Məhkəmə qərarları › İş №e-2-2(115)-174/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-174/2022

29.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-174/2022 29.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müqavilənin ləğvi, pulun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, pulun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsinə, İddiaçı MMC-yə məxsus “DONG FENG DFL3310A13” yük markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılmasına, İddiaçı MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, Cavabdeh3 arasında bağlanmış 07.10.2019-cu il tarixli 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən yaranmış 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borcun, ödənilmiş 372 manat dövlət rüsumu və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı MMC təsviri müqavilədə göstərilən 1 ədəd, 2012-ci il buraxlışı olan, “DONG FENG DFL3310A13” yük markalı, LGAX5DF55C3805602 ban nömrəli nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh1 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, Cavabdeh3 arasında bağlanmış 07.10.2019-cu il tarixli 03/0083/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, Cavabdeh3 sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 27950 manat təşkil edir. Bu ümumi məbləğdən 11000 manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 07.10.2019-cu il tarixdən hər ay müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun hər ay 1081 manat 94 qəpik ödəniş etməlidir. Hazıradək cavabdeh cəmi 08.11.2019-cu il tarixdən, 16.03.2020-ci il tarixdək cəmi 4050 manat ödəniş etmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC-yə məxsus “DONG FENG DFL3310A13” yük markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı "xxxx" MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, İddiaçı MMC-yə məxsus “DONG FENG DFL3310A13” yük markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra İddiaçı MMC-yə qaytarıldığını bildirmişdir. Eyni zamanda işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən müraciəti nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinq verən 1 ədəd, 2012-ci il buraxlışı olan, “DONG FENG DFL3310A13” yük markalı, LGAX5DF55C3805602 ban nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.4-cü bəndindən görünür ki, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 27950 manat təşkil edir. Bu məbləğdən 11000 manat lizinq verənin mükafatını təşkil edir. İş materillarına əlavə edilmiş 07.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən İddiaçı MMC-yə məxsus “DONG FENG DFL3310A13” yük markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 təhvil verilmişdir. İş materillarına əlavə edilmiş 07.10.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh1 03/0083/DLİZ saylı müqavilədə göstərilən öhdəlik bitənə qədər, sığorta hadisəsi baş verdikdə yaranan çətinliklərin (sığorta şirkəti və ya servis ilə bağlı narazılıq) bank qarşısında olan öhdəliyinə heç bir təsir göstərməcəyi barədə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. 05.10.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 07.10.2019-cu il tarixli 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 05.10.2021-ci il tarixə 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 11.3-cü bəndindən görünür ki, lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5 faizi məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli zaminlik müqaviləsindən görünür ki, lizinq verən və lizinq alan arasında bağlanılmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş “DONG FENG DFL3310A13” yük markalı avtomobildən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 27950 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli zaminlik müqaviləsindən görünür ki, lizinq verən və lizinq alan arasında bağlanılmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş “DONG FENG DFL3310A13” yük markalı avtomobildən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 27950 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli zaminlik müqaviləsindən görünür ki, lizinq verən və lizinq alan arasında bağlanılmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş “DONG FENG DFL3310A13” yük markalı avtomobildən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 27950 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sonuncu xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 24 sentyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan göründüyü kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 203 manat mediasiya xərcini ödəmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 372 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməli, 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borc, ödənilmiş 372 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçının nümayəndəsinin ərizəsindən göründüyü kimi İddiaçı MMC-yə məxsus “DONG FENG DFL3310A13” yük markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra İddiaçı MMC-yə qaytarıldığdan iddia avtomobilin qaytarılması hissəsində təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi ləğv edilsin. 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borc, ödənilmiş 372 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar