Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2000/2025 14.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 14361 manat 70 qəpik borcun (abonent kodu:801213) və 133 manat 09 qəpik dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 tərəfindən cavabdeh "xxxx" ASC (abonent kodu: 801213) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvanda normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh qeyri əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 14361 manat 70 qəpik borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçının iddiası əsasız olmaqla yanaşı, hazırki iddianı qaldırmaq üçün müəyyən olunmuş 3 illik iddia müddətini belə ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Odur ki,yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı” PHŞ iddiasına iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 01 oktyabr 2012-ci il tarixdə Cavabdeh ASC ilə müqavilə bağlanaraq, cavabdehə abonent kodu verilmişdir. Müqaviləni "xxxx" Açıq Səhmdar Cəmiyyəti X9 SC bağlamışdır, lakin artıq bu qurum ləğv edilib. Cavabdehə 2016-cı il tarixə qədər verilən suyun sərfiyyatı ödənilmişdir. Lakin cavabdeh tərəfindən 2017-ci il tarixdən bu günə qədər sudan istifadəyə görə sərfiyyat borcu ödənilməmişdir. Bunun nəticəsi olaraq Cavabdeh ASC-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 14761 manat 70 qəpik məbləğində borcu yaranmışdır. Həmin borc su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcdur. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə bildiriş, xəbərdarlıq göndərilmişdir. Lakin buna baxmayaraq borc ödənilməmişdir. Məhkəməyə müraciət edildikdən sonra da borcdan heç bir ödəniş edilməmişdir. Müəssisənin su təchizatı dayandırılmamışdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 4 ay bundan qabaq satılıb, müəssisənin sahibi dəyişib. Keçmiş sahib onlara borcla bağlı hər hansı məlumat verməyib, onları aldadıb. İddia müddətinin tətbiqi ilə bağlı təqdim etdikləri ərizənin nəzərə alınmasını xahiş etdi. Vaxtaşırı icra edilməli öhdəliklər üzrə iddia müddətinin tətbiqi 3 il olduğundan son üç ilin tələbi 5740 manat təşkil edir. Həmin borcu qəbul edirlər və ödəyəcəklər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti X9 SC ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2012-ci il tarixli 801213 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqaviləsindən görünür ki, müəssisə-"xxxx" Açıq Səhmdar Cəmiyyəti X9 SC istehlakçının tələbatına uyğun məişət(təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir, istehlakçı-Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq edilmiş tariflərlə müəssisə tərəfindən göstərilmiş su və tullantı sularının axıdılması xidmətlərinə görə ona təqdim edilmiş bildirişə əsasən yaranmış borcunu 10 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 01 oktyabr 2012-ci il tarixdən qüvvəyə minir və onun qüvvədə olma müddəti 3 il müəyyən edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təsəbbüs göstərməzsə, bu Müqavilənin müddəti növbəti 3 il üçün uzadılmış hesab olunur. İş materiallarında olan abonenet haqqında məlumatlardan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2012-ci il tarixə 0 manat 10 qəpik, xx.xx.2013-cü il tarixə 21 manat 40 qəpik, xx.xx.2014-cü il tarixə 21 manat 40 qəpik, xx.xx.2015-ci il tarixə 636 manat, xx.xx.2016-cı il tarixə 1439 manat 70 qəpik, xx.xx.2017-ci il tarixə 1518 manat, xx.xx.2018-ci il tarixə 828 manat, xx.xx.2019-cu il tarixə 1110 manat, xx.xx.2020-ci il tarixə 1568 manat, xx.xx.2021-ci il tarixə 1502 manat, xx.xx.2022-ci il tarixə 1658 manat, xx.xx.2023-cü il tarixə 1688 manat, xx.xx.2024-cü il tarixə 1692 manat, xx.xx.2025-ci il tarixə 1272 manat borc hesablanmışdır. Həmçinin abonent haqqında məlumatlardan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sonuncu ödəniş 2016-cı il tarixdə olmuş, 2017-ci il tarixdən heç bir ödəniş edilməmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023- cü il tarixli Fərmanına əsasən Azərbaycan Dövlət Su X1 təsdiq edilmiş və həmin Agentliyin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” Xidməti yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən istehlakçı bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İşin faktiki hallarından görünür ki, iddiaçı 2017-ci il tarixdən 2025-ci il tarixədək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcu tələb etmişdir. Lakin qanunvericliyin də tələbindən göründüyü kimi istehlakçının su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu hər ay ödəməli olduğu nəzərdə tutulduğundan həmin öhdəliklər vaxtaşırı icra edilməli olan öhdəliklərə aiddir və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edildiyindən hazırkı iddia tələbi üzrə iddiaçı son 3 il üzrə olan borcu tələb edə bilər. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia tələbi 2022-ci ilin avqust ayından məhkəməyə müraciət etdiyi vaxta qədər olan olan borcun, yəni 5740 manatın (2022-ci il tarixə 1088 manat, 2023-cü il tarixə 1688 manat, 2024-cü il tarixə 1692 manat, 2025-ci il tarixə 1272 manat) cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5740 manat məbləğində borc və ödənilmiş 77 manat 40 qəpik dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 xeyrinə tutulmalıdır. İddia tələbinin qalan hissəsi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun 55 manat 69 qəpik hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5740 manat məbləğində borc və ödənilmiş 77 manat 40 qəpik dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçı «“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 xeyrinə tutulsun. İddia tələbinin qalan hissəsi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 55 manat 69 qəpik hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2000/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2000/2025
14.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver