Məhkəmə qərarları › İş №e-2-2(115)-1968/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1968/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1968/2024 24.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Məmmədov Nadir Musa oğlu və X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdeh Məmmədov Nadir Musa oğlu və X4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 568,59 manat- bundan 495,84 manat əsas, 1,42 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71,33 manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Məmmədov Nadir Musa oğlundan və X3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh Məmmədov Nadir Musa oğlu arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitinin artırılması məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 6.900 (altı min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Məmmədov Nadir Musa oğluna kredit verilərkən X6 ilə Bank arasında 250004391/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Nadir Musa oğlu arasında LM111900474 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 576,15 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. X6 ilə Bank arasında LM111900474 nömrəli xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh Məmmədov Nadir Musa oğlu məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona və qeyrisinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək ondan və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 495.84 manat məbləğində əsas borc, 1.42 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış 71.33 manat faiz borcu olmaqla, ümumilikdə 576.15 manatı məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia etmişdir ki, "xxxx" ASC ilə onun aralarında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə 29 faizlə 6900 ABŞ dolları məbləğində kredit vermişdir. Daha sonra LPO "xxxx" ASC ilə LM111900474 saylı xx.xx.2019-cu il tarixli resturukturizasiya müqaviləsi bağlanaraq, həmin müqavilə üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalında müəyyənləşdirilən 576.15 manat məbləği resturukturizasiya olunmuş 24 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə kredit üzrə 568.59 manat, bundan 495.84 manat əsas, 1.42 manat faiz və 71.33 manat əlavə faiz təşkil edir. İddiaçı həmin kredit borcunun ödənilməyən hissəsini tələb edir. İddiaçının iddia tələbində qeyd etdikləri həqiqətə uyğun deyil. İddiaçının cəfəngiyyat dolu tələbi onları qanunsuz olaraq borclandırmaqdan başqa bir şey deyil. Aşağıda qeyd edilən səbəblərə görə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC onunla xx.xx.2014-cü il tarixdə ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 29 faizlə 36 ay müddətinə 6900 ABŞ dolları məbləğində kredit verilmiş, zamin X6 ilə eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Vaxtlı-vaxtında ödənişlər edilmişdir. 2015-ci ildə ölkədə baş vermiş devalvasiya prosesi nəticəsində ABŞ dollarının manata olan məzənnəsi yüksələrkən də yenə də aylıq ödənişləri ödəmişdir. 2019-cu ildə isə qalan pul Fərmana uyğun olaraq resturukturuzasiya olunmuşdur. Bildirir ki, Azərbaycan Respublikası Prezidenti ölkədə baş vermiş devalvasiya ilə bağlı fiziki şəxslərin xarici valyutada olan kredit borclarının və üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi ilə 28 fevral 2019-cu ildə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamış və həmin fərmana uyğun olaraq 2012-ci ilin ilin yanvar ayının 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə fiziki şəxslərin 10.000 ABŞ dollarınadək xarici valyutada olan kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bu Fərmanın icrası ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası 27 mart 2019-cu il tarixdə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Prezidentin məlum Fərmanına və yuxarıda qeyd edilən Qaydalara uyğun tədbirlər həyata keçirilmiş, ABŞ dolları ilə olan 10.000 ABŞ dolları məbləğində kreditlərə güzəştlər edilmiş, borcu olanların borcu restrukturizasiya olunaraq yeni müqavilələr bağlanıb, pulu ödəyib qurtarmış şəxslərə isə kredit müqaviləsinə uyğun kompensasiyaların ödənməsi həyata keçirilmişdir. Adıçəkilən kredit bu Fərmanın əhatə dairəsinə düşmüşdür. 2019-cu ildə bu Fərmanın icrası ilə əlaqədar qalıq borc Restrukturizasiya olunmuşdur. LPO "xxxx" ASC ilə LM ********* saylı xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin vaxtlar iddiaçı Bankın Qazax şəhərində nümayəndəliyi vardır və restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə ödənişləri qəbul edirdilər. Həmin vaxtlar ödənişlər onlara verilmişdir. Kredit üzrə bütün pul ödəndikdən sonra da onların borclarının qalmadığı onlara bildirilmişdir. Lakin, onlar hər hansı bir sənəd verilməmişdir. Eyni zamanda onu da qeyd edir ki, həmin vaxtdan sonra da iddiaçı bank onlardan heç bir pul tələb etməmişdir. İddiaçının indi 5 ildən sonra onlardan pul tələb etməsi qanunsuzluqdur və iddia tələbi hər bir halda rədd edilməlidir. Çünki, iddiaçı nə səbəbə neçə illərdir ki, kredit ödənişi tələb etmir? 5 il keçdikdən sonra kredit üzrə ödəniş tələb edir. Etirazda qeyd etdiyi bütün nüanslar məhkəmədə tam şəkildə araşdırılmalı, hüquqi qiymət verilməlidir. Məhkəmə bu hissələrin araşdırılması zamanı da ədalətli olmalıdır. Ona görə də hesab edir ki, qeyd etdiyi məsələlər məhkəmə tərəfindən tam araşdırılmalı və iddiaçının iddiasının əsassız olması səbəbindən rədd edilməlidir. İddia tələbi kredit tələbidir və bu səbəbdən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. İddiaçı pul tələbi ilə bağlı olan mübahisədən ötrü qanunla müəyyən edilmiş müddət daxilində məhkəmə müdafiəsindən istifadə etməlidir. Həmin müddət də pul-kredit münasibətləri üzrə 3 il, o cümlədən də Zaminlik müqaviləsi üzrə maksimum 2 il təşkil edir ki, iddiaçı da həmin müddəti ötürmüşdür. Çünki, iddiaçının qeyd etdiyi kredit müqaviləsi 2014-cü ildə bağlanmış, 2019cu ildə Prezidentin Fərmanına uyğun olaraq Resturukturuzasiya olunmuşdur. Resturukturuzasiya olunmuş məbləğ də 576.15 manat təşkil etmişdir. Həmin vaxt da ödənilməli məbləğ iddiaçı Bankın Qazax şəhərində yerləşən (Qazax şəhəri, Su 15 qəsəbəsində, Bakı-Gürcüstan yolunun Qazax şəhərindən keçən hissəinin dairəvi yolun kənarında) nümayəndəliyində oturan şəxsə verilirdi. Sonda da borcumuzun qalmadığı bizə bildirilmişdir. Həmin vaxtdan da artıq 5 il vaxt keçmişdir. Bu 5 ildə də bizdən nəsə tələb edilməyib. Ona görə də bu iş üzrə iddia müddəti tətbiq edilməli, iddia rədd edilməlidir. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, restrukturizasiya müqaviləsi, zaminlik müqavilələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Məmmədov Nadir Musa oğlu əsas vəsaitinin artırılması məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 6900 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, daha sonra LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Nadir Musa oğlu arasında LM111900474 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 576,15 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 26 avqust 2024-cü il tarixli maliyyə arayışında 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Məmmədov Nadir Musa oğlu xx.xx.2024-cü il tarixinə cəmi borcu 568,59 (beş yüz altmış səkkiz manat 59 qəpik) manat- bundan 495,84 (dörd yüz doxsan beş manat 84 qəpik) manat əsas, 1,42 (bir manat 42 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71,33 (yetmiş bir manat 33 qəpik) manat faiz borcunun olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Nadir Musa oğlu arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Daha sonra LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Nadir Musa oğlu arasında LM111900474 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 576,15 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla Məmmədov Nadir Musa oğlunun 495,84 manat əsas, 1,42 manat faiz borcunun olduğu təsdiq edilir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71,33 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71,33 manat faiz borcunun tutulması hissəsində əsaslıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdeh Məmmədov Nadir Musa oğlu tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, daha sonra LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Nadir Musa oğlu arasında LM111900474 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Beləliklə, 3 illik müddət xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən həmin müddəti ötürməmişdir. Məhkəmə iddia tələbi üzrə borcun digər cavabdehdən, yəni zamindən də tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün zamin X6 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək təyin edilmişdir. Göründüyü kimi, tərəflər arasında əsas borc üzrə öhdəliyin bitmə tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti bitdiyindən və bu müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, xx.xx.2019-cu il tarixli müqavilədə zaminliyə münasibətdə müddət göstərilməsə belə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqavilələrində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsindən ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddia tələbi irəli sürmüşdür ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də iddia tələbi borcun cavabdeh X3 müştərək qaydada tutulması hissəsində rədd edilməlidir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və həmin məbləğ iddiaçı tərəfindən tələb edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Məmmədov Nadir Musa oğlundan 495,84 manat əsas, 1,42 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71,33 manat faiz borcu olmaqla, cəmi 568,59 manat məbləğində borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov Nadir Musa oğlundan 495,84 manat əsas, 1,42 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71,33 manat faiz borcu olmaqla, cəmi 568,59 manat məbləğində borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar