Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1974/2025 07.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13657 manat 59 qəpik əsas, 344 manat 67 qəpik faiz borcu olmaqla, cəmi 14002 manat 26 qəpik məbləğində vəsaitin və ödənilmiş 133 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KBEK8876476B252 saylı kredit müqaviləsinə əsasən ona illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 18 000 manat məbləğində kredit verilmişdir. Göstərilən kredit məbləğindən 17 473 manat cavabdehə nəğd qaydada verilmişdir, qalan məbləğ isə hesabına köçürülmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışdır. Nəticədə cavabdehin cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 13657 manat 59 qəpik əsas, 344 manat 67 qəpik faiz olmaqla cəmi 14002 manat 26 qəpik borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində **********30 saylı telefon nömrəsindən kredit sifariş edilmiş, həmin telefon nömrəsinə ******* saylı OTP kodu gəlmiş və təsdiqlənmişdir. Bununla da elektron qaydada bağlanmış xx.xx.2024–cü il tarixli, KBEK8876476B252 saylı kredit müqaviləsinə əsasən ona illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 18 000 manat məbləğində kredit verilmişdir. Göstərilən kredit məbləğindən 17473 manat məbləği cavabdeh kassa məxaric orderini imzalayaraq xx.xx.2024-cü il tarixində kassadan nəğd olaraq əldə etmişdir, qalan məbləğ isə onun hesabına köçürülmüşdür. Həmçinin İddiaçı ASC məhkəməyə müraciət etdikdən sonra, məhkəmə davam edən müddətdə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 294 manat ödəniş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********27052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bank tərəfindən müştəriyə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin bunun nəticəsində Bank və müştəri arasında yaranan münasibətləri tənzimləyir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********27052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə Əlavə olan xx.xx.2024-cü il tarixli, KBEK8876476B252 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh pul 17 473 manat nəğd qaydada verilmiş, qalan məbləğ isə cavabdehin hesabına köçürülmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, KBEK8876476B252 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə 294 manat ödəniş edilmiş və həmin ödəniş kredit müaviləsi üzrə gecikən faiz borcuna silinmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, KBEK8876476B252 saylı kredit müqaviləsi üzrə əsas borc 13657 manat 59 qəpik, faiz borcu 50 manat 67 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 13657 manat 59 qəpik əsas borc, 50 manat 67 qəpik faiz borcu olmaqla, cəmi 13708 manat 26 qəpik məbləğində borc və ödənilmiş 133 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən tələb olunan 14002 manat 26 qəpik borcdan xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən 294 manat ödəniş edilmiş və həmin ödəniş iddiaçı tərəfindən tələb olunan 344 manat 67 qəpik faiz borcundan silinmiş, nəticədə cavabdehin 50 manat 67 qəpik faiz borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, 50 manat 67 qəpik məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Buna görə də, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13657 manat 59 qəpik əsas borc, 50 manat 67 qəpik faiz borcu olmaqla, cəmi 13708 manat 26 qəpik məbləğində borc və ödənilmiş 133 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1974/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1974/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver