Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1897/2022 24.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış məhsulların müsadirə edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 187,50 manat olan ümumilikdə 69 qutu (10 qutu Cavallo Silver touch, 20 qutu Platinium black, 12 qutu Capitan Black, 2 qutu Slims, 2 qutu Cavallo Vasily vinteroff, 4 qutu Elegance lights göy, 2 qutu Elegance one ağ, 1 qutu Senator winegroupe, 2 qutu Senator white line, 2 qutu Milano london, 5 qutu Marlboro edge nazik göy, 3 Marlboro compact red, 4 qutu Marlboro) tütün məmulatı, alış dəyəri 40 manat olan 0.7l butulkada Naçionalnaya adlı spirtli içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2015-ci il tarixdə uçota alınmış, əsas fəaliyyət növü ixtisaslaşmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı olmaqla, həmin fəaliyyət üzrə AZ2003, ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti göstərir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0365 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən AZ2000, ünvan 2 ünvanında yerləşən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus mağazada aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 187,50 manat, satış dəyəri 205 manat olan ümumilikdə 69 qutu (10 qutu Cavallo Silver touch, 20 qutu Platinium black, 12 qutu Capitan Black, 2 qutu Slims, 2 qutu Cavallo Vasily vinteroff, 4 qutu Elegance lights göy, 2 qutu Elegance one ağ, 1 qutu Senator winegroupe, 2 qutu Senator white line, 2 qutu Milano london, 5 qutu Marlboro edge nazik göy, 3 Marlboro compact red, 4 qutu Marlboro) tütün məmulatı, alış dəyəri 40 manat, satış dəyəri 45 manat olan 0.7l butulkada Naçionalnaya adlı spirtli içki aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi CavabdehQulu oğlu (VÖEN: **********) barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2022-ci il tarixli DVX-№ 000649 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2022-ci il tarixli DVX 000615 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, MPM, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 mart 2022-ci il tarixli, e-2(102)- 2010/2022 saylı qərarında göstərilir ki, əsasən mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM ilə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğun olduğu halda mülki prosesə tətbiq oluna bilər. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış məhsulların müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı iki qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya törədilmiş əməlin dispozisiyasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə uyğun olunduğunu müəyyən edərək, qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi prosessual tələbləri, prosessual müddət daxilinə (inzibati protokol tərtib etmə) yerinə yetirərək aidiyyəti üzrə rayon-şəhər məhkəmələrinə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış məhsulların müsadirə edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1897/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1897/2022
24.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver