Məhkəmə qərarları › İş №e-2-2(115)-1734/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1734/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1734/2023 05.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh ilə imzalanmış 8 avqust 2022-ci il tarixli 11-İ-2022-0024 nömrəli icarə müqaviləsi üzrə 1299,99 (min iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat icarə haqqı borcu, 1166 (min yüz altmış altı) manat kommunal haqqı borcu, 32,50 (otuz iki manat əlli qəpik) manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 2498,49 (iki min dörd yüz doxsan səkkiz manat qırx doqquz qəpik) manat icarə haqqının, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 70 (yetmiş) manat məbləğində haqqın Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında 8 avqust 2022-ci il tarixli 11-İ-2022-0024 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsində 102 nömrəli, 214,8 m2-dən ibarət restoran üçün nəzərdə tutulmuş sahəni, eləcə də müqavilənin əlavəsində göstərilən avadanlıq və ləvazimatları 11 (on bir) ay müddətinə icarəyə götürməyi, 8 avqust 2022-i il tarixindən 8 noyabr 2022-ci il tarixinə kimi aylıq ƏDV daxil 1000 (min) manat, 8 noyabr 2022-ci il tarixindən etibarən aylıq ƏDV daxil 1200 (min iki yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 4 oktyabr 2022-ci il tarixli 1 nömrəli Əlavəyə əsasən cavabdeh 8 noyabr 2022-ci il tarixindən etibarən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsində 102 nömrəli, 214,8 m2-dən ibarət restoran üçün nəzərdə tutulmuş sahəni, müqavilənin əlavəsində göstərilən avadanlıq və ləvazimatları və “ASK Villa” inzibati binasının -2-ci mərtəbəsində yerləşən, 177,5 m2-dən ibarət olan yeməkxananın mətbəx hissəsi, ümumi 392,3 m2 sahədən istifadə üçün aylıq 8 noyabr 2022-ci il tarixindən etibarən ƏDV daxil 1300 (min üç yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Beləliklə, Cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 1299,99 (min iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat icarə haqqı borcu, 1166 (min yüz altmış altı) manat kommunal haqqı borcu, 32,50 (otuz iki manat əlli qəpik) manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 2498,49 (iki min dörd yüz doxsan səkkiz manat qırx doqquz qəpik) manat borc yaranmışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəyə verən icarəçi tərəfindən kobud pozuntuya yol verildikdə xəbərdarlıq vermədən bu Müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Müqavilənin 7.2.1-ci yarımbəndinə əsasən icarə haqqının 10 (on) iş günündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Müqavilə üzrə yaranmış 2465,20 (iki min dörd yüz altmış beş manat iyirmi qəpik) manat borc cavabdeh tərəfindən etiraf edilmiş və həmin məbləğin 2023-cü ilin oktyabr ayınadək (oktyabr ayı daxil olmaqla) hissə-hissə ödənilməsi 21 fevral 2023-cü il tarixli R2/23 nömrəli razılaşma ilə müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış 30 dekabr 2022-ci il tarixli Sazişə əsasən 8 avqust 2022-ci il tarixli 11-İ-2022-0024 nömrəli icarə müqaviləsinə 30 dekabr 2022-ci il tarixindən xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 24 may 2023-cü il tarixli 13-5-11/2- 0079/2023 nömrəli pretenziya məktubu ünvanlanaraq, sonuncudan 2465,20 (iki min dörd yüz altmış beş manat iyirmi qəpik) manat kommunal və icarə haqqı borcu, 16,20 (on altı manat iyirmi qəpik) manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 2481,40 (iki min dörd yüz səksən bir manat qırx qəpik) manat borc məbləğinin ödənilməsi tələb olunmuşdur. “ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 03 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1734/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tapşırıq müqaviləsi, icarə müqaviləsi, təhvil-təslim aktı, xitam razılaşması, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC və "xxxx" MMC arasında bağlanılmış 03 may 2021-ci il tarixli 01T/21 nömrəli tapşırıq müqaviləsindən və ona 1 nömrəli əlavədən görünür ki, vəkalət alan vəkalət verənin tapşırığı əsasında vəkalət verənin mülkiyyətində olan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş əmlaklara dair Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətləri göstərir, vəkalət verən isə göstərilən xidmətlərin müqabilində vəkalət alana bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqı ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 8 avqust 2022-ci il tarixli 11-İ-2022-0024 nömrəli icarə müqaviləsindən görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında yerləşən “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsində 102 nömrəli, 214,8 m2-dən ibarət restoran üçün nəzərdə tutulmuş sahəni, eləcə də müqavilənin əlavəsində göstərilən avadanlıq və ləvazimatları 11 ay müddətinə icarəyə götürməyi və 8 avqust 2022-ci il tarixindən 8 noyabr 2022-ci il tarixinə kimi aylıq ƏDV daxil 1000 (min) manat, 8 noyabr 2022-ci il tarixindən etibarən aylıq ƏDV daxil 1200 (min iki yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, bu Müqavilə üzrə icarə haqqı hər ayın 5-dən gec olmayaraq icarəyə verənin bank hesabına hesab-fakturaya və elektron qaiməyə əsasən köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, icarə obyekti daşınmaz əmlak olduğu halda, icarə haqqı məbləğinə kommunal xərclər daxil deyil və icarə müddəti ərzində icarə obyektindən istifadə zamanı bütün yaranmış kommunal ödənişlər (qaz, su, işıq, telefon rabitəsi, internet və sair xərclər) icarəçinin hesabına həyata keçiriləcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-İ-2022-0024 saylı Müqavilənin 1.2 bəndinə dəyişiklik edilmiş və həmin bəndə “ASK Villa” inzibati binasının -2-ci mərtəbəsində yerləşən 177,5 m2-dən ibarət olan yeməkxananın mətbəx hissəsi, ümumi 392,3 m2 sahə əlavə edilmişdir. Müqavilənin 2.1.2-ci bəndi isə yeni redaksiyada verilmiş və 08 noyabr 2022-ci il tarixindən etibarən aylıq 1300 manat məbləğində icarə haqqının ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr, 35, məhəllə 1033 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr, 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsində 102 nömrəli, 214,8 m2-dən ibarət restoran üçün nəzərdə tutulmuş sahəni, eləcə də müqavilənin əlavəsində göstərilən avadanlıq və ləvazimatları təhvil almışdır. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli R2/23 nömrəli razılaşmadan görünür ki, borclu Cavabdeh "xxxx" ASC qarşısında 2465,20 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2023-cü il tarixindən etibarən hər ay 300 manat və 2023-cü ilin oktyabr ayında 365,20 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında bağlanılmış 30 dekabr 2022-ci il tarixli 8 avqust 2022-ci il tarixli 11-İ-2022-0024 nömrəli icarə müqaviləsinə xitam verilməsinə dair razılaşmadan görünür ki, 8 avqust 2022-ci il tarixli 11-İ-2022-0024 nömrəli icarə müqaviləsinə 30 dekabr 2022-ci il tarixindən etibarən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dekabr ayı üçün 1299 manat icarə haqqı ödənilməsi ilə bağlı elektron qaimə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022 və xx.xx.2023-cü il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh noyabr-dekabr ayı üçün 1166 manat kommunal haqqı ödənilməsi ilə bağlı elektron qaimə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tapşırığı əsasında "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsində 102 nömrəli, 214,8 m2-dən ibarət restoran üçün nəzərdə tutulmuş sahəni, eləcə də müqavilənin əlavəsində göstərilən avadanlıq və ləvazimatları 11 ay müddətinə icarəyə vermiş, icarəçi isə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 5.1ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəyə verən icarəçi tərəfindən kobud pozuntuya yol verildikdə xəbərdarlıq vermədən bu Müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Müqavilənin 7.2.1-ci yarımbəndinə əsasən icarə haqqının 10 (on) iş günündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Müqavilə üzrə yaranmış 2465,20 (iki min dörd yüz altmış beş manat iyirmi qəpik) manat borc cavabdeh tərəfindən etiraf edilmiş və həmin məbləğin 2022-ci ilin oktyabr ayınadək (oktyabr ayı daxil olmaqla) hissə-hissə ödənilməsi 21 fevral 2023-cü il tarixli R2/23 nömrəli müqavilə ilə razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 30 dekabr 2022-ci il tarixli Sazişə əsasən 8 avqust 2022-ci il tarixli, 11-İ-2022-0024 nömrəli icarə müqaviləsinə 30 dekabr 2022-ci il tarixindən xitam verilmişdir. Cavabdeh 8 avqust 2022-ci il tarixli, 11-İ-2022-0024 nömrəli icarə müqaviləsi üzrə 1299,99 manat icarə haqqı və 1166 manat kommunal haqqı borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr və 21 fevral 2023cü il tarixli, R2/23 nömrəli qarşılıqlı razılaşma ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni 21 fevral 2023-cü il tarixli, R2/23 nömrəli qarşılıqlı razılaşma ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcları mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqı və kommunal ödənişləri ödəmək öhdəliyi qoyulduğundan və o, icarə haqqı və kommunal haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi 1299,99 manat icarə haqqı və 1166 manat kommunal haqqı borcunun ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı 8 avqust 2022-ci il tarixli, 11-İ-2022- 0024 nömrəli icarə müqaviləsinə əsasən hesablanmış 32,50 manat məbləğində cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddia bu hissədə də təmin edilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 70 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumu 44,99 manat təşkil edir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh qaçqınlıq statusu vardır. Qanunun tələbinə görə də cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunduğundan cavabdehdən dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8 avqust 2022-ci il tarixli, 11-İ-2022-0024 nömrəli icarə müqaviləsi üzrə 1299,99 manat icarə haqqı borcu, 1166 manat kommunal haqqı borcu, icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış 32,50 manat cərimə olmaqla, ümumilikdə 2498,49 manat pul, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 70 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar