Məhkəmə qərarları › İş №e-2-2(115)-1755/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1755/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1755/2024 23.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2977,26 manat əsas borc, 401,66 manat faiz borcu, 42,36 manat cərimə borcu olmaqla, cəmi 3421,28 manat kredit borcunun, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 9604,66 manat əsas borc, 134,46 manat faiz borcu olmaqla, cəmi 9739,12 manat kredit borcunun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 10652,8 manat əsas borc, 636,52 manat faiz borcu, 7,9 manat cərimə borcu olmaqla, cəmi 11297,02 manat kredit borcunun, 163.37 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC-dən 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Gəncə” filialından illik 25%-lə 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Gəncə” filialından illik 21 %-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilənin 11-ci bəndində qeyd olunan əlavə şərtlərə görə 30000 manat məbləğində kredit iki tranşla, birinci tranş 15000 manat xx.xx.2023-cü il tarixdə, ikinci tranş isə 15000 manat xx.xx.2023-cü il tarixdə verilmişdir. Borcun təminatı olaraq, xx.xx.2022-ci il tarixdə X4, Cavabdeh4, Cavabdeh3 ilə zaminlik müqaviləri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il iyunun 4-dək borcalan Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2977,26 manat əsas borc, 401,66 manat faiz, 84,71 manat cərimə borcu olmaqla, ümumilikdə 3463,63 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 84,71 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 42,36 manat məbləğində tələb olunur. 2024-cü il iyunun 4-dək borcalan Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 9604,66 manat əsas borc, 134,46 manat faiz borcu olmaqla, ümumilikdə 9739,12 manat borcu vardır. 2024-cü il iyunun 4-dək borcalan Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 10652,8 manat əsas borc, 636,32 manat faiz, 31,61 manat cərimə borcu olmaqla, ümumilikdə 11320,73 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə banka ümumi cərimə borcu 31,61 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 7,9 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən yayınmışdır. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2977,26 manat əsas borc, 761,13 manat faiz borcu, 353,43 manat cərimə borcu olmaqla, cəmi 4091,82 manat kredit borcunun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 9604,66 manat əsas borc, 1107,97 manat faiz borcu, 290,20 manat cərimə borcu olmaqla, cəmi 11002,83 manat kredit borcunun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 10652,8 manat əsas borc, 1716,22 manat faiz borcu, 580,67 manat cərimə borcu olmaqla, cəmi 12949,69 manat kredit borcunun, 163,37 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 10-MCR-1-1896 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, ona aylıq faiz dərəcəsi 2.50% olmaqla 120 ay müddətinə 30000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 mart 2023-cü il tarixli 10-MCR-1-1896-22/2 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, ona biznes məqsədi ilə aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin məbləğin 2 tranşla verilməsi: 1-ci tranş 15000 manat, cari kredit bağlandıqdan sonra 2-ci tranş 15000 manat eyni şərtlə verilməsi müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 iyul 2023-cü il tarixli 10-MCR-1-1896-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, ona biznes məqsədi ilə faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 22 avqust 2022-ci il tarixli Z/13538/22, Z/13537/22 və Z/13539/22 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışlarında qeyd edilmişdir ki, Cavabdeh2 28 noyabr 2024-cü il tarixinə banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2977 manat 26 qəpik əsas, 761 manat 13 qəpik faiz və 353 manat 43 qəpik cərimə borcu olmaqla, ümumilikdə 4091 manat 82 qəpik, xx.xx.2023-cü il tarixli 10-MCR-1-1896-22/2 saylı kredit müqaviləsinin birinci tranşı üzrə 9604 manat 66 qəpik əsas borc, 1107 manat 97 qəpik faiz borcu və 290 manat 20 qəpik cərimə borcu, olmaqla cəmi 11002,83 manat, ikinci tranşı üzrə isə 10652 manat 80 qəpik əsas borc, 1716 manat 22 qəpik faiz borcu, 580 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 12949,69 manat bоrcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22 avqust 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona aylıq faiz dərəcəsi 2.50% olmaqla 120 ay müddətinə 30000 manat məbləğində krеdit xətti açılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh2 arasında 10 mart 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona biznes məqsədi ilə aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində verilməsi nəzərdə tutulmuşdur. Həmin məbləğin 2 tranşla verilməsi: 1-ci tranş 15000 manat, cari kredit bağlandıqdan sonra 2-ci tranş 15000 manat eyni şərtlə verilməsi müəyyən olunmuşdur. Həmiçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında 20 iyul 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona biznes məqsədi ilə faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehlərdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2977.26 manat əsas borc, 401.66 manat faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 9604.66 manat əsas borc, 134.46 manat faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 10652.8 manat əsas borc, 636.52 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Daha sonra 28 noyabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2977.26 manat əsas borc, 761.13 manat faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixli birinci tranş üzrə 9604.66 manat əsas borc, 1107,97 manat faiz borcu, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 10652,8 manat əsas borc, 1716,22 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində, habelə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizədə göstərilən məbləğdə əsas borc məbləğlərini tələb etməkdə haqlıdır. Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə faiz borcları ilə bağlı bildirir ki, pretenziya məktublarında iddiaçı tələb edəcəyi məbləğləri tam göstərməsə də iddia tələbində hər iki razılaşma üzrə əsas borc, faiz borcu və cərimə ilə bağlı məbləğlərin tam tutulmasını tələb etmiş, iddia ərizəsi cavabdehlərə çatdırıldığı vaxtdan razılaşmalara xitam verildiyindən iddia tələbində göstərilən məbləğdə faiz borcunun tutulması qanunamüvafiqdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin birinci tranş üzrə 290,20 manat cərimə borcu, ikinci tranş üzrə 580,67 manat cərimə borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin hər iki tranşı üzrə tələb edilən cərimə məbləğləri tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 353,43 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərinin, həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliklərini icra etmədiyindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2977 manat 26 qəpik əsas borc, 401 manat 66 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 3478 manat 92 qəpik pul, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin birinci tranşı üzrə 9604 manat 66 qəpik əsas borc, 134 manat 46 qəpik faiz borcu, 290 manat 20 qəpik cərimə borcu olmaqla, cəmi 10029 manat 32 qəpik pul, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ikinci tranşı üzrə 10652 manat 80 qəpik əsas borc, 636 manat 52 qəpik faiz borcu, 580 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 11869 manat 99 qəpik pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsini məhkəməyə verilməsi üçün 163,37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 163,37 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə vermiş, lakin dövlət rüsumunun kəsirini ödəməmişdir. Ona görə də cavabdehlərdən müştərək qaydada 10,76 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2977 manat 26 qəpik əsas borc, 401 manat 66 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 3478 (üç min dörd yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik pul, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin birinci tranşı üzrə 9604 manat 66 qəpik əsas borc, 134 manat 46 qəpik faiz borcu, 290 manat 20 qəpik cərimə borcu olmaqla, cəmi 10029 (on min iyirmi doqquz) manat 32 (otuz iki) qəpik pul, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ikinci tranşı üzrə 10652 manat 80 qəpik əsas borc, 636 manat 52 qəpik faiz borcu, 580 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 11869 (on bir min səkkiz yüz altmış doqquz) manat 99 (doxsan doqquz) qəpik pul və ödənilmiş 163 (bir yüz altmış üç) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 10 (on) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar