Məhkəmə qərarları › İş №e-2-2(115)-1787/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1787/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1787/2024 05.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16129,06 manat əsas borc, 2235,47 manat faiz borcu və 367,15 manat cərimə borcu olmaqla cəmi 18731,68 manat borcun, 146,20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yəİddiaçı ASC-nin “MXD” filialından 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh4 ilə, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC İddiaçı ASC-dən illik 21% olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin iyulun 23-dək Cavabdeh1 MMC-nin banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16129,06 manat əsas borc, 2235,47 manat faiz borcu və 1468,58 manat cərimə borcu olmaqla cəmi 19833.11 manat borcu vardır. Cavabdeh1 MMC-nin xx.xx.2022- ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1468,58 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 367,15 manat məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16129,06 manat əsas borc, 2235,47 manat faiz borcu və 367,15 manat cərimə borcu olmaqla cəmi 18731,68 manat borcun, 146,20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, bankla kredit müqaviləsi bağlayaraq sahibkarlıq məqsədilə pul götürmüşdür. İşlərində olan problemlərlə bağlı külli miqdarda ziyana düşmüşlər, buna görə də borclarını ödəyə bilməmişlər. Əsas borc məbləğini ödəməyə razıdır, faiz borclarının silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində texniki səhv olduğu üçün iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişlər, hazırlıq iclasından sonra 27 noyabr tarixində cavabdeh 500 manat ödəniş etmişdir, həmin məbləğ əsas borcdan silinib. 500 manat ödənişlə bağlı hala məhkəmə tərəfindən qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci tarixli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, ona 120 ay müddətinə, aylıq fazi dərəcəsi 30 % olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh1 MMC-nə xx.xx.2022-ci il tarixdə biznes məqsədi ilə faiz dərəcəsi 21% olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22-MCR-1-733-21/3 saylı, xx.xx.2022-ci tarixli kredit müqaviləsinə əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, müqavilə üzrə kreditin illik faiz dərəcəsi 21% təşkil edir və müqavilənin 2.4, 2.4.1,və 2.4.3-cü yarımbəndləri ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Z/04321/21 saylı və Z/04320/21 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4 və X6 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Z/13805/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsinə əlavədən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit müddətinin xx.xx.2024-cü il tarixədək üzadılması və kreditin illik faiz dərəcəsi ilə razılaşmışlar. İş materiallarında olan maliyyə arayışlarında qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin 22-MCR-1-733-21/3 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixə olan borcu 16129,06 manat əsas borc, 2235,47 manat faiz borcu və 1468,58 manat cərimə borcu olmaqla, cəmi 19833,11 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci tarixdə bağlanmış kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 30% olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixində biznes məqsədi ilə faiz dərəcəsi 24 % olmaqla, 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya xx.xx.2022-cü il tarixli kredit müqaviləsi üzrə 16129.06 manat əsas borc, 2235.47 manat faiz borcu və 367.15 manat cərimə borcu olmaqla cəmi 18731.68 manat borcu qalmışdır. Məhkəmə icraatı zamanı cavabdeh 500 manat məbləğində pul ödəmiş və həmin məbləğ əsas borcdan silinmişdir. Cavabdehin əsas kredit borcu 15629 manat 06 qəpik təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğlərini, kreditə hesablanmış faiziləri və cərimələri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdeh X3, Cavabdeh3 və X2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit limitinin ayrılmasına dair razılaşma üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən X6 , Cavabdeh3 və X5 iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 15629 manat 06 qəpik əsas borc, 2235 manat 47 qəpik faiz borcu, 367 manat 15 qəpik cərimə borcu olmaqla, cəmi 18231 manat 68 qəpik pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 146.60 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 146.60 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 15629 manat 06 qəpik əsas borc, 2235 manat 47 qəpik faiz borcu, 367 manat 15 qəpik cərimə borcu olmaqla, cəmi 18231 (on səkkiz min iki yüz otuz bir) manat 68 (altmış səkkiz) qəpik pul və ödənilmiş 146 (bir yüz qırx altı) manat 20 (iyirmi) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar