Məhkəmə qərarları › İş №e-2-2(115)-1737/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1737/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1737/2022 13.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 İstehsal-Kommersiya Firmasına, Cavabdeh3 və Cavabdeh1 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 İstehal-Kommersiya Firmasından, Cavabdeh3 və Cavabdeh1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 75,549.96 manat cərimə borcu olmaqla, cəmi 247,377.07 manat məbləğində borcun, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 31,474.12 manat cərimə borcu olmaqla, cəmi 108,891.21 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında xx.xx.2019-cu il tarixində İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi imzalanmış, Bank tərəfindən borcalana illik faiz dərəcəsi maliyyələşdirmə məbləği 30,000 manat məbləğindən az olduğu təqdirdə 13.50%, 30,000 manat məbləğinə bərabər və artıq olduğu təqdirdə 12.50% olmaqla xx.xx.2021-ci il tarixinədək dövriyyə vəsaitinin artırılması məqsədi ilə 191.000 manat məbləğində kredit limiti açılmışdır. Sonradan tərəflər arasında İDK0403 saylı bərpa olunan invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla 170,000.00 manat məbləğində vəsait ayrılmışdır. xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla, 76,618.98 manat məbləğində vəsait ayrılmışdır. Bunlarla yanaşı İddiaçı ASC ilə borcalan Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli ZF0309 saylı zaminlik müqaviləsi və Bank ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ZF0310 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin Borcalan İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 724 gün, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 720 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 İstehsal-Kommersiya Firmasından, Cavabdeh3 və Cavabdeh1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 82043,02 manat cərimə borcu olmaqla, cəmi 253870,13 manat məbləğində borcun, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 34400,54 manat cərimə borcu olmaqla, cəmi 111817,63 manat, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında xx.xx.2019-cu il tarixdə bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsindən görünür ki, dövriyyə vəsaitinin artırılması məqsədi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına illik faiz dərəcəsi maliyyələşdirmə məbləği 30,000 (otuz min) manat məbləğindən az olduğu təqdirdə 13.50 faiz, 30,000 (otuz min) manat məbləğinə bərabər və artıq olduğu təqdirdə 12.50 faiz olmaqla xx.xx.2021-ci il tarixinədək 191.000 (bir yüz doxsan bir min) manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh3 arasında ZF0309 saylı, Cavabdeh1 arasında ZF0310 saylı zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12,50 faiz olmaqla, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla 170,000 (bir yüz yetmiş min) manat məbləğində vəsait ayrılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12,50 faiz olmaqla, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla, 76,618.98 (yetmiş altı min altı yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində vəsait ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 82043,02 manat cərimə borcu olmaqla, cəmi 253870,13 (iki yüz əlli üç min səkkiz yüz yetmiş manat on üç qəpik) manat borc, gecikmə gününün sayı isə 777 gün müəyyən edilmişdir. İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 34400,54 manat cərimə borcu olmaqla, cəmi 111817, 63 (bir yüz on bir min səkkiz yüz on yeddi manat altmış üç qəpik) manat borc, gecikmə gününün sayı isə 773 gün müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməsi, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmədikləri və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında xx.xx.2019-cu il tarixində İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2020-ci il tarixinədək 170,000 manat, xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2020-ci il tarixinədək 76,618.98 manat vəsait verilmişdir. İddiaçı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas və faiz borcunun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 82043 manat 02 qəpik və 34400 manat 54 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üzrə 8500 manat və xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üzrə 4000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İstehsal-Kommersiya Firması kredit limiti müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 İstehsal- Kommersiya Firması zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 İstehsal- Kommersiya Firması arasında imzalanmış İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 8500 manat cərimə borcu olmaqla, cəmi 180.327,11 (yüz səksən min üç yüz iyirmi yeddi manat on bir qəpik) manat borc, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 4000 manat cərimə borcu olmaqla, cəmi 81.417, 09 (səksən bir min dörd yüz on yeddi manat doqquz qəpik) manat borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 (bir yüz yetmiş min) manat əsas borc, 1,827.11 (min səkkiz yüz iyirmi yeddi manat on bir qəpik) manat faiz borcu, 8500 (səkkiz min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 180.327,11 (yüz səksən min üç yüz iyirmi yeddi manat on bir qəpik) manat borc, xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 (yetmiş altı min altı yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat əsas borc, 798.11 (yeddi yüz doxsan səkkiz manat on bir qəpik) manat faiz borcu, 4000 (dörd min) manat cərimə borcu olmaqla, cəmi 81.417,09 (səksən bir min dörd yüz on yeddi manat doqquz qəpik) manat borc və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 İstehsal-Kommersiya Firmasından, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar