş, daha sonra onu elektron sayğacla əvəz etmişdir. Qoyduğu sayğacı özü götürmüşdür. Bundan əlavə, o, 3 il obyektdə təmir işi görüb pul qazanmamağına baxmayaraq, yenə də icarə haqqını ödəmişdir. Sanuzel dedikdə ayaqyolundakı borular, 2 ayaq yolundakı 2 ədəd kabinadır. Ayaq yolu yarımçıq şəkildə tikili olubdur. Ayaq yolu təmirinə ustanın əl muzdu pulu 2400 manat olmuşdur. Bundan əlavə, pilləkənin düzəldilməsinə görə 700 manat ustanın əmək haqqısı olubdur. Bu qeyd olunan bəndlərdəki işləri təxminən 2014-cü ildə görmüş, tarixi dəqiq xatırlamır. Təmir işləri, ümumilikdə 5-6 ay çəkmişdir. Daha sonra təmir sexinin darvazasını yenidən o yığdırmış, belə ki, dövlətin təmin etdiyi darvaza sonradan xarab olmuşdur. Obyekti 2014-cü ildə boyamışdır. Obyektdə 8 ədəd masa, 32 ədəd oturacaq, 2 ədəd soyuducu, 2 ədəd qaz sobası vardır. Bütün avadanlıqları işləyə bilmək üçün almışdır. Aralarında belə bir razılaşma olmamışdır. Onu da qeyd edir ki, o, icarə ödənişini hətta pul qazanmayanda belə ödəmişdir. Obyektdən çıxanda özü ilə heç nə götürməmişdir. Obyekti ilk işlətməyə başladığı vaxtdan icarə haqqını ödəmişdir. Cavabdeh ona qırıq masa vermişdir. Obyektdə jalüz olubdur, lakin jalüzün arxa və kənarlarını o yığdırmışdır. Obyekti 2014-cü ildən götürmüş və həmin vaxtdan da icarə haqqını ödəmişdir. Yeni icarəçini obyektə o gətirməmişdir. Qarşı tərəf ona bildirmişdi ki, çəkdiyi xərclərin pulunu ona 5 il sonra verəcək. İşləri görə-görə cavabdehə hesabat vermişdir. Razılaşma aralarındakı etibardan irəli gəlmişdir. O, Zabitin sözünə güvənmişdir. Kamera pulu 300 manat deyil. Hansı ki, həmin pulu da keçən məhkəmə iclasında iştirak edən şahid yox, onun qardaşı veribdir. Onlar elə razılaşmışlar ki, 3600 manatlıq kamera pulu ona sonra veriləcək. Yeni icarəçini o yox, cavabdehin özü gətirmişdir. Onu obyektdən cavabdeh çıxartmışdır. Onun adına gətirdiyi malın satılan hissəsinin pulu da cavabdehdədir. Qeyd etdiyi 17-ci bənd işləri 2014-cü ildə görmüşdür. Ola bilər ki, təmirə 2014-cü ildə başlayıb 2015-ci ildə bitirmişdir. Ekspertin verdiyi rəydə qiymətlər az göstərilib. 2021-ci ildən həmin obyektdən çıxmışdır. Hazırki kirayəçini tanımır. Onun heç bir xərci ödənilməyib. Kirayəçi olduğu dövrdə icarə haqqını həmişə ödəmişdir. 250 manat pulu yeni kirayəçinin qardaşı ona kömək üçün verib. Cavabdeh ona obyekti satdığını 2 ay ərzində 30000 manat pul verəcəyini demişdir. O, 2021-ci ilin avqust ayından obyektdən çıxmışdır, sonrakı dövrdə oranı kim işlədib, kimlə müqavilə bağlanılıb bilmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, faktiki münasibətlər tərəflər arasında olan münasibətlərdir. Obyektə mülkiyyət hüququ qeydə alınmamışdır. Obyektin təmir olunması ilə bağlı icarə müqaviləsində heç nə qeyd olunmamışdır. İcarə müqaviləsində iddia ilə bağlı heç bir müddəa yoxdur. Ekspertin verdiyi rəydə qiymətlər az göstərilib. Həmçinin cavabdeh tərəf əvvəlki dövrdə 20000 manat verməyi təklif edib, məsələnin həll olunması kimi bir təklif etmişdir. Hal-hazırda həmin təkliflə razılaşırsa, onlar da qəbul edə bilərlər. Cavabdeh qeyd etmişdi ki, “obyekti sat xərcini götür”. Bu ifadə cavabdehin borca münasibətini göstərir. İddia əsaslıdır, təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, obyekt dövlət tərəfindən tikilmiş və 2014-cü il tarixində tam təmirli şəkildə ona verilmişdir, yəni bu da o deməkdir ki, avadanlıqlar və tikinti işləri dövət tərəfindən təmin edilmişdir. Həmin obyekt cavabdehə 300-500 manata icarəyə vermişdir. İddiaçı 7 il ərzində obyekti işlətmişdir. Hansı ki, həmin 7 il ərzində 1 il icarə haqqını almamışdır ki, çəkdiyi xərclərin əvəzini alsın. Həmin dövrdə sexdə yanğın olmuş, buna görə 2000 manat da ödəniş etmişdir. Onların arasında obyektin təmiri ilə bağlı heç bir razılaşma olmamışdır. Kameranı iddiaçı alıb, ancaq yeni icarəçidən kamera çəkilməsi ilə bağlı xərcin əvəzini almışdır. Eyni zamanda reklam lövhələrinin pulunu da yeni icarəçi Fəriddən almışdır. Sayğac, su dövlət tərəfindən çəkilmişdir. Metlak, kafel xərci isə icarə ödəmədiyi vaxtdakı puldan çıxılmışdır. Sanuzel santexnikası dövlət tərəfindən təmin edilib. Etdiyi bütün təmirlərin pulunu icarə haqqından çıxmışdır. Pilləkənin material xərcini də eyni zamanda icarə haqqından çıxmışdır. Darvaza dövlət tərəfindən qoyulmuşdur. Yeməkxananın metlakkafel xərcləri də ödənilibdir. Kamera, avtoyuma, reklam xərclərini yeni icarəçi Fəriddən almışdır. İddiaçıya kömək etmək məqsədi ilə obyekt satılsa, ona 20000 manat ödəyəcəyini də bildirmişdir. O, iddiaçıya təzə obyekt vermişdi, buna görə də obyektdə hər hansı xidmət növü yox idi. Obyekti icarəyə verdiyi üçün orada işlər görmək icarəçinin məsuliyyətində idi. Torpaq "xxxx" MMC-yə ayrılıbdır. Müqavilə "xxxx" MMC-nin adından bağlanılmışdır. O, orada direktor vəzifəsində çalışır. Ödənilən bütün icarə haqlarından dövlətə vergi ödənilmişdir. İcarə ödənişləri nağd şəkildə olubdur. 1) Kamera sistemi iddiaçı tərəfindən çəkilibdir, lakin dəyərini bilmir. 3650 manatı yeni icarəçidən almışdır. 2) Reklam lövhələrinin pulu yeni icarəçi tərəfindən ödənilmişdir.3) Avtoyuma talvarının ödənişi yeni icarəçi tərəfindən ödənilmişdir. 4) Su çəkilişini onun tərəfindən edilibdir. 5) Su sayğacı iddiaçı tərəfindən çəkilibdir, belə ki, 2 sayğac qoymuşdur. Əvvəlcə mexaniki sayğac qoymuş, daha sonra onu özünə götürüb yerinə elektron sayğac qoymuşdur. Qiymətini dəqiq bilmir.7) Sanuzel, kafel-metlakı bəndində isə kafel-metlakı özü vurdurmuşdur, sanuzel isə dövlət tərəfindən çəkilmişdir. Bu 7-ci bənd üzrə qiyməti dəqiq bilmir. 8)Sanuzel avadanlığını iddiaçı almamış, hamısını o və dövlət tərəfindən qoydurulmuşdur. 9) ödəniş iddiaçı tərəfindən ödənilibdir, o da bir az kömək etmiş, dəqiq qiymətini isə bilmir. 10) usta xərcini iddiaçı verib, pilləkəni, materialları isə o vermişdir. Xərcin 700 manat olmasını dəqiq bilmir. 11) təmir sexlərinin darvazasının xərci iddiaçı tərəfindən ödənilməyibdir. 12)Yeməkxananın kafel-metlakı iddiaçı tərəfindən vurulubdur. Ödənişini isə icarə haqqından çıxmışlar. Qiymətinin nə qədər olduğunu ona deməyib. 13) Mətbəx mebeli haqqında dəqiq məlumatı yoxdur, bu halı aydınlaşdırmağa vaxtı olmamışdır. 14) Ofis mebeli barədə də dəqiq məlumatı yoxdur.15) Obyektin boyanması iddiaçı tərəfindən edilməyibdir, obyekti özü boyatdırmışdır. 16) Mətbəx üçün stol-stul, soyuducunun halhazırda obyektdə olub olmadığını dəqiq bilmir. 17) Mağaza vitrinini isə özü yerləşdirib, daha sonra isə söküb, satıbdır. Onların münasibətlərinin pisləşməsi səbəblərindən biri də odur ki, o, iddiaçının adına mal gətirmiş və pulunu da o ödəmişdir. Həmin mal satılmamış və istifadəyə yararsız vəziyyətdədir. Ona görə ki, keyfiyyətsiz mal sifariş etmişdir. İşlərin görülməsini təsdiq edirlər. Buna görə obyektin foto şəkillərini də çəkib məhkəməyə təqdim etmişlər. 16-cı bənd üzrə obyektdə 1 ədəd qaz pilitəsi var. Masaları isə o vermişdir. Su xətlərini də onlar çəkdirmişlər. Kafel-metlak iddiaçı tərəfindən vurulmuşdur. Kafel-metlakın ödənişi icarə haqqından çıxılmışdır. Obyektdə ona kamera, reklam lazım deyildi. İddiaçı bütün bunları özü üçün edibdir. Təzə icarəçini də özü gətiribdir. Onu 120000 manat ziyana salmışdır. Malı gətirmiş, mal da keyfiyyətsiz olmuş, satılmamışdır. İddiaçı 17-ci bənddə qeyd olunan işləri hissə-hissə 2014-2015-2016-2017-ci illər ərzində görmüşdür. Belə ki, obyekti 2014-cü ilin payızında icarəyə götürmüşdür. O təklif etməmiş sadəcə demişdir ki, həmin obyekti satarsa, onda satışdan iddiaçıya 20 min manata kimi köməklik edər. Hal hazırda o nə obyekti satmışdır, nə də ki, pulu yoxdur ki, iddiaçıya köməklik edə bilsin. İlk vaxtlar obyektə xərc çəkdiyini dedi. O da xərci hesablayıb deyəndən sonra 6 ay icarə haqqı almadı. Ondan sonra da nə vaxt problemi olub olmadığını soruşsa, hər şeyin qaydasında olduğunu deyib. O uzun müddət obyekt olan yerə getməmişdir. Bircə kafelmetlaka pul verdiyini bilir, onu da ilk vaxtlar icarə haqqı almayaraq ödəmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının ərizəsində göstərdiyi bütün faktlar və dəlillər qondarmadır. Belə ki, iddiaçı tərəfindən cavabdehin obyektini icarə müqaviləsi əsasında işlətdiyi müddətdə təmir tikinti quraşdırma işləri görülməmiş, yalnız razılaşmaları əsasında əlavə işlər görülmüş və həmin işlərin əvəzi qarşılanmışdır. İşin faktiki halı ondan ibarətdir ki, cavabdehin əvvəl hazırda Gəncə şəhəri Yevlax şossesi yolunda tikilmiş Qaçqın Şəhərçiyi ərazisində avtomobillərin təmiri profılaktoriyası olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Qərarı əsasında Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün yeni yaşayış massivi salınması ilə cavabdehin obyekti sökülmüşdür. Bundan sonra Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının 20 may 2011 -ci il tarixli 71 saylı Sərəncamı ilə cavabdehə 0.35 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısının 14 fevral 2013 -cü il 291 saylı Sərəncamı ilə onların həmin torpaq sahəsində tiikililərinin lahiyyəndirilməsi və yerləşdirilməsinə icazə verilmişdir. Bundan sonra podratçı təşkilat olan “Azəri Servis LTD- MMC” tərəfindən həmin ərazidə yeni müasir standartlara uyğun “Avtoservis” obyekti inşa edilmişdir. Bundan sonra Dövlət Qəbul Komissiyasının 30 aprel 2014-cü il tarixli Aktı ilə həmin tikililər istismara qəbul edilmişdir. Qeyd etdiklərinə əsasən bildirir ki, həmin obyekt 2014-cü ildə tam tikilib təhvil verildiyinə görə iddiaçı həmin obyekti hazır vəziyyətdə götürmüşdür. Onun iddia ərizəsində qeyd etdiyi məsrəflər, yəni 20 may 2014- cü ildə “Paşa Bank”dan 60.000 manat kredit götürməsi və həmin pulun 45.000 manatını guya obyektin təmir tikinti, quraşdırma və sair işlərə xərcləməsi həqiqətə uyğun deyildir. İddiaçı faktiki olaraq 2020-ci il fervral ayından 2021-ci il iyul ayınadək obyekti işlətsə də, həmin 1 il 5 aya görə icarə haqqını ödəməmişdir. 2014-2019-cu illər aralığında müqavilə olmayıb, yalnız şifahi razılaşma olmuşdur. Şifahi müqavilənin şərtləri də mübahisələndirilmir. Bəzi bəndlərin qiymətinin cavabdeh tərəfindən dəqiq bilinməməsinin səbəbi odur ki, bu sözügedən məsələlər barədə aralarında razılaşma olmamışdır. İddiaçı daha sonra obyekti yeni icarəçiyə təhvil vermişdir. Aralarında şifahi razılaşma olubdur ki, iddiaçı çəkdiyi xərcləri qarşılayana qədər icarə haqqı ödəməsin. İddia edildiyi kimi, heç bir ziyan vurulmayıb. 2014-cü ildən pandemiya dövrünə kimi kirayəçi olaraq obyekti işlətmiş, hər ay 500 manatdan icarə haqqı ödəmişdir. Əgər çəkilmiş xərc və ya ziyan olsa idi o, icarə haqını ödəməzdi. Cavabdeh onun üzərinə heç bir öhdəlik qoymamış, ondan obyektə nə isə xərc çəkməyini tələb etməmiş, ona görə də cavabdehin heç bir məsuliyyəti yoxdur. Buna görə də iddia əsassızdır. İddia təmin olunmamalıdır. Cavabdehin sözləri təhrif olunur. O, “əgər sata bilsən, sənə pul verərəm” deyir, xərcini götür demir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçıı tanıyır, heç bir ədavət, düşmənçilik münasibəti yoxdur. Cavabdeh də tanıyır, onunla da heç bir ədavət, düşmənçilik münasibəti yoxdur, eyni zamanda işgüzar münasibətləri vardır. Obyekti keçən ildən, İddiaçı oradan çıxandan sonra işlədir. Orada əvvəlcə 2 ay xalçayumanı işlətmişdir. 1-ci ay möhlət dövrü olduğundan ödəniş etməyib, 2ci ay ödənişi Elşada ödəmişdir. Zabitlə obyekti götürməklə bağlı görüşmüşdür. O təhvil alanda obyekt boş idi. Avtoyuma ondan qabaq orada olmamışdır, o qoydurmuşdur. Kamera sisteminin ödənişini 300 manat Elşada ödəmişdir. Reklam lövhələrinə görə pul ödəməmişdir. Kameranın ödənişini tam ödəmiş, Elşada borcu yoxdur. Obyektdə rəf, vitrin, ofis mebeli demək olar ki, yoxdur. O, bu şəkildə təhvil götürmüşdür. Mətbəxdə təxminən 4- 5 masa var, oturacaqlar isə bərbad vəziyyətdədir, o düzəltdirmişdir. Soyuducu yoxdur. 1 ədəd balaca qaz sobası vardır. Mağaza rəfi və vitrinini isə Elşad aparıbdır. Obyekti təhviltəslim edəndə hər hansı bir akt olmamışdır. Xalçayumanın 2-ci ayının icarə haqqını təxmini 350-400 manat ödəniş etmişdir. Kafel-metlak ondan qabaq olmuşdur, bu barədə ödəniş etməmişdir. O sadəcə kameraya görə ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçıı tanıyır, dost olmuş, ədavəti yoxdur. Cavabdehlə də münasibəti yaxşıdır. O təqaüdçüdür, hal-hazırda işləmir. Müharibə veteranıdır. O, sözügedən avtoservisdə çox olmuşdur. Oraya sement, dəmir aparırmışdır. O görəndə sex tikili vəziyyətdə idi. Sexin ümumi darvazası da, qapıları da var idi. O ora avadanlıqları avtomobili ilə aparır, kömək edirdi. O görəndə obyekt hazır vəziyyətdə idi, stol-stul var idi. Oraya ağac aparıb əkmişdir. Bina rənglənmişdir, kafel-metlakı isə görməmişdir. O, obyektə sement, armatur alıb aparmışdır. Obyekt, sexlərin içi rəngli idi. O oraya boya alıb, aparmamışdır. Boyanın pulunu kimin verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, tərəflərin heç biri ilə hər hansı bir münasibəti yoxdur, o sadəcə ustadır. Obyektdəki qapını o hazırlamışdır. Dəqiq tarixi xatırlamır, səhv etmirsə, payız aylarında qapını düzəltmişdir. Qapını dəmirdən hazırlamışdır. Onu obyektə Elşad dəvət etmişdir. Qapının 1 ədədini 350 manata hazırlamışdır. Təxminən 11 ədəd qapı hazırlamışdır. Nə vaxt hazır etdiyini dəqiq xatırlamır. Qapı jalüz formasında idi. O təmir etmiş, açılıb-yığılan qapı halına çevirmişdir. Jalüz formasında qapı var idi, ancaq işləmirdi. O, qapını söküb açılıb- bağlanan qapı versiyasına çevirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, obyektdə reklam işlərini görmüşdür. Bu obyektdəki işi 2 il əvvəl görmüşdür. Nə qədər pul aldığını xatırlamır. Qiyməti yalnız hesablayıb deyə bilər. Şüşə hərflər, işıqlı “Kafe” sözünü yazdırmışdılar. O, rəsmi şəkildə fəaliyyət göstərir. Onu da qeyd edir ki, o, polis mayoru və eyni zamanda müharibə veteranıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Murad Abit MMC Cavabdeh Gəncə şəhəri Yevlax sossesində 0.35 hektar sahədə yerləşən avtomobil təmiri sexlərini aylıq icarə haqqı 300 manat olmaqla icarəçi İddiaçı icarəyə vermişdir. İcarə müddəti 6 ay müəyyən edilmiş, həmçinin müqavilədə göstərilmişdir ki, tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə, müqavilə həmin müddətə uzadılır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Murad Abit MMC Cavabdeh Gəncə şəhəri Yevlax sossesində 0.35 hektar sahədə yerləşən avtomobil təmiri sexlərini aylıq icarə haqqı 300 manat olmaqla icarəçi X3 icarəyə vermişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 may 2023-cü il tarixli e-2-2(115)-492/2023 nömrəli qərardadı əsasında təyin edilərək alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3970 nömrəli rəyində göstərilmişdir ki, Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 0.35 ha ərazidə yerləşən "xxxx" MMC-yə ayrılmış “Avtoservis” obyektinin binasının istismara qəbulu haqqında akt və iddiaçı (cavabdehin razılığı ilə) tərəfindən görülmüş işlərə dair məhkəməyə təqdim edilmiş siyahı müqayisəli şəkildə təhlil edilməklə aktda göstərilənlərdən fərqli avto yuma yerinin üstünə talvar quraşdırılıb, 2 ayaqyolunun santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, 2 hamamın santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, geyim otağının kafel və metlax vurulub, orada olan binaların qabağına pilləkənlərin quraşdırılması, 2 böyük mətbəxin kafel və metlaxın vurulması kimi işlər görülmüş və həmin görülmüş təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 7732,7 manat məbləğində olduğu müəyyən edilir. Eyni zamanda bütün obyektin divarlarının boyanması Dövlət Qəbul Komissiyasının 30 aprel 2014-cü il tarixli istismara qəbul haqqında Akta əsasən görülmüşdür. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli e-2-2(115)-492/2023 nömrəli qərardadı ilə təyin edilərək alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8749 nömrəli rəyində göstərilmişdir ki, Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 0.35 ha ərazidə yerləşən "xxxx" MMC-yə ayrılmış "Avtoservis” obyektinin binasının istismara qəbulu haqqında akt və iddiaçı (cavabdehin razılığı ilə) tərəfindən görülmüş işlərə dair məhkəməyə təqdim edilmiş siyahı müqayisəli şəkildə təhlil edilməklə aktda göstərilənlərdən fərqli avtoyuma yerinin üstünə talvar quraşdırılıb, 2 ayaqyolunun santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, 2 hamamın santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, geyim otağının kafel və metlax vurulub, orada olan binaların qabağına pilləkənlərin quraşdırılması, 2 böyük mətbəxin kafel və metlaxın vurulması kimi işlər görülmüş və həmin görülmüş təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 7732,7 manat məbləğində olduğu müəyyən edilir. Eyni zamanda bütün obyektin divarlarının Dövlət Qəbul Komissiyasının 30 aprel 2014-cü il tarixli istismara qəbul haqqında Akta əsasən görülmüşdür. Ekspert baxışına təqdim edilən fr-anda mallar üzrə görülmüş işlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3570,00 manat müəyyən olunur. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. İşin faktiki hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı icarəyə götürdüyü obyektə çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İcarəyə müvafiq surətdə tətbiq edilən kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrini tənzimləyən Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbindən göründüyü kimi, kirayəçinin xərclərin əvəzinin ödənilməsi barədə iddiası kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlayaraq altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. İcarə hüquq münasibətlərinə iddia ərizəsində göstərildiyi kimi 2021-ci ilin avqust ayında xitam verildiyi halda, iddiaçı qanunla müəyyən edilmiş altı ay ərzində hüququndan istifadə etməyərək hərəkətsiz qalmış, xərclərin əvəzinin ödənilməsi tələbi ilə yalnız 16 mart 2023-cü il tarixdə, yəni tələb etmək hüququ qüvvədən düşdükdən sonra məhkəməyə müraciət etmişdir. Qanunla müəyyən edilmiş altı aylıq müddət hüququn itirilməsi ilə nəticələnən kəsiçi müddət olduğundan, məhkəmə hesab edir ki, iddiaçı icarə hüquq münasibətlərindən irəli gələn xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququnu müddətin keçməsinə əsasən itirmişdir və belə olan halda iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. 200 manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. 200 manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar