Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1707/2024 24.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə. İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə 8323,29 manat, faiz borcu 2525,79 manat, cəmi 10849,08 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına borcun, habelə ödənilmiş mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə 10000 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı Bankla ipoteka qoyan arasında 08 iyun 2015-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 18000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh əsas borcu 8323,29 manat, faiz borcu 2525,79 manat, cəmi 10849,08 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" QSC BOKT ona qarşı irəli sürdüyü tələbdə qeyd etdiyi müqavilə üzrə iddia müddətini ötürmüşdür. Belə ki, həmin müqavilə 05 iyun 2015-ci il tarxidə 36 ay müddətinə bağlanmışdır. Ona görə də məhkəmədən ərizəni nəzərə alıb iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə verilmiş 6%-lə 10000 manat kreditin təminatı olaraq Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı Bankla ipoteka qoyan arasında 08 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Lakin bu yaxınlarda cavabdehə məxsus ipoteka predmeti olan fərdi yaşayış evinin İddiaçı QSC-nin məlumatı və razılığı olmadan cavabdeh tərəfindən söküldüyü məlum olmuşdur. Bununla da cavabdeh tərəfindən “İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3.1 və 25.3.2-ci maddələrinə əsasən ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək ipoteka qoyanın vəzifəsidir. Cavabdehə verilmiş kredit illik 6% olmaqla Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti (dövlət vəsaiti) hesabına güzəştli şərtlərlə verilmiş kreditdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 287-ci maddəsinə əsasən girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüuququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir. Bütün bunlar isə Cavabdeh öhdəliyinin təminatı ilə bağlı olduğu üçün, ipoteka əmlakının faktiki mövcud olmadığı və məhkəməyə təqdim olunmuş ipoteka predmetinə aid sənədlərin hüquqi əhəmiyyətinin itirildiyini nəzərə alaraq, cavabdeh tərəfindən ipoteka predmetinin bərpası və ya əvəz olunması, bunların sənədləşdirilməsinin aparılması, bunlar yerinə yetirilmədiyi təqdirdə isə cavabdehə qarşı göstərilən əsaslarla ayrıca icraatda iddia tələbinin qaldırılmasının mümkünlüyünü nəzərə alaraq iddia ərizəsi hazırkı mərhələdə baxılmamış saxlanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "Aqrarkredit” QSC BOKT-un nümayəndəsi X2 izahatında göstərdi ki, kredit müqaviləsinin təminatı olan ipoteka predmeti artıq mövcud deyildir. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizənin təmin edilməməsini, işə baxılmasının davam etdirilməsini xahiş etdi. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən məhkəmə baxış iclasını davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "Aqrarkredit” QSC BOKT-un nümayəndəsi X2 cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən göstərdi ki, iddiaçı 2018-ci ildə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, 20 fevral 2020-ci il tarixdə Tovuz Rayon Məhkəməsi iddianı baxılmamış saxlamışdır. Lakin həmin qərardad onlara təqdim edilməmişdir. Qərardadı yaxın vaxtlarda əldə etmişlər. İpoteka predmeti olmadığına görə bu müddət ərzində işlə maraqlanılmamışdır. Həmçinin Cavabdeh barəsində xüsusi qərardad çıxararaq araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, krediti 2015-ci ildə arıçılıq məqsədi ilə götürmüş, lakin arıları qırıldığından ödənişləri edə bilməmişdir. Axırıncı dəfə 2017-ci ildə ödəniş etmişdir. Bank tərəfindən iddia müddətinin ötürülməsini nəzərə alıb iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 05 iyun 2015-ci il tarixli, 83 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə borclana 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 iyun 2015-cü 83 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcundan sonuncu dəfə xx.xx.2017-ci il tarixinində ödəniş etmişdir. İş materiallarında olan məlumat cədvəlində qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 8323,29 manat əsas 2525,79, faiz bоrcu olmaqla, cəmi 10849,08 manat məbləğində borcu var. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(062)- 27/2020 saylı qərardadından görünür ki, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi Tovuz Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında 05 iyun 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə borcalana 10000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti 06 iyun 2018-ci il tarixdə başa çatmışdır. Cavabdeh sonuncu dəfə 29 mart 2017-ci il tarixində ödəniş etmişdir. İddiaçı "Aqrarkredit” QSC BOKT 02 iyul 2018-ci il tarixdə Cavabdeh qarşı Tovuz Rayon Məhkəməsinə müraciət edərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardadın qəbul edildiyi gündən 4 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi 30 avqust 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin cavabdehin barəsində xüsusi qərardad çıxarılaraq araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi ilə bağlı iddiaçının nümayəndəsinin tələbinə də münasibət bildirərək qeyd edir ki, xüsusi qərardad çıxarılması üçün işdə hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1707/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1707/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver