Məhkəmə qərarları › İş №e-2-2(115)-173/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-173/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-173/2025 11.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şaməmməd oğluna, Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4479,35 manat əsas borc, 947,58 manat faiz borcu və 113,98 manat cərimə borcu olmaqla cəmi 5540,91 manat borcun, 75,41 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şaməmməd oğlu, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Salmanov Nadir Şaməmməd oğluna İddiaçı ASC-nin “Gəncə” filialından illik 21% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 Şaməmməd oğlu, Cavabdeh3 və xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. 2024-cü ilin avqustun 29-dək Salmanov Nadir Şaməmməd oğlunun banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4479,35 manat əsas borc, 947,58 manat faiz borcu və 227,95 manat cərimə borcu olmaqla cəmi 5654,88 manat borcu vardır. Cərimə borcu 227,95 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 113,98 manat məbləğində tələb olunur. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-1870/2024 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, Salmanov Nadir Şaməmməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin qərardadla Salmanov Nadir Şaməmməd oğlunun vərəsələrinə qarşı pretenziya qaydasında əməl edilməməsi əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Elektron notariat informasiya sistemi vasitəsi ilə əsas borclu Salmanov Nadir Şaməmməd oğlu üçün vərəsəlik işinin açılıb-açılmaması yoxlanılmış və həmin sistemdən əldə edilmiş çıxarışa əsasən vərəsəlik işinin açılmadığı müəyyənləşdirilmişdir. Qeyd olunanlara əsasən işə kommersiya məhkəməsində baxılması zərurəti yaranmışdır. Belə ki, vergi ödəyicisi olan əsas borclu vəfat etmiş və vəfat etmiş şəxsin zaminləri-digər borclulardan Cavabdeh1 vergi ödəyicisi olduğu (VÖEN:**********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti internet vergi idarəsindən əldə olunan çıxarışla müəyyən edilmşdir. Belə olan halda cavabdehlərdən biri vergi ödəyicisi olduğu, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu üçün işin kommersiya mübahisəsi olduğu aşkarlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı ilə Salmanov Nadir Şaməmməd oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-M1-1-694-22 saylı kredit razılaşmasından görünür ki, Salmanov Nadir Şaməmməd oğluna İddiaçı ASC-nin “Gəncə” filialından illik 21% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Z/03592/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Z/03590/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Z/08435/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Salmanov Nadir Şaməmməd oğlunun kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 4479,35 manat əsas, 947,58 manat faiz və 227,95 manat cərimə borcu olmaqla, ümumilikdə 5654,88 manat borcu vardır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1870/2024 saylı qərardadından görünür ki, Salmanov Nadir Şaməmməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli KBD4934 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Salmanov Nadir Şaməmməd oğlu ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit razılaşmasına əsasən borcalana illik 21% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 Şaməmməd oğlu, Cavabdeh3 və xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Əsas borclu ölmüş, əsas borclunun vərəsələri müəyyən edilməmiş, bu səbəbdən iddiaçı zamin olan cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. İş materiallarından görünür ki, Salmanov Nadir Şaməmməd oğlunun kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 4479,35 manat əsas, 947,58 manat faiz və 113,98 manat cərimə borcu olmaqla, ümumilikdə 5540,91 manat borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı kredit məbləğini, kreditə hesablanmış faizi və cəriməni zamin olan cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Odur ki, kredit müqaviləsi üzrə 4479,35 manat əsas, 947,58 manat faiz və 113,98 manat cərimə borcu olmaqla, ümumilikdə 5540,91 manat borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən göürnür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 75,41 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 75,41 manat dövlət rüsumu də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Salmanov Nadir Şaməmməd oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən 4479 manat 35 qəpik əsas borc, 947 manat 58 qəpik faiz borcu, 113 manat 98 qəpik cərimə borcu olmaqla, cəmi 5540 (beş min beş yüz qırx) manat 91 (doxsan bir) qəpik pul və ödənilmiş 75 (yetmiş beş) manat 41 (qırx bir) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şaməmməd oğlundan, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar