Məhkəmə qərarları › İş №e-2-2(115)-174/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-174/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-174/2023 02.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 02 oktyabr 2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsi üzrə 5125,96 manat əsas borcun, 1492,22 manat faiz borcunun, cəmi 6618,18 manat borc məbləğinin cavabdehdən tutulması, Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi ilkin satış qiymətinin 16000,0 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə 0,16 ha həyətyanı torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 6618,18 manat məbləğin və ödənilmiş 100,0 manat mediasiya xərcinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh3 arasında bağlanmış 02 oktyabr 2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 6%-lə 36 ay müddətinə 8000,0 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 məxsus olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə ipotekaqoyanlar arasında 05 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Bərdə filialın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında ipoteka əmlakının razılaşdırılmış dəyəri 16000,0 manat müəyyən edilir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan Cavabdeh3 tərəfindən xx.xx.2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsi üzrə 8000,0 manat əsas borc və ona hesablanmış 1492,22 manat faiz borcu,cəmi 9492,22 manat borc qrafika uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixə 02 oktyabr 2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsi üzrə əsas borcu 5125,96 manat, faiz borcu 1492,22 manat, cəmi borcu 6618,18 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmişlər və Cavabdeh1 izahat verərək bildirmişdir ki, bankdan kredit götürmüşdür və krediti vaxtında ödəmişdir. Lakin təsərrüfatda çətinliklər yaranmış və gəlir əldə bilmədiyindən sonradan ödənişlər də edə bilməmişdir. Cavabdeh1 da əlavə izahatının olmadığını bildirmişdir. İddiaçıya və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsindən görünür ki, borcverən– İddiaçı QSC borcalan – Cavabdeh3 8000 manat məbləğində aylıq 6 % ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh3 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsinin təminat kimi Cavabdeh3 məxsus olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus olan olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi 0,16 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSCnin xeyrinə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli MŞG/1-02841 nömrəli illkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı 100 manat mediasiya xərci ödənilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsi üzrə 5125,96 manat əsas borc, 1492,22 manat faiz borcu olmaqla, cəmi borcu 6618,18 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 28 mart 2023-cü il tarixli 02-39/23 saylı ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh3 məxsus olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 24 000 manat, likvid dəyəri isə 19 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 8000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh3 02 oktyabr 2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsi üzrə 5125,96(beş min yüz iyirmi beş manat doxsan altı qəpik) manat əsas borc, 1492,22 (bir min dörd yüz doxsan iki manat iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 6618,18 (altı min altı yüz on səkkiz manat on səkkiz qəpik) manat məbləğində borc və 100(bir yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 19 000 manat olan Cavabdeh3 məxsus Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə və onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan 0,16 ha torpaq sahəsinə yönəldilməlidir, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh3 02 oktyabr 2015-ci il tarixli 172/15-sk saylı kredit müqaviləsi üzrə 5125,96 (beş min yüz iyirmi beş manat doxsan altı qəpik) manat əsas borc, 1492,22 (bir min dörd yüz doxsan iki manat iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 6618,18(altı min altı yüz on səkkiz manat on səkkiz qəpik) manat məbləğində borc və 100 (bir yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 19.000 manat olan Cavabdeh3 məxsus Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə və onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan 0,16 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh3 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************,VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. Cavabdeh3 86,18 (səksən altı manat on səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar