Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1982/2022 27.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara vurduqları zərərin əvəzi olaraq 300000 manat məbləğində pul, 400 manat mediasiya sessiyasının keçirilməsi üçün ödədikləri rüsum və iddia ərizəsi üçün ödədikləri 590 manat dövlət rüsumu olmaqla, ümumilikdə 300990 manat məbləğində pulun müştərək qaydada alınaraq onlar qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsaslandırmışdır ki, Əliyev X3 rayonu ərazisində kənd təsərrüfatı təyinatlı 3 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə istilikxana inşa etdirmişdir. Həmin 3 ha yaxın torpaq sahəsində pomidor yetişdirmək üçün Şəmkir rayon Çaparlı kənd sakini İddiaçı1 ilə birlikdə fəaliyyət göstərərək 2021-ci il mövsümündə pomidor yetişdirmək qərarına gəliblər. Əkinləri aqrotexniki qaydalara uyğun becərmək üçün özünü aqronom kimi təqdim edən Cavabdeh2 ilə razılaşıblar və o, yüksək məhsuldarlıq əldə edəcəyi barədə öhdəlik götürmüşdür. Mütəxəssis kimi bildirmişdir ki, yüksək məhsuldarlıq əldə etmək üçün onun dediyi maddələrdən istifadə olunmalıdır. Onlar normal məhsuldarlıq əldə etmək naminə Cavabdeh2 təchizat məsələləri barədə bütün tapşırıqlarını yerinə yetiriblər. Həmçinin cavabdeh aqrotexniki tədbirlərin həyata keçirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmasına dair göstərişləri özü şəxsən icra etmişdir. Eyni zamana Cavabdeh2 təkidlə digər Cavabdeh1 Fransa istehsalı olan bir litrlik plastik qablaşdırmada "Vidat" adlı insektisid məhlulu almışdır. Həmin məhlulun istehsal tarixi iyun 2017-ci il, son istifadə tarixi ilə iyun 2021-ci il tarixdir. Cavabdeh2 həmin məhlulu 2021-ci ilin noyabr ayında digər Cavabdeh1 alaraq istilikxanada əkilmiş pomidor bitkisinə istifadə etmişdir. Lakin cavabdehlər vəd etdikləri nəticəni ala bilməmişlər və məhsuldarlıq ümumiyyətlə olmamışdır. Normativə uyğun olaraq hər hektardan 60-80 ton məhsul əldə edilə bilməsinə baxmayaraq onlar bundan məhrum olmuşlar. Şəmkir X10 Mərkəzi tərəfindən müraciətlərinə cavab olaraq 03 fevral 2022-ci il tarixli cavab məktubundan da məlum olur ki, həqiqətən də istilikxanada əkilmiş pomidor bitkisinə aqrotexniki tədbirlər, xəstəliyə və zərərvericilərə qarşı vaxtında mübarizə aparılarsa yerli pomidordan hər hektar üzrə 60-80 ton məhsul əldə edilə bilər. Beləliklə 3 hektar torpaq sahəsindən ümumilikdə 180-240 ton civarında məhsul götürməli idilər. Yuxarıda da qeyd etdikləri kimi onlar nəzərdə tutulan məhsuldarlıqdan cavabdehlərin təqsiri ucbatından məhrum olaraq külli miqdarda ziyana düşüblər. Bu barədə cavabdehlərə onlara dəymiş ziyanın ödənilməsini tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Həmin vaxtlar və ondan xeyli əvvəl o, uzun müddət xəstəlikdən əziyyət çəkmiş və stasionar müalicə qəbul etmişdir. Gözlənilən məhsuldarlığın olmaması onu narahat etdiyi üçün araşdırma aparmağa başlamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əkin işlərinin iyul ayının 10-dək yekunlaşmalı olduğu halda, əkin bir ay gecikdirilərək avqust ayının ortalarında həyata keçirilmişdir. Əkinin bir ay gecikməsi hava şəraiti baxımından əlverişli vaxt deyildir. İstilərin daha şiddətli vaxtında əkin işlərinin həyata keçirilməsi qəti yolverilməzdir. Beləliklə, əvvəla əkin zamanı mövcud iqlim şəraiti nəzərə alınmamışdır. Avqust ayında əkin işlərinin həyata keçirilməsi nəticəsində bitkinin çiçəkləri steril (yəni mayalanmamış) olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən istixanada torpağın laborator test analizi olmadan əkin aparılmışdır. (məsələn: torpağın tərkibində azot, fosfor, kalium, kalsium, maqnezium elementlərinin normaya uyğunluğu barədə analiz göstəriciləri müəyyən edilmədən). Həmçinin havanın nisbi rütubəti aqrotexniki qaydalara uyğun olmamışdır. Belə ki, nisbi rütubəti tənzimləmək üçün sisləmə qurğusu istixanada mövcud olmamışdır. Yuxarıda qeyd etdikləri hallara əsasən, bitkinin fiziologiyası tam pozularaq məhsuldarlığın olmaması ilə nəticələnmişdir. Cavabdehlərin aqrotexniki qaydaları nəzərə almadan, yalnız əsas məqsəd kimi cavabdehə məxsus mağazadan toxumların, dərman preparatlarının onlara satılması olmuşdur. Ona görə də cavabdehlərin işə laqeyd münasibətlərinə əsasən onlara külli miqdarda ziyan dəymişdir. Hesab edirlər ki, cavabdehlər onlara dəymiş ziyanı tam ödəməlidirlər. Cavabdehlərin əkin sahəsində istifadə etdikləri pestisidin analizi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X9 Tədqiqat İnstitutunun laboratoriyası tərəfindən onlara təqdim olunmuş Pestisid Analizinin hesabatına əsasən "Vidat" L insektisidinin əsas təsiredici maddəsi olan oksalimin miqdarı qablaşdırmada göstərilən qatılıqdan 6 % aşağı olmaqla keyfiyyətinin 25 % itirilməsi müəyyən edilmişdir. X8 X5 müraciətləri əsasında istixana şəraitində yetişdirilən pomidor bitkisinin aqrotexniki qaydalara riayət edildiyi, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparıldığı təqdirdə hər hektardan 60-80 ton məhsul toplanılmasının mümkünlüyü bildirilmişdir. 2021-ci ildə pomidorun hər kiloqramı orta hesabla 2-3 manat olmuşdur. 3 hektar torpaq sahəsindən orta hesabla 200 ton pomidor toplayacaqları halda, hər kiloqram üçün 2,5 manata sata bilsəydilər, 500.000 manat miqdarında pul əldə edə bilərdilər. Lakin məhsuldarlığın zəif olduğunu, bitki kollarında xəstəlik müşahidə olunduğundan məcburiyyət qarşısında məhsulları tam yetişməmiş çox aşağı qiymətə satmalı olmuşlar. Normal şəraitdə satışdan 500.000 manat əldə edəcəkləri halda, cəmi 200.000 manat miqdarında məhsul satmışlar ki, bu da istilikxanada çalışan işçilərin əmək haqqı, kommunal xərclər və digər nəzərdə tutulmayan xərclərə sərf olunmuşdur. Həmin məbləğ də xərclərini tam ödəməyə imkan verməmişdir. Cavabdehlərin təqsiri ucbatından faktiki olaraq 300.000 manat miqdarında ziyan çəkiblər. Hazırkı iş üzrə cavabdehlər istehsalçı kimi əkin prosesinin nəticəsi olaraq normaya uyğun məhsul istehsal etməli idilər. Lakin onlar öhdəliklərini yerinə yetirməyərək külli miqdarda ziyan vurmuşlar. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçıların ona və digər cavabdehə qarşı tələbləri tam əsassızdır və iddia tələbləri təmamilə rədd olunmalıdır. Belə ki, iddia ərizəsindən məlum olur ki, iddiaçılar azad sahibkarlıqla sərbəst və öz iradələrinə uyğun olaraq məşğul olurlar. Lakin, özlərinin birgə sahibkarlıq fəaliyyətinin yüksək gəlir gətirə bilməsini cavabdeh kimi onlardan gözləyirlər. Öz işlərini qurub, rəhbərlik edib öz gəlir və xərclərinə özləri məsuliyyət daşımaq əvəzinə xəyallarında nəzərdə tutduqları gəliri ala bilmədikləri üçün onları cavabdeh təyin edirlər. Sahibkarlığın əsas prinsiplərindən biri sahibkarın öz riski əsasında iş görməsidir. Yəni, digəri sübut olunmadığı təqdirdə, zərər və ya gəlir tamamilə sahibkarın özünə aiddir. İddiaçılar istixana qurublar, lakin dəlillərindən belə çıxır ki, məşğul olduqları işdən başları çıxmır və guya iddiaçıların yerinə onlar işləməlidirlər, iddiaçılar isə yüksək gəlirlər əldə etməlidirlər. İddia tələbləri tam fərziyyə olunan dəlillər əsasında qurulub. İddiaçılarla onların münasibəti yalnız, onlara toxum və almaq istədikləri dərmanların satılması ilə bağlı olmuşdur. O, Şəmkir rayonu ərazisində mağazadan dərman satışı ilə məşğul olur və heç kimin sahəsini əkib-becərmir ki, məhsuldarlığa da cavabdeh olsun. Hər kəs öz işinin üsulunu öz bildiyi kimi qurur və iddiaçıların aldıqları dərmanlarla bağlı iradları əsassızdır. O, iddiaçıların qarşısında heç bir öhdəlik götürməmiş və gəlirlərinə dair məsuliyyəti haqda deyilənlər əsassızdır. Lakin, iddia ərizəsində yazılan bəzi dəlillərə dair öz fikrini bildirmək istəyir. İddiaçılar 3 ha pomidor sahəsi üçün nematodlara qarşı 3 dəfə olmaqla cəmi 105 litr Vydate dərmanı alıblar. Vydatenin nematoda qarşı istifadə norması 2 ml/ha-dır və 1 hektarda 25000 bitki əkildiyi üçün iddiaçılar 1 hektara 50 litr Vydate, 3 hektara isə 150 litr Vydate istifadə etməli idilər. Nematoda qarşı mübarizə isə minimum 10 gün fasilə ilə 3 dəfə aparılmalıdır ki, bu da o anlama gəlir ki, həmin 3 ha pomidor sahəsini nematoddan qorumaq üçün ən azı 450 litr Vydate istifadə edilməli idi. İddiaçılar isə hər dəfə 3 hektara cəmi 25 litr dərman vurublar ki, bu da normadan 6,66 dəfə aşağıdır. 25 000 ml. : 75000 bitki =0,33 ml. ( hər bitkiyə isə 2 ml. olmalıdır), Vydate iyun 2017-ci il istehsalıdır (şəkil əlavə edilir) və istifadə müddəti 5 ildir (DuPontun təsdiq məktubu əlavə edilir). Yəni, iddiaçılar iyul-avqust 2021-ci ildə Vydate alanda həmin dərmanın son istifadə tarixinə hələ 1 il qalırdı. Hal-hazırda Vydateni idxal edən firmanın anbarında 50 litrə qədər həmin dərmandan var və bütün idxal olunan malların (dərman, gübrə, toxum və s.) müəyyən bir miqdarı həmişə son istifadə müddəti çıxana qədər anbarda saxlanılır. İddia ərizəsində Bitki mühafizə İnstitutundan Vydatenin tərkibi haqda analiz, nəticəsindən danışılır. Lakin, Vydatenin analiz üçün tələb olunan standart maddə olmadan analizin düzgün aparılması mümkün deyildir. Adı çəkilən İnstitutda isə bu standart maddə yoxdur. Standart maddə idxalçı şirkət tərəfindən idxal olunub AQTA-ya verilir və miqdarı adətən 1 və ya 2 qram m olur. Deməli, istinad olunan analiz nəticəsi tamamilə uydurmadır və sübut kimi qəbul oluna bilməz. Pomidorun nematoddan başqa 30-40-a qədər xəstəlik və zərərvericiləri var və məhsuldarlıq təkcə bir həşaratdan (nematodla mübarizədən) asılı deyildir. Pomidorun becərmə texnologiyasına görə tam bitki mühafizəsi tədbirlərinə uyğun 7-8 dəfə xəstəliklərə qarşı, 7-8 dəfə isə həşaratlara qarşı dərmanlama aparılmalıdır ki, bunun da - təxmini dəyəri 12-15 min manat təşkil edir. İddiaçılar dəyəri 105 litr Vydate ilə bütün mühafizə tədbirinə cəmi 2625 manat vəsait xərcləyib 500000 manat pul qazanmaq istəyiblər. İddiaçılar əkin vaxtının 1 ay gecikməsini və istiyə görə pomidorun tozlanmasının mümkün olmadığını iddia edirlər ki, bu da o deməkdir ki, tozlanmayan bitkidən məhsul gözləmək əbəsdir. Deyilənlərdən başqa, iddia ərizəsindən məlum olur ki, iddiaçılar 2021-ci ilin mövsüm vaxtı əkdikləri pomidor haqda yazırlar. Həmin vaxtdan bir il keçib. Lakin, iddiaçılar istinad etdikləri dəlilləri yalnız məhsulları sahələrdə olduğu vaxt əldə etdikləri rəylərlə sübut edə bilərdilər. Deməli, məhsulu yığıb salıblar və az pul qazandıqlarını görüb təzədən günahkar axtarırlar. Onlar onların dərmandan narazı olduqlarını həmin vaxtın məhsulu istixanada olduğu vaxt onların iştirakı ilə ekspert dəvət etməli idilər və rəy almalı idilər. Həmin vaxt becərmə texnologiyasına əməl olunmadığını çox asanlıqla müəyyən etmək olardı. Bir il sonra isə belə bir dəlillərin irəli sürülməsi söz toplusundan başqa bir şey deyil. Onların mağazada satılan bütün dərmanların sənədləri qaydasındadır və bu etirazla birlikdə sənədləri də təqdim edir. İddia ərizəsindən məlum olur ki, o və digər cavabdeh iddiaçılara guya zərər vurublar. Lakin heç bir real zərər haqda iddia ərizəsində deyilmir. İddiaçılar əldə eləmək istədikləri gəliri ala bilmədikləri üçün əldən çıxmış faydanı nəzərdə tutaraq 300000 manat onlardan tələb edirlər. Əldən çıxmış gəlir tələb olunursa da, onda əvvəla əldə olunmayan gəlirin miqdarı sübut olunmalıdır. Sübut olunmalıdır ki, həmin cəmi sübut olunmuş mümkün gəlir cavabdeh kimi onlar öhdəliklərini pozduğu səbəbdən əldə olunmamışdır. Bundan başqa isə, onlar “pozduğu" öhdəliklərində əldə olunmayan gəlir arasında səbəbli əlaqənin olması sübut olunmalıdır. Bunların heç biri iddiaçılar tərəfindən sübut olunmur. Bundan başqa, əldə olunmayan gəliri hesablayanda ən əsası odur ki, belə gəlirin doğruluğunu, mötəbərliyini və reallığını müəyyən etmək mümkün olsun. İş materiallarından isə məlum olur ki, iddiaçıların sahələrində yetişdirilmiş məhsulda itkilərə yol verilməyib və əldə olunan məhsulun hamısı satılıb. Yəni, iddiaçıların sözləri yalnız fərziyələr əsasında qurulub və ondan ibarətdir ki, onların gümanı ilə düzgün əkin işləri aparılsa idi, hər bir əməliyyat ideal olsa idi, onda pomidor çox yetişərdi. Sonra isə onlar olmayan bu məhsulu satardılar və əlavə 300000 manat qazanardılar. Əldə olunmayan gəlir belə hesablanmır. Məhsulun iddiaçılar istədikləri qədər olmadığı o deməkdir ki, faktiki baxımdan məhsulun mütləq çox olacağını onlar sübut etməlidirlər. Bunu isə əvvəldən heç kim bilə bilməz. Yalnız ehtimal etmək olar. Ehtimallar əsasında isə əldə oluna bilməsi dəqiq olmayan gəliri tələb etmək yol verilməzdir. Bundan başqa, heç məhsulun çox olması da arzu edilən gəlirin əldə olunacağının təminatı deyil. Gəlir qiymətlərdən asılıdır, qiymətlər isə bazardan asılıdır. Yəni, sahələr əkiləndə, məhsul götürüləndə bilinmir ki, salmaq olacaq ya yox və hansı qiymətə. Adi dövriyyə şərtlərini də nəzərə almaq olmur, ona görə ki, hər il sərhədlərin açılıb- bağlanmasından asılı olur qiymətlər. İddiaçılar isə, 2022-ci ildə 2021 -ci ilin şərtlərini bilib təzədən qazanc hesablayırlar. Bundan başqa, iddiaçılar nəyə əsasən hesab edirlər ki, onun və digər cavabdehin onlar qarşısında böyük gəlir əldə edəcəkləri haqda öhdəlikləri olub. Harada yazılıb bu öhdəlik? Onun öhdəliyi yalnız ona ödənilən pul həddində dərman satmaq olub ki, oda dərman satılıb ödənilən pula uyğun dərmanı qarşı tərəfə vermək. Nə qədər alınmalı idi və necə istifadə olunmalı idisə də, bunu iddiaçıların özləri həll etməli idilər. O əvvəldən bilsəydi ki, kim nə qədər gəlir əldə edəcək, onda elə dərman satdığı fermerlərə yüksək gəlir söz verib onlara şərik olardı. Hesab edir ki, iddiaçıların hüquqi əsasları, faktlar haqqında dəlilləri yersizdir, ona görə də tələbləri rədd olunmalıdır. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhsulları aqronom tərəfindən məhv edilib. Cavabdeh2 əkilməli olan məhsulun sortunu seçib və onlar Cavabdeh2 mütəxəsis kimi müraciət ediblər, başqa bir tanışıqları olmayıbdır. İyul ayında əkilməli olan məhsul onun təklifiylə avqust ayında əkilmişdir. Dərmanları isə Cavabdeh1 almışdır. Dərmanı aldığı zaman istifadə müddətinə baxmamışdır. Dərmanın təsirinin az olmasına və müddətinin keçməsinə baxmayaraq Cavabdeh2 dərmanı yenidən məhsula verməklərini bildirmişdir. Cavabdeh2 Cavabdeh1 aqronomudur, onun verdiyi dərman siyahısı əsasında Cavabdeh1 dərmanları onlara vermişdir. Məhsulun əkilmiş sortuna, dərmanın müddətinin ötməsinə görə məhsul zəif olub. Məhsulun sortunu Cavabdeh2 seçmişdi, onlar başqa sort əkmək istəyiblər. Bu barədə Cavabdeh2 hər hansı rəsmi bir öhdəliyi olmamışdır, lakin şifahi olaraq söz vermişdir. Həmin dərmanı 6 dəfə istifadə ediblər. Dərmanı aldıqları vaxtdan 3-4 gün sonra müəyyən ediblər ki, dərman keyfiyyətsizdir dərmanı hansı tarixdə aldıqlarını xatırlamırlar və müxtəlif növ dərman alıblar. Sözügedən dərman isə məhsulun kökündəki nematod xəstləiyinin qarşısını almaqla əlaqədar alınıbdır. 2021-ci ildə pomidorun qiyməti pik həddə olub. Belə ki, sentyabr- oktyabr aylarında pomidorun qiyməti 2-3 manat aralığında olmuşdur. Qeyd olunanlar əsasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bələdiyyə ərazi üzrə yetişdirilən məhsullardan xəbərdadır. Özlüyündə apardığı monitorinq əsasında qiyməti müəyyən edib. Pomidorun qiyməti keçən il pik həddə olmuşdur. İstifadəyə təqdim edilən dərmanın yararsızlığı nəticəsində iddiaçılar ziyan çəkmişlər və bununla bağlı mövcud sübutlar məhkəməyə təqdim olunmuşdur. Cavabdeh isə öz izahatlarında 46000 manatlıq malın iddiaçıya satıldığını etiraf edir. Odur ki, qeyd olunanlar əsasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlardan iddiaçı tərəf 4 dəfə 15- 20 gün aralıqla dərman almışdır. Onları buna heç kim məcbur etməmişdir. Əgər dərmanın müddəti ötmüşdürsə, 4 dəfə dərman alınmamalı idi. İddiaçı tərəf normadan az miqdarda dərman aldıqları üçün gözlənilən məhsuldarlıq olmayıb. Cavabdeh2 onun işçisi deyildir, sadəcə bir mütəxəsis kimi onu tanıyır. İddiaçı tərəf ondan aldığı məhsullarla bağlı borcdan heç bir ödəniş etməmişdir. Onların hal-hazırda 46500 manat borcları var. Məhsul iddiaçı tərəfə 2021-ci ildə satılıb və məhsul satılan zaman istifadə müddəti bitməmişdir. 2017- 2021-ci illərdə 26 ton Vydate L dərmanı satılıb, lakin tək problem burda yaranıb. İddiaçı ilə əldə ediləcək məhsul barədə aralarında hər hansı razılaşma olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının göstərdiyi sözügedən əldən çıxmış faydanı təsdiq edən sənəd yoxdur. İddiaçı sadəcə gözlənilən məhsulu əldə etmədiyi üçün bunda təqsirkar cavabdehləri hesab edir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutların heç biri iddia tələbini təsdiq edən hallarla bağlı deyildir. Hal-hazırda iddiaçıların cavabdehə borcu vardır. İddiaçılar dərmanın pulunu ödəməkdən yayınmaq istəyirlər və bunun üçündə qeyd edilən məsələlər barədə iddia irəli sürürlər. Odur ki, qeyd olunan səbəblərdən ötrü iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X10 Mərkəzi tərəfindən İddiaçı2 ünvanlanan 04 fevral 2022-ci il tarixli məktubdan görünür ki, istilikxanada əkilmiş pomidor bitkisində aqrotexniki tədbir, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılarsa yerli pomidordan hər hektarında 60-80 ton məhsul əldə edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər X1 təyini və alaqlarla mübarizə laboratoriyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli pestisid analizinin hesabatından görünür ki, plastik qablaşdırmada 1L-lik Vidat L (24L) insektisidinin 0.5L məhlulu qablaşdırmada göstərilən qatılıqdan 6 faiz azdır. Keyfiyyətinin 25 faiz itirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X4 Xidmətinin 246/P nömrəli toksikoloji rəyindən görünür ki, Kənd Təsərrüfatı Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2017-ci il tarixli 1347/17 nömrəli rəyinə əsasən petisidlər: Vydate 10 G-5000 kg üzərində toksikoloji analiz aparılmışdır. Analizin nəticəsi texniki şərtə uyğundur, hektara düşən norma miqdarında istifadə etmək məsləhət görülür. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçılar cavabdehlərin təqsiri nəticəsində onlara 300000 manat məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunveriliciyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız qeyd olunan üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Hazır ki iş üzrə iddiaçılar tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçılara dəyən zərər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçıların yetişdirdiyi məhsullara aqrotexniki tədbirlər, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması nəticəsində məhsulldarlığın yüksək olması ehtimalı, məhkəməyə təqdim edilən video görüntülərdə təqdim olunan məhsulun xarab olması və məhsulların vaxtından əvvəl aşağı qiyməti satılması ona dəlalət etmir ki, iddiaçılar 300000 manat məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı tərəf isə 300000 manat məbləğində gördüyü tədbirlər və apardığı hazırlıq işlərinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıların 300000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin ödənilməsi tələbi təmin edilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 ziyan vurulması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1982/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1982/2022
27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver