Məhkəmə qərarları › İş №e-2-2(115)-172/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-172/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-172/2023 04.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10359 manat əsas borcun, 4394,40 manat faiz borcun, cəmi 14753,40 manat borc məbləğinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 22000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 14753,40 manat məbləğin, ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsinə əsasən ticarətin inkişafı məqsədi ilə illik 20%-lə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə fiziki şəxs Cavabdeh2 arasında 25 noyabr 2019-cu il tarixli 930/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə ipotekaqoyan arasında 25 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bağlanmış zaminlik müqavilənin şərtlərinə görə zamin borclu Kərimov X2 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh3 xx.xx.2019-cu il tarixli 930 saylı kredit müqaviləsinə əsasən 12000 manat əsas borc və ona hesablanmış 6667,60 manat faiz borcu, cəmi 18667,60 manat borcu ödənilməmişdir. Cavabdeh3 xx.xx.2019-cu il tarixli 930 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatına olan borcu 10359 manat əsas borc və ona hesablanmış 4394,40 manat faiz borcu olmaqla, cəmi 14753,40 manat təşkil edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu qismən qəbul edir. Belə ki, pandemiya dövründə ona əsassız olaraq faizlər hesablamışlar. Borcun yenidən aylara bölünərək hissə-hissə ödənilməsi ilə bağlı banka müraciət etmiş, lakin bank bununla razlaşmamışdr. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, ona məxsus əmlak kredit götürülərkən ipotekaya qoyulmuşdur və həmin dövr pandemiya dövrü olduğuna görə hesab edir ki, onlara güzəşt tətbiq olunmalı və əmlak satılmamalıdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb təmin edilməlidir. İş materiallarında olan: 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı QSC borcalana pul vəsaitinin borc verilməsini, borcalan-Cavabdeh3 isə alınmış vəsaitini və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borcverən borcalana hazırkı müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin 2.2-ci və 2.3-cü bəndlərində göstərilən layihələr üzrə ticarətin inkişafı məqsədi ilə illik 20%-lə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 25 noyabr 2019-cu il tarixli 930/1 saylı zaminlik müqaviləsindən görünür ki, 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 25 noyabr 2019-cu il tarixli 930/a sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli 518 nömrəli və xx.xx.2022-ci il tarixli 517 nömrəli pretenziya məktularından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli MŞG/1-02846 nömrəli illkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı 200 manat mediasiya xərci ödənilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə kredit təşkilatına olan borcu 10359 manat əsas borc, 4394,40 manat faiz borcu olmaqla, cəmi borc 14753,40 manat borc təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 19 iyun 2023-cü il tarixli 02-42/23 saylı ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində 0.01 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 39.2 kv.m metr, yaşayış sahəsi 39.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 28 000 manat, likvid dəyəri isə 22 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 25 noyabr 2019cu il tarixli 930 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 12 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq 25 noyabr 2019-cu il tarixli 930/a ipoteka müqaviləsi və 25 noyabr 2019-cu il tarixli 930/1 saylı zaminlik müqavilələri bağlanmışdır.Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə zaminin məsuliyyət daşıması məsələsinə münasibətdə qeyd edir ki, zaminlik öhdəliyin icrasının təmini üsullarından biri olmaqla aksessor(əlavə) xarakter kəsb edir. Zamin öhdəliyin icrasına təminat vermiş şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 25 noyabr 2019-cu il tarixli 930/1 saylı zaminlik müqaviləsinin 6.1-ci bəndində göstərilir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Göründüyü kimi kredit müqaviləsində əsas öhdəliyin icrası müddəti konkret olaraq 24 ay göstərilmişdir. Həmin müddətin son günü 25 noyabr 2021-ci il tarixə təsadüf edir. İddiaçı da bu tarixdən başlayaraq bir il ərzində, yəni 25 noyabr 2022-ci il tarixə qədər zaminə qarşı tələb irəli sürmək hüququna malik olmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi verən vaxt artıq onun belə bir hüququ olmamışdır. Bu müddət kəsici müddət sayılır və qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi həmin qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlərin aşağıdakılardan ibarət olduğunu qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbi zaminə münasibətdə təmin edilməməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh3 10359(on min üç yüz əlli doqquz) manat əsas borc, 4394,40(dörd min üç yüz doxsan dörd manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 14753,40(on dörd min yeddi yüz əlli üç manat qırx qəpik) manat borc və 200(iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 22 000 manat olan Cavabdeh1 məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 10359 (on min üç yüz əlli doqquz) manat əsas borc, 4394,40 (dörd min üç yüz doxsan dörd manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 14753,40 (on dörd min yeddi yüz əlli üç manat qırx qəpik) manat borc və 200(iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 22.000 manat olan Cavabdeh1 məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 300(üç yüz) manat ekspertiza xərci Cavabdeh3 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944,VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. Cavabdeh3 134,26 (bir yüz otuz dörd manat iyirmi altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar