Məhkəmə qərarları › İş №e-2-2(115)-2/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2/2024 23.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cəmi 20768 manat 29 qəpik bundan 14400 manat əsas, 3450 manat faiz, 920 manat 29 qəpik cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1998 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdeh Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızından tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X3, X4, X6, Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızına məxsus olan Bərdə rayonu, Otuzikilər kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızından tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialı ilə cavabdeh Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3132 saylı kredit müqaviləsinə əsasən Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızına 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X3, X4, X6 və Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızına məxsus Bərdə rayonu, Otuzikilər kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bərdə rayonu, Otuzikilər kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə X3, X4, X6, Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızı arasında xx.xx.2015-ci il tarixli 3132 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********588 saylı xx.xx.2021-ci il tarixli və **********844 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızınun kredit üzrə cəmi borcu 20768 manat 29 qəpik təşkil edir. Bundan 14400 manat əsas, 3450 manat faiz, 920 manat 29 qəpik cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1998 manat faiz borcu təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-775/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə işin icraatı xx.xx.2021-ci il tarixdə ölmüş Cavabdeh3 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçının nümayəndəsi X13 xx.xx.2024-cü il tarixində ərizə verərək, ipoteka ilə yüklü edilmiş, Bərdə rayonu, Otuzikilər kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini miras kimi faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən X2 (həyat yoldaşı) və X1 (oğlu) cavabdeh qismində cəlb edilməsi zərurəti yarandığından, Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızının və X1 prosessual hüquqi varisliyi üzrə işə cəlb edənilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-2/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işin icraatı təzələnmiş və iş üzrə məhkəmə baxışı iclası 23 iyul 2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borca əlavə ödəniş edilməyib. Ən son ödəniş xx.xx.2019-cu ildə edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialı ilə cavabdeh Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3132 saylı kredit müqaviləsinə əsasən Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızına 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan **********652 nömrəli maliyyə arayışından görünür ki, Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızının xx.xx.2021-ci il tarixə cəmi 20768 manat 29 qəpik olmaqla, bundan 14400 manat əsas, 3450 manat faiz, 920 manat 29 qəpik cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1998 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mübahisənin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızı iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2015-ci il tarixli 3132 saylı ipoteka müqaviləsindən görünür ki, Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızının kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X3, X4, X6 və Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızına məxsus Bərdə rayonu, Otuzikilər kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(115)-775/2021 nömrəli qərardadı əsasında təyin edilərək alınmış əmlakın qiymətləndirilməsi ekspertizasının "xxxx" MMC-in xx.xx.2021-ci il tarixli 392/ZB/21 nömrəli rəyindən görünür ki, Bərdə rayonu, Otuzikilər kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 70000 manat, likvid dəyəri 62000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya və ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Şaxtanxtinskaya Fəxriyə Cəmşid qızı icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilmələrini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 40 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14400 manat əsas borc, 3450 manat müqavilə müddətinə faiz borcu, 300 manat cərimə borcu, 1998 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 20148 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məxsus Bərdə rayonu, Otuzikilər kəndində 0.10 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 62000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qaytarılmalı, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 3132 saylı kredit müqaviləsi üzrə 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14400 manat əsas borc, 3450 manat müqavilə müddətinə faiz borcu, 300 manat cərimə borcu, 1998 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 20148 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məxsus Bərdə rayonu, Otuzikilər kəndində 0.10 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 62000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar