Məhkəmə qərarları › İş №e-2-2(115)-200/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-200/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-200/2025 06.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 7 mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 18726,78 (on səkkiz min yeddi yüz iyirmi altı manat yetmiş səkkiz qəpik) manat, faiz borcuna görə 1198,55 (bir min bir yüz doxsan səkkiz manat əlli beş qəpik) manat, dəbbə borcuna görə 171 (bir yüz yetmiş bir manat) manat, cəmi 20096,33 (iyirmi min doxsan altı manat otuz üç qəpik) manat məbləğində pulun və 151 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 7 mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsinə əsasən illik 19 % (on doqquz) faiz dərəcəsi olmaqla 36 (otuz alti) aymüddətinə 30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 7 mart 2023-cü il tarixdə İddiaçı ASC-nin Səbail filialı ilə digər Cavabdeh2 və 11 sentyabr 2023-cü il tarixdə İddiaçı ASC-nin Səbail filialı ilə digər Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 7 mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 7 mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 7 mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7dən gec olmayaraq hər ay 1099,69 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 7 mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 18726,78 manat, faiz borcuna görə 1198,55 manat, dəbbə borcuna görə 171 manat, borcun cəmi məbləği 20096,33 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş planı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 7 mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsinə əsasən illik 19% (on doqquz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 7 Mart 2023-cü il tarixli, RBSB-6861 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 18726,78 manat, faiz borcuna görə 1198,55 manat, dəbbə borcuna görə 171 manat olmaqla, cəmi 20096,33 manat borcu olduğu göstərilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 əsas borca görə 18726,78 manat, faiz borcuna görə 1198,55 manat borcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlik müqavilələri üzrə zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüklərindən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də həmin borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin 171 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırılmaq üçün 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən 151 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 151 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18726,78 manat, faiz borcuna görə 1198,55 manat, dəbbə borcuna görə 171 manat olmaqla, cəmi 20096,33 manat məbləğində pul və 151 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18726,78 manat, faiz borcuna görə 1198,55 manat, dəbbə borcuna görə 171 manat olmaqla, cəmi 20096,33 manat məbləğində pul və 151 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar