Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1735/2022 12.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı icarə haqqının tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 101 nömrəli sərəncama və xx.xx.2017-ci il tarixli 07 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi əsasında dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 799 manat borcun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Eyni zamanda, Naftalan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 101 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli 07 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi əsasında Naftalan şəhəri Şirvan prospektində olan Avtovağzalın qərb tərəfindəki 4000 m dövlətə məxsus boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 49 il müddətinə Cavabdeh icarəyə verilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, Cavabdeh dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar dövlət büdcəsinə 799 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilmiş, borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, borcun ödənilməyəcəyi halda aidiyyəti məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmişdir. Lakin buna baxmayaraq vergi ödəyicisi tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 10 avqust 2022-ci il tarixli, e-2-2(115)-1735/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 101 saylı sərəncamından görünür ki, Naftalan şəhəri Şirvan prospektində mövcud Avtovağzalın qərb tərəfindəki ərazidə yerləşən dövlət mülkiyyətində olan boş sərbəst ərazidən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh 49 il müddətinə 4000 kv.m torpaq sahəsi qanunamüvafiq qaydada icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan 29 dekabr 2017-ci il tarixli 07 saylı icarə müqaviləsinin surətindən görünür ki, 4000 kv.m dövlətə məxsus torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 49 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixə yaranmış borcu 799 (yeddi yüz doxsan doqquz) manatdır. İş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyətinin 24 iyun 2022-ci il tarixli 179/18 saylı məktubundan görünür ki, Naftalan şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 101 saylı sərəncamı və eyni tarixli müqaviləsi ilə Cavabdeh icarəyə verilmiş torpaq sahəsində heç bir tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməmiş, onun iddiaçıya 799 manat borcu yaranmışdır. Həmin borc məbləğinin ödənilməsi məqsədilə ona xəbərdarlıq edilmiş, lakin cavabdeh yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Naftalan şəhər İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 799 (yeddi yüz doxsan doqquz) manat məbləğində borc Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1735/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1735/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver