Məhkəmə qərarları › İş №e-2-2(115)-1870/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1870/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1870/2024 24.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı YeloBank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4479,35 manat əsas borc, 947,58 manat faiz borcu və 113,98 manat cərimə borcu olmaqla cəmi 5540,91 manat borcun, 75,41 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh3 Şaməmməd oğlundan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı ASC-nin “Gəncə” filialından illik 21% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh3 Şaməmməd oğlu, Cavabdeh2 və xx.xx.2023-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. 2024-cü ilin avqustun 29-dək Cavabdeh4 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4479.35 manat əsas borc, 947,58 manat faiz borcu və 227,95 manat cərimə borcu olmaqla, cəmi 5654,88 manat borcu vardır. Kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 227.95 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%i miqdarında olmaqla, yəni 113,98 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 vərəsənin müəyyən olunması üçün iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün kesab etmişdir. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-M1-1-694-22 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, iddiaçı Bank cavabdehə aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə zaminlər borclu ilə bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh4 xx.xx.2024cü il tarixə banka 4479,35 manat əsas borcu, 947,58 manat faiz borcu, 227,95 manat cərimə borcunun olduğu qeyd edilmişdir. EMİS çıxarışdan görünür ki, Cavabdeh4 18 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşması bağlanmış, razılaşmaya əsasən iddiaçı Bank cavabdehə aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. Kreditin təminatı kimi Bankla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. EMİS çıxarışdan əldə edilən məlumata əsasən borclu Cavabdeh4 18 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, hazırkı iş üzrə iddia qaldırılmamışdan əvvəl borcalan Cavabdeh4 vəfat etdiyindən, iddiaçı Bank ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək, öhdəliyin icrasını onlardan tələb etməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminə qarşı tələb irəli sürməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı Bank tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilmədiyini və bu qaydanı tətbiq etmək imkanının itirilmədiyini göstərir ki, həmin hal da iddia ərizəsinin baxılmamış saxlanması əsaslarından biri olduğuna görə hazırkı iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 75 (yetmiş beş) manat 41 (qırx bir) qəpik məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (qəbzin nömrəsi:**********) qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar