Məhkəmə qərarları › İş №e-2-2(115)-20/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-20/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-20/2024 06.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 016R********** saylı krеdit razılaşması üzrə 16327,57 manat krеdit bоrcu, 2226,67 manat faiz bоrcu və 4160,24 manat cərimə borcu olmaqla, ümumilikdə 22714,48 manat bоrcun, ödənilmiş 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının cavabdеhlər Cavabdeh1 (vərəsə) və Cavabdeh2 (zamin) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində mülkiyyətində olan 0.0154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyriyaşayış binasının açıq hərracda satılması, borcun və mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının həmin əmlakın satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Fazil Mahmud oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 049L**********85 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli, 049L**********85S saylı sazişə əsasən, uzunmüddətli kredit müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 153 ay və 500000 ABŞ dolları olaraq müəyyən edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Əliyev Fazil Mahmud oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 016R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Əliyev Fazil Mahmud oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Əliyev Fazil Mahmud oğlu götürdüyü krеdit bоrcundan 13672,43 manat ödəmiş, onun 16327,57 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 394 gün üçün hesablanmış faiz borcu 2226,67 manat, cərimə borcu 4160,24 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Əliyev Fazil Mahmud oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər X4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Əliyev Fazil Mahmud oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Əliyev Fazil Mahmud oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehləripoteka qoyanlar, əsas X12 Mahmud oğlu və Bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 049M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində mülkiyyətində olan 0.0154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyri-yaşayış binası, Liter A-da yerləşən 1 mərtəbəli, 115 m² tikintialtı sahədən ibarət qeyri yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İpoteka qoyanların həyat yoldaşı X4 qeyri-yaşayış binası ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsini xx.xx.2022-ci il tarixdə verdiyi arayışdan borclu və ipoteka qoyan Əliyev Fazil Mahmud oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuş, bununla bağlı notariat ofislərinə və digər aidiyyatı orqanlara sorğular yazılmışdır. Tovuz regional ASAN xidmət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1638 saylı məktubuna əsasən mərhum Əliyev Fazil Mahmud oğlunun adına vərəsəlik işinin açıldığı faktı müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 2V-121 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, miras əmlak ünvan 1 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, 4 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən, Tovuz rayonu, Qovlar qəsəbəsi ünvanında mülkiyyətdə olan 0.36843 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisədən və torpaq sahəsindən və buraxılış ili 2012-ci il olan HYUNDAİ EQUUS MİNİK markalı, 60BK001 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Göründüyü kimi, Əliyev Fazil Mahmud oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, ilk dəfə kredit götürən şəxs yaşlı insan olmuşdur, o kredit götürən zaman ona həyat sığortası təklif edilməli idi. Həmçinin kredit götürən şəxs vəfat etdikdən sonra 1 il və ya 1 il yarım vaxt ərzində bank tərəfindən hər hansı bildiriş göndərilməmiş, kreditin nəyə görə ödənilməməsi ilə maraqlanılmamışdır. Əsas borc tələbini qəbul edir, ancaq faiz və cərimə məbləğləri ilə razı deyillər. Kredit götürən şəxsin 4 oğlu olsa da miras əmlakını Cavabdeh1 qəbul etmişdir. Odur ki, cərimə və faiz məbləğlərinin silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Əliyev Fazil Mahmud oğlu ilə İddiaçı QSC arasında bağlanmış 07 may 2015-ci il tarixli 049L**********85 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Əliyev Fazil Mahmud oğlu ilə İddiaçı QSC arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 016R********** saylı kredit razılaşmasından görünür ki, ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 07 may 2015-ci il tarixli 049S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Əliyev Fazil Mahmud oğlu ilə İddiaçı QSC arasında bağlanmış 13 may 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Əliyev Fazil Mahmud oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Əliyev Fazil Mahmud oğlunun mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində olan 0.0154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyri-yaşayış binası, Liter A-da yerləşən 1 mərtəbəli, 115 m² tikintialtı sahədən ibarət qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti 30000 ABŞ dolları (31440 manat ekvivalentində) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 22 yanvar 2018-ci il tarixli və 24 yanvar 2018-ci il tarixli sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə və zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. İş materiallarında olan 22 yanvar 2018-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində olan 0.0154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyriyaşayış binası Əliyev Fazil Mahmud oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan 14 may 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində yerləşən 24B nömrəli qeyri-yaşayaş binası, 0.0154 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 26 yanvar 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində yerləşən 24B nömrəli qeyri-yaşayaş binası, 0.0154 ha torpaq sahəsinin və 100.5 kv.m sahədən ibarət olan qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, Əliyev Fazil Mahmud oğlunun kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə banka 16327,57 manat əsas borcu, 2226,67 manat faiz borcu və 4160,24 manat cərimə borcu olmaqla, cəmi 22714,48 manat borcu vardır. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 28 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Mahmud oğlunun vərəsəsi Cavabdeh1dur. Şəhadətnaməyə əsasən verilən miras əmlaklarına ƏMDXnin yanında DƏDRX-nin 15 saylı Tovuz ərazi idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Əliyev Fazil Mahmud oğluna verilmiş **********65-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 313.3 kv/m, yaşayış sahəsi 70.1 kv/m, yardımçı sahəsi 243.2 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin 15 saylı Tovuz ərazi dairəsi tərəfindən xx.xx.2010 tarixdə Əliyev Fazil Mahmud oğluna verilmiş **********95-12301 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi ünvanında mülkiyyətdə olan 0.36843 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 553 kv/m olan əmlak kompleksi müəssisədən və torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinin məktubundan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmuş 09 noyabr 1950-ci ildə doğulmuş və 28 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Mahmud oğlundan qalmış mirasa dair 27 yanvar 2021-ci il tarixdə vərəsəlik işi açılmış və 29 yanvar 2021-ci il tarixdə mərhumun ünvan 4 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 2V-121 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əlavə olaraq, mərhumun ünvan 5 ünvanında qeydiyyatda olan oğlu X7, ünvan 6 ünvanında qeydiyyatda olan oğlu X8 və ünvan 6 ünvanında qeydiyyatda olan X9 mərhumdan qalan miras əmlakdan ünvan 6 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 31 avqust 2023-cü il tarixli 02-126/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində olan 0.0154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyri-yaşayış binasının xx.xx.2023-cü il tarixinə bazar dəyəri 62000 manat, likvid dəyəri 56000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Əliyev Fazil Mahmud oğlu ilə İddiaçı QSC arasında 07 may 2015ci il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi Əliyev Fazil Mahmud oğlunun mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində olan 0.0154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyri-yaşayış binası, Liter Ada yerləşən 1 mərtəbəli, 115 m² tikintialtı sahədən ibarət qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin bankla Cavabdeh2 arasında 07 may 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra Əliyev Fazil Mahmud oğlu ilə İddiaçı QSC arasında 04 sentyabr 2020-ci il tarixdə bağlanmış razılaşmaya əsasən ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, borcalan isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. X12 Mahmud oğlu 28 oktyabr 2020-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi kimi Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğini Əliyev Fazil Mahmud oğlunun vərəsəsi olan Cavabdeh1 tələb etməkdə haqlıdır. İddiaçı iddia tələbində cavabdehlərdən 16327 manat 57 qəpik əsas borc və 2226 manat 67 qəpik faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun 1631 manat 78 qəpik təşkil etməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 4160 manat 24 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cəriməl azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, kredit razılaşması üzrə yaranmış 16327 manat 57 qəpik əsas borc, 1631 manat 78 qəpik faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 18459 manat 35 qəpik məbləğində borc cavabdehlər Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində olan 0.0154 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyri-yaşayış binasına yönəldiməli, həmin torpaq sahəsi və qeyri-yaşayış binası açıq hərracdan satılmalı və əmlakın ilkin satış qiyməti 56000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılmalı və qeyri-yaşayış binası boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Tovuz 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci, 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı da cavabdehlər Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 145 manat 38 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci də cavabdehlər Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Fazil Mahmud oğlu arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 016R********** saylı kredit razılaşması üzrə 16327 manat 57 qəpik əsas borcu, 1631 manat 78 qəpik faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 18459 (on səkkiz min dörd yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik kredit borcu, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində olan 0.0154 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 100.5 m² ümumi sahədən ibarət 24B №-li qeyri-yaşayış binasına yönəldilsin. Həmin torpaq sahəsi və qeyri-yaşayış binası açıq hərracdan satılsın və əmlakın ilkin satış qiyməti 56000 (əlli altı min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin torpaq sahəsi və qeyri-yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılsın və qeyri-yaşayış binası boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 tutularaq "xxxx" MMCnin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. Cavabdehlər Cavabdeh1 (miras əmlak həddində) və Cavabdeh2 145 (bir yüz qırx beş) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar