Məhkəmə qərarları › İş №e-2-2(115)-202/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-202/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-202/2021 18.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X5 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənina binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında 25 iyul 2016-cı il tarixdə və 05 oktyabr 2016-cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələrin ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 7907,83 manat, faiz borca görə 62,28 manat, cərimə borca görə 918,16 manat, cəmi 8888.27 manat 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 10 165,38 manat, faiz borcuna görə 77,38 manat, cərimə borcuna görə 1958,65 manat olmaqla, cəmi 11 301,41 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22.04.2021-ci il tarixli iclasında iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək tərəflər arasında 25 iyul 2016-cı il tarixdə və 05 oktyabr 2016-cı il tarixlərdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələrin ləğv edilməsi, 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 7907,83 manat, faiz borcuna görə 4,90 manat, cərimə borcuna görə 4600 manat, cəmi 12 512,73 manat, 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 10 039 manat, faiz borca görə 3,89 manat, cərimə borca görə 5 000 manat, cəmi 15 043,09 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriiyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 iyul 2016-cı il tarixdə və 05 oktyabr 2016-ci il tarixdə “xidmətin vəsaitindən isrtifadə edilməsinin şərtləri haqqinda' müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçılar cavabdehin Azərbaycan Beynəlxalq Bank ASC-nin Qazax şəhər filialında olan bank hesabına 25 iyul 2016-ci il tarixli və 5 oktyabr 2016-ci il tarixli müqavilələrinin hər biri üzrə 50.000 manat pul keçirmişdir. 25 iyul 2016-cı il tarixli və 5 oktyabr 2016-ci il tarixli miiqavilələrinin 3.3-cii bəndində müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra cidmətə illik 2% hesablanması nəzərdə tutulmuşdur. Həmçinin müqavilələrin 3.4-cü bəndində kreditlərin müddətlərinin Qaydalara əsasən kreditlərin hədlərindən vs lahiyələrin məqsədlərindən asılı olaraq müəyyən edilməsi göstərilmişdir. Sonradan cavabdeh tərəflər arasında bağlanmış müqavilələr üzrə öhdəliklərini lazimınca icra etməyərək borcun ödənilməsini gecikdirmişdir. İddiaçının nümayəndəsi X4 əvvəlki məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək əsas borcu qəbul etdiyini, cərimələrin isə əsassız olduğunu heablama zamanı monların maddi durumunun nəzərə iddia tələbini qəbul etmədiyi bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 05 oktyabr 2016-cı il tarixli və 25 iyul 2016-cı il tarixli müqavilələrin surətindən görünür ki, müqavilələrin əsasını X5 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsini nəzərdə tutur. 26 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, cavabdeh yaranmış tələblə bağlı xəbərdar olunmuşdur. 22 aprel 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə7907,83 manat, faiz borcuna görə 4,90 manat, cərimə borcuna görə 4600 manat, cəmi 12 512,73 manat, 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 10 039 manat, faiz borca görə 3,89 manat, cərimə borca görə 5 000 manat, cəmi 15 043,09 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində 25.07.2016-cı il tarixli müqavilə üzrə maliyyə arayışının verildiyi 22.04.2021-ci il tarixə cərimə məbləği 2222,95 manat, 05.10.2016-cı il tarixli müqavilə üzrə isə 2735,93 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında 25 iyul 2016-cı il tarixdə və 05 oktyabr 2016-ci il tarixdə “xidmətin vəsaitindən isrtifadə edilməsinin şərtləri haqqinda' müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçılar cavabdehin Azərbaycan Beynəlxalq Bank ASC-nin Qazax şəhər filialında olan bank hesabına 25 iyul 2016-ci il tarixli və 5 oktyabr 2016-ci il tarixli müqavilələrinin hər biri üzrə 50.000 manat pul keçirmişdir, lakin cavabdeh təşkilat üzərinə götürdüyü müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya-yəni dəbbə pulunun ekspert rəyinə əsasən 25 iyul 2016-cı il tarixli müqavilə üzrə 2222,95 manat, 25 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 2735,93 manat məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, müvafiq olaraq 200 manat və 250 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının X5 yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 iyul 2016-cı il tarixdə və 05 oktyabr 2016-cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr ləğv edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 7907,83 manat, faiz borca görə 62,28 manat, cərimə borca görə 200 manat, cəmi 8112,73 manat, 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 10 039,20 manat, faiz borcuna görə 3,89 manat, cərimə borcuna görə 250 manat olmaqla, cəmi 10 293,09 manat tutularaq Azərbaycan Respublikasının X5 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının X5 yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 iyul 2016-cı il və 05 oktyabr 2016-cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr ləğv edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 7907,83 manat, faiz borca görə 62,28 manat, cərimə borca görə 200 manat, cəmi 8112,73 manat, 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 10 039,20 manat, faiz borcuna görə 3,89 manat, cərimə borcuna görə 250 manat olmaqla, cəmi 10 293,09 manat tutularaq Azərbaycan Respublikasının X5 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar