Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1796/2025 11.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, zaminliyə xitam) Hakim Məmmədli Əbülfəz Namiq oğlu iddiaçı “ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1.450,12 (bir min dörd yüz əlli manat 12 qəpik) manat - bundan 1.251,74 (bir min iki yüz əlli bir manat 74 qəpik) manat əsas, 22,08 (iyirmi iki manat 08 qəpik) manat faiz, 0,01 (sıfır manat 01 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 176,29 (bir yüz yetmiş altı manat 29 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 34,51 (otuz dörd manat 51 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07-13/115BANK saylı xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsait” məqsədi ilə 20 (iyirmi) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 8.000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-07-13/115BANK saylı xx.xx.2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında KM007T03162732S01 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 07-13/115BANK saylı Kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.897,51 (bir min səkkiz yüz doxsan yeddi manat 51 qəpik) manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Cavabdeh1 ilə Bank arasında KM007T03162732S01 nömrəli xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-9889/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 1.450,12 (bir min dörd yüz əlli manat 12 qəpik) manat təşkil edir. Bundan 1.251,74 (bir min iki yüz əlli bir manat 74 qəpik) manat əsas, 22,08 (iyirmi iki manat 08 qəpik) manat faiz, 0,01 (sıfır manat 01 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 176,29 (bir yüz yetmiş altı manat 29 qəpik) manat faiz borcu təşkil edir.
3. Məhkəmə tərəfindən cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 07- 13/115BANK saylı kredit müqaviləsinin şərtlərindən görünür ki, Cavabdeh2 illik faiz dərəcəsi 30 faiz olmaqla 20 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.
6. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, 8000 manat məbləğində pul Cavabdeh2 tərəfindən bankın kassasından təhvil alınmışdır.
7. xx.xx.2013-cü il tarixli, 07-13/115BANK saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2013-cü il, son ödəniş tarixi isə xx.xx.2015-ci il olmaqla 8000 manat kredit məbləği və 2264 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
8. xx.xx.2013-cü il tarixli, ZM-07-13/115BANK nömrəli zaminlik müqaviləsindən görünür ki, “Bank"la “Borclu" arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 07-13/115BANK saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 30 faiz olmaqla 20 ay müddətinə verilmiş 8000 manat borc məbləğinin və ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin" “Borclu’nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Bank" qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.
9. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KM007T03162732S01 nömrəli restrukturizasiya müqaviləsinin şərtlərindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 07-13/115BANK saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1897,51 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. (2.1)
10. xx.xx.2019-cu il tarixli, KM007T03162732S01 nömrəli restrukturizasiya müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2019-cu il, son ödəniş tarixi isə xx.xx.2022-ci il olmaqla 1897,51 manat kredit məbləği və 29,40 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
11. xx.xx.2019-cu il tarixli, KM007T03162732S01 nömrəli zaminlik müqaviləsindən görünür ki, “Ləğv prosesində olan bank"la “Borclu" arasında bağlanmış 09 Avqust 2019-cu il tarixli, KM007T03162732S01 saylı Restrukturizasiya müqaviləsinə əsasən (36) ay müddətinə verilmiş 1897,51 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin" “Borclu’nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank" qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.
12. 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli KM007T03162732S01 nömrəli kredit müqaviləsi üzrə 11 iyun 2025-ci il tarixə banka 1251,74 manat əsas, 22,08 manat faiz, 0,01 manat cərimə və 176,29 manat gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1450,12 manat borcu vardır.
13. 13 iyun 2025-ci il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehə 3 gün ərzində gecikdirilmiş ödəniş məbləğinin (1251,74 manat əsas, 22,08 manat faiz, 0,01 manat cərimə, 176,29 manat gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1450,12 manat borcun) banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
IV. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
V. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
21. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh2 13 iyun 2025-ci il tarixdə göndərilmişdir.
22. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
23. İş materiallarından görünür ki, tərəflər arasında olan kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixə olan əsas və faiz məbləğini, 13 iyun 2025-ci il tarixə isə gecikdirilmiş faiz məbləğini tələb edir.
24. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli KM007T03162732S01 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə banka 1251,74 manat əsas, 22,08 manat faiz, 13 iyun 2025-ci il tarixə isə 176,29 manat gecikmiş vaxt üçün hesablanmış faiz borcu vardır.
26. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli KM007T03162732S01 nömrəli kredit müqaviləsi üzrə tutulmalı əsas borc 1251,74 manat, faiz borcu isə 22,08 manat müəyyən edilməlidir.
27. İddiaçı həmçinin gecikdirilmiş dövr üçün 176,29 manat məbləğində pulun da tutulmasını xahiş etmişdir.
28. İddiaçı kredit razılaşması üzrə faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 13 iyun 2025-ci il tarixli bildirişdə ifadə etmiş və restrukturizasiya müqaviləsi üzrə faiz borcunun 176,29 manat təşkil etməsi qeyd edilmişdir.
29. Məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 176,29 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə zaminə münasibətdə isə qeyd edir ki, Cavabdeh1 qarşı irəli sürülmüş tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
31. Kredit öhdəliyinin icrası vaxtı xx.xx.2022-ci ildə başa çatmış, həmin vaxtdan da bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Qeyd olunan müddət kəsici müddət olduğu üçün məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir.
32. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 09 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1251,74 manat əsas borc, 22,08 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 176,29 manat faiz borcu Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
33. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh1 iddiaçının qarşısında məsuliyyət daşımır. b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı xx.xx.2019-cu il tarixli KM007T03162732S01 nömrəli restrukturizasiya müqaviləsi üzrə 0,01 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
35. İddiaçı kredit razılaşması üzrə cərimə borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2025-ci il tarixli bildirişdə ifadə etmiş və müqavilə üzrə cərimə borcunun 0,01 manat təşkil etməsi qeyd edilmişdir.
36. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli KM007T03162732S01 nömrəli restrukturizasiya müqaviləsi üzrə 0,01 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq xx.xx.2019-cu il tarixli KM007T03162732S01 nömrəli restrukturizasiya müqaviləsi üzrə 0,01 manat məbləğində pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı eləcə də 34,51 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********78 nömrəli mədaxil qəbzi ilə 34,51 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
39. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,51 manat pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli il tarixli, KM007T03162732S01 nömrəli Restrukturizasiya müqaviləsi üzrə 1251,74 manat əsas, 22,08 manat faiz, 0,01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 176,29 manat faiz borcu olmaqla, cəmi 1450,12 manat pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
41. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia Cavabdeh2 münsibətdə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli il tarixli, KM007T03162732S01 nömrəli Restrukturizasiya müqaviləsi üzrə 1251,74 manat əsas, 22,08 manat faiz, 0,01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 176,29 manat faiz borcu olmaqla, cəmi 1450,12 manat pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,51 (otuz dörd manat əlli bir qəpik) manat pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli